Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-117/2025 28.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “**-DG-***” d.q.n. “Nissan Sunny minik” markalı nəqliyyat vasitəsinə 7843 manat zərərin, eləcə də hüquqi xidmətə görə ödənilmiş 300 manat haqqın, habelə 101,43 dövlət rüsumu əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “**-DG-***” d.q.n. “Nissan Sunny minik” markalı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Yolnəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal rayonu, Yasamal rayon parkı (keçmiş Qəzənfər Musabəyov parkı) yaxınlığında sürücü Cavabdeh təqsiri səbəbindən baş vermişdir. Sığorta hadisəsi araşdırılmış və qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş defekt aktından görünür ki, 12843 manat təmir xərci müəyyən edilmişdir. Həmin məbləğin 5000 manat hissəsi sığorta ödənişi ilə əhatə olunduğuna görə yerdə qalan 7843 manat zərər, eləcə də hüquqi xidmətə görə ödənilmiş 300 manat pul, habelə 101,43 dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin təqsiri inzibati xəta haqqında protokol və inzibati tənbehin tətbiq edilməsi haqqında qərarla təsdiq olunmuşdur. Həmin qərarın əldə olunması üçün mübafiq qurumlara vəkil sorğusu göndərilmişdir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddia ərizəsində göstərilən qiymət şişirdilib. Maşın lizinqdədir, etibarnamə ilə ona verilib. Maşını lizinqə təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında götürmüşdür. Qarşı tərəfin sığortası maşına dəymiş zərəri 6200 manat məbləğində dəyərləndirdi. “Paşa Sığorta” qarşı tərəfin sığortasına 5000 manat pul ödəyib. Həmin hadisə baş verdikdən sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. “Nurgun Motors” tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Nissan Sunny” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpası üçün təmir xərci 12843 manat təşkil edir.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Nissan Sunny minik” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
8. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilir ki, Cavabdeh həmin tarixdə “Ford Edge minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
9. 08.05.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir.
10. “X1 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDQM № 004-003/2025 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, “Nissan Sunny” markalı, **-DG-*** minik markalı, 2021-ci il buraxılışlı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir bərpa işləri üzrə 3050 manat və əvəzolunmalı ehtiyat hissələrinin cəmi 7115 manat olmaqla, ümumilikdə 10165 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində xidmət haqqı iş üzrə İddiaçı tərəfindən “X1 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir.
11. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
17. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir.
20. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir.
21. Bundan başqa cavabdeh tərəfindən "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli zərərin hesablanması aktına əsasən “Nissan Sunny” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər ümumilikdə 6190 manat təşkil etməsi ilə bağlı akt tərtib olunmuşdur. Cavabdeh həmin akt əsasında zərərin 6190 manat məbləğində təşkil etdiyini bildirmişdir.
22. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş həmin sübutu mötəbər hesab etmir. Belə ki, həmin aktdan hadisənin baş vermə tarixi qeyd edilməmiş, həmçinin məhkəmənin rəsmi müraciətinə əsasən "xxxx" ASC xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yasamal rayon parkı (keçmiş Qəzənfər Musabəyov parkı) yaxınlığından baş vermiş sığorta hadisəsi və sığorta ödənişinin həyata keçirilməsi məqsədilə “ Nurgün Motors” tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktını məhkəməyə təqdim etmişdir.
23. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində “Nissan Sunny” markalı, **-DG-*** minik markalı, 2021-ci il buraxılışlı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir bərpa işləri üzrə 3050 manat və əvəzolunmalı ehtiyat hissələrinin cəmi 7115 manat olmaqla, ümumilikdə 10165 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyindəki qiyməti, yəni 10165 manatı əsas götürülməsi daha məqsədəmüvafiq hesab edir.
24. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 10165 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını, 5000 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC tərəfindən İddiaçı ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 5165 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə 421 manat məbləğində pul ödənilmişdir.
29. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 71 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə İddiaçı özünə aid edilməlidir.
31. Həmçinin iddia qismən təmin edildiyindən və keçirilmiş ekspertiza xərci iddiaçı tərəfindən “X1 Mərkəzi” MMC-nin hesabına köçürüldüyündən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 200 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
V Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5165 (beş min yüz altmış beş) manat məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul, aparılmış ekspertiza tədqiqatı ilə bağlı ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci və 71 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5736 (beş min yeddi yüz otuz altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil