Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1176/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.01.2016-cı il tarixli, 2(004)-437/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahdan olmuş 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancınını və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 01.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016-cı il tarixli, 2(103)-3119/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahdan olmuş 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan olan 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızının iddiaçının yanında qalması, 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmir. Hazırda cavabdehin aliment üzrə 3087 manat borcu vardır. Uşaqlar böyüdükcə onların tələbatı da artmaqda davam edir. Uşaqların həm maddi həm mənəvi tələbatlarını bütünlüklə iddiaçı qarşılayır, cavabdeh isə heç bir maddi köməklik etmir, bir valideyn kimi vəzifələrini icra etmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilmişdir, cavabdehin nümayəndəsi və vəkili elektron qaydada ərizə göndərərək başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, ərizəsinə buna dair sübut əlavə etməmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016-cı il tarixli, 2(103)-3119/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səadət sarayında bağlanmış 21.01.2006-cı il tarixli nikah pozulmuş, birgə nikahdan olan 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızının anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışa əsasən Cavabdeh “xxxx” MMCdə şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3866 manat təşkil edir. Məhkəmə iddiaçının rəsmi iş yeri və müntəzəm gəlirinin olmasını və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızının saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X2 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 05.05.2016-cı il tarixli, 2(103)-3119/2016 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 29.04.2014-cü il təvəllüdlü X3 və 01.11.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1176/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1176/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver