Məhkəmə qərarları › İş №e-2(004)-1204/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1204/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1204/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən 8534,51 manat əsas, 203,07 manat faiz, 398,64 manat dəbbə pulu olmaqla, cəmi 9136,22 manat pulun və ödənilmiş 111,37 (yüz on bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən 6884,51 (altı min səkkiz yüz səksən dörd manat əlli bir qəpik) manat əsas, 370,69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz, 942,70 (doqquz yüz qırx iki manat yetmiş qəpik) manat dəbbə pulu olmaqla, cəmi 8197,90 (səkkiz min yüz doxsan yeddi manat doxsan qəpik) manat pulun və ödənilmiş 111,37 (yüz on bir manat otuz yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən 8534,51 manat əsas, 203,07 manat faiz, 398,64 manat dəbbə pulu olmaqla, cəmi 9136,22 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə dəbbə pulunun həcmi ilə bağlı qeyd edir ki, dəbbə pulunun 942,70 manat deyil, 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Belə ki, cavabdeh müqavilə öhdəlikləri üzrə yalnız 1 ay gecikdirmə etmiş, gecikdirmənin səbəbi isə hərbi qulluqçu olmuş Cavabdeh iş yerindən pensiyaya çıxması və pensiya kartının gec hazıranaraq ona təhvil verilməsi olmuşdur. Beləliklə, cavabdehin hər hansı təqsiri, qərəzli hərəkəti olmamışdır, gecikdirilməyə səbəb üzrlü hal çıxış etmişdir. Cavabdeh cəmi 1 aylıq ödənişi bir neçə gün gecikdirmə ilə etmiş, ondan sonra və hazırda mütəmadi olaraq müqavilə öhdəliyi üzrə ödənişlərini həyata keçirir. Nəticə etibarilə, dəbbə pulunun 300 manatdan yuxarı müəyyən olunması cavabdeh nöqteyi-nəzərdən, 300 manatdan az müəyyən olunması isə iddiaçı nöqteyi-nəzərdən məqsədə müvafiq hesab olunmur. Nəticə etibarilə, MM-in 462, 467, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin təmin təmin olunması əsası ilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən əhəmiyyəti yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 15% dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin "xxxx" ASC-yə əsasən 6884,51 (altı min səkkiz yüz səksən dörd manat əlli bir qəpik) manat əsas, 370,69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə pulu olmaqla, cəmi 7555,2 (yeddi min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 111,37 (yüz on bir manat otuz yeddi qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il tarixli MFNPU-07346 nömrəli kredit müqaviləsi ləğv edilməklə iddia tələbi təmin edilməli, 6884,51 (altı min səkkiz yüz səksən dörd manat əlli bir qəpik) manat əsas, 370,69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 7555,2 (yeddi min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul və ödənilmiş 111,37 (yüz on bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" ASCilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MFNPU- 07346 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6884,51 (altı min səkkiz yüz səksən dörd manat əlli bir qəpik) manat əsas, 370,69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə pulu olmaqla, cəmi 7555,2 (yeddi min beş yüz əlli beş manat iyirmi qəpik) manat pul və ödənilmiş 111,37 (yüz on bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar