Məhkəmə qərarları › İş №e-2(004)-1209/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1209/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1209/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin 3617 (üç min altı yüz on yeddi) manat hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumunun "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində X7 etibarnamə ilə idarə etdiyi Opel Astra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektində körpünün üstü ilə hərəkət edərkən qarşısında hərəkət edən Hyundai markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsindən yüngül toqquşmuş, həmin vaxt arxadan hərəkətdə olan DAF FTXF 105 YÜK markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Opel Astra markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur. Bundan sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər. Bununla da DAF FTXE 105 markalı ** OU *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh1 Sirsadıx oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı, barəsində Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı X8 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2682)2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarəetmə hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılmışdır. BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 110274/2023 saylı məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından məlum olur ki, DAF FTXF 105 YÜK markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh3dur və Cavabdeh1 etibarnamə əsasında həmin avtomobili idarə etmişdir. Xalq Sığortanın 14 avqust 2023-cü il tarixli xx/xx-1397 nömrəli məktuba əlavə edilmiş yekun qüsur aktına əsasən, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə 3450 manat və arxa hissəsinə 3050 manat məbləğində, ümumilikdə isə İddiaçı məxsus “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə 6500 AZN məbləğində ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Xalq Sığorta tərəfindən PXA137219 nömrəli sığorta aktı tərtib olunmuşdur. Xalq Sığorta tərəfindən AR “İcbari Sığorta Haqqında Qanunun” 58.3-2-ci maddəsinə əsasən, dəymiş ziyanın məbləği hesablanmışdır. Belə ki,“Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.” Buna görə də, təqsirin dərəcəsinə uyğun olaraq avtomobilin ön hissəsinə dəymiş zərər 50% nisbətində 1725 manat, arxa hissəsinə dəymiş zərər 100% nisbətində 3050 manat məbləğində olmaqla ümumilikdə 4775 manat hesablanmışdır. Yol qəzası nəticəsində iki avtomobil ziyan çəkdiyindən Xalq Sığorta tərəfindən İddiaçı 2883 AZN ödəniş edilmiş, sığorta limiti (5000 manat) ilə İddiaçı ödənilmiş məbləğ arasındakı fərq digər zərərçəkmişə ödənilmişdir. Beləliklə İddiaçı məxsus “Opel Astra” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə 6500 AZN məbləğində ziyan dəymiş, həmin məbləğin 2883 manatı Xalq sığorta tərəfindən qarşılanmış qalıq 3617 manat ziyan məbləğinin ödənilməsi isə təmin edilməmişdir. Odur ki, məhkəmədə iddia qaldıraraq cavabdehlərdən həmin pulun tutulmasını tələb etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı onlara aid olan hissədə qəbul etmir. Belə ki, tərəflərindən hadisə nəticəsində fiziki şəxsə dəymiş zərərə görə, “Opel Astra” markalı avtomobilə dəymiş zərərə görə və “Hyundai” markalı avtomobilə dəymiş zərərə görə ödəniş edilmişdir. 5000 manat öhdəlikləri olub və həmin məbləğ də ödənilib. Hadisənin səbəbkarı “Opel Astra” markalı avtomobilin sürücüsü olmuşdur. Odur ki, iddianın "xxxx" ASC-yə qarşı hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. “Opel Astra” markalı avtomobil və “Hyundai” markalı avtomobil ondan əvvəl yol-nəqliyyat hadisəsi törətmişdilər. “Opel Astra” markalı avtomobili vuranda onlar mübahisə edirdilər. Avtomobillərin sahibləri arasında məbləğlə bağlı mübahisə cuzi miqdarda olmamışdı. Həmin avtomobillər arasında olan hadisə nəticəsində dəymiş ziyan araşdırılmamışdır. Həmçinin qüsur aktında “Opel Astra” markalı avtomobilə dəymiş ziyanın məbləği yüksək hesablanmışdır. Odur ki, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, hadisə törətdiyi vaxt Cavabdeh3 yanında işləmişdir. Etibarnamə ilə Cavabdeh3 mülkiyyətində olan avtomobili idarə edirdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında iddia tələbi ilə razı olmadığını bildirərək, ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə cavabdehlərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2110274/20 saylı məktubuna əlavə olunmuş kompyuter çıxarışından görünür ki, “Daf FTXF 105 Yük” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Sonuncu dəfə **-OU-*** dövlət qeydiyyat nişanı ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 həmin nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir, etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə 19:50 radələrində Stimul Hospitaldan tibb bacısı Mehdiyeva bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Koroğlu körpüsünün üzərində YNH-si olması nəticəsində, 1975-ci il təvəllüdlü X1 baldır və dirsək nahiyəsinin əziyi və arvadı X5 xəsarət almasını bildirmişdir. 08 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X2 yolnəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü X6 barəsində Bakı şəhəri DYPİ YNH inspektoru polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli XP ******* nömrəli inzibati xəta haqqında və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılması, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, DAF FTXE 105 markalı ** OU *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Bakı şəhəri DYPİ YNH inspektoru polis kapitanı X11 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş protokol və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilməsi, Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi, Material saxlanılması üçün Sabunçu RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, özünə məxsus olan Hyundai markalı dövlət qeydiyyat nişanı **-HV-*** olan avtomobil ilə Bakı şəhəri, H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edərək H.Əliyev prospektində yerləşən Olimpia stadionunu keçdikdən sonra o, Q.Qarayev prospektinə getmək üçün H.Əliyev prospektindən yol ötürücüsünün üstünə qalxaraq Q.Qarayev prospekti istiqamətində hərəkətini davam etdirən zaman qarşıda tıxac olduğunu görərək o, idarə etdiyi avtomobilinin sürətini azaldaraq sağ zolaqda dayanmış avtomobillərin arxasında avtomobili saxladığını, bu zaman arxadan gələn Opel markalı dövlət qeydiyyat nişanı **-UC-*** olan avtomobil idarə etdiyi avtomobilin arxa hissəsindən toqquşduğunu, o avtomobildən düşərək avtomobilin arxa hissəsinə nəzər salan zaman avtomobilin arxa bamperinin yüngül zədələndiyini gördüyünü o, həmin sürücüyə öz aralarında razılığa gəlməyi təklif etdiyini, lakin Opel markalı avtomobilin sürücüsü ona imkanı olmadığını bildirərək sığorta şirkətinə müraciət edəcəyini bildirmiş, yol bağlandığı üçün o, idarə etdiyi aytomobilə əyləşərək avtomobilini yolun tam sağ hissəsinə çəkmək üçün hərəkətə başlayaraq təxminən 4- 5 metr qarşıda avtomobili saxlayaraq avtomobildən düşərək Opel markalı avtomobilin yanına gedərək avtomobilə sağ tərəfdən qabaq oturacaqda əyləşdiyini, bu zaman arxadan gələn "DAF markalı yük avtomobili Opel markalı avtomobillə toqquşduğunu, zərbənin təsirindən Opel markalı avtomobil qarşıya gedərək onun avtomobilinin arxa hissəsindən toqquşaraq dayandıdığını, bundan sonra DYPŞ-nin əməkdaşlarının hadisə yerinə gələrək hadisəni rəsmiləşdiklərini bildirmişdir.Hadisədən təxminən 3-4 gün sonra onun və həyat yoldaşı Məhbubə Əliyevanın baş boyun hissəsindən ağrılar olduğu üçün onlar Stimul hospitalına müraciət etdiklərini və orada həkimlərin onları müayinə etdiklərini və onlara müxtəlif xəsarət aldıqlarını bildirmişlər. X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, həyat yoldaşı Məhəmmədə məxsus olan Hyundai markalı dövlət qeydiyyat nişanı **-HV- *** olan avtomobildə arxa sol tərəfdə əyləşmişdi. Həyat yoldaşı Məhəmməd avtomobil ilə Bakı şəhəri, H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edərək H.Əliyev prospektində yerləşən Olimpia stadionunu keçdikdən sonra Q.Qarayev prospektinə getmək üçün H.Əliyev prospektindən yol ötürücüsünün üstünə qalxaraq Q.Qarayev prospekti istiqamətində hərəkətini davam etdirən zaman qarşıda tıxac olduğu üçün Məhəmməd avtomobili saxlamışdır, bu zaman arxadan gələn avtomobil onların avtomobilin arxa hissəsindən toqquşmuşdur. Bundan sonra Məhəmməd avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçmiş, bir neçə dəqiqədən sonra avtomobilə qayıdaraq avtomobili sürərək yolun sağ kənarında saxlayaraq yenidən avtomobildən düşərək onların avtomobili arxadan vuran avtomobilin sürücüsünün yanına getmişdir.Bu zaman arxadan gələn yük avtomobili Opel markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən Opel markalı avtomobil qarşıya gedərək onların avtomobilin arxa hissəsindən toqquşaraq dayanmışdır.Bundan sonra DYPŞ-nin əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər. Hadisədən təxminən 3-4 gün sonra onun baş və boyun nahiyəsində, həmçinin həyat yoldaşı Məhəmmədin isə sol ayaq və sağ qol nahiyəsində ağrılar olduğu üçün onları Stimul hospitalına müraciət etmişlər və orada həkimlər onları müayinə etmişlər və müxtəlif xəsarət aldıqlarını bildirmişlər.Hadisə zamanı avtomobildə ondan başqa sərnişin olmamışdır. Araşdırma zamanı Cavabdeh1 Mirsadix oğlu izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat təxminən 18:30 radələrində o, yol vərəqəsi ilə idarə etdiyi DAF markalı dövlət qeydiyyat nişanı **-OU-*** olan yük avtomobili ilə Bakı şəhəri, H.Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edərək H.Əliyev prospektində yerləşən Olimpia Stadionunu keçdikdən sonra o, Q.Qarayev prospektinə getmək üçün H.Əliyev prospektindən yol ötürücüsünün üstünə qalxaraq Q.Qarayev prospekti istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətini davam etdiran zaman qarşıda yolun sağında nəqliyyat vasitələrinin dayandığını görərək o, dərhal idarə etdiyi avtomobilin əyləcini basmış, buna baxmayaraq məsafə az olduğundan idarə etdiyi yük avtomobilinin qabaq hissəsi yolun hərəkət hissəsində dayanmış Opel markalı avtomobilin arxa hissəsindən toqquşduğunu, zərbənin təsirindən Opel markali avtomobil qarşıya gedərək qarşıda dayanmış Hyundai markalı avtomobillə toqquşduğunu bildirmişdir.Bundan sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları gələrək hadisəni rəsmiləşdiklərini o, sonradan həmin şəxs xəsarət aldığını bildirərək Nizami RPİ-na müraciət etdiyini bilmişdir. 18 may 2023-cü il tarixli inzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, Seyidov X3 qəsəbəsi, H.Əliyev p-ti üzü Q.Qarayev p-ti körpünün üzərində olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısında toqquşmadan sonra dayanmış vəziyyətdə olan Opel Astra markalı, ** UC *** nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən o da qarşısında dayanmış Hyundai Avante markalı, **- HV-*** nişanlı avtomobilin arxasına təkrarən çırpılmışdır. Sonuncu avtomobilin sürücüsü X4 yüngül bədən xəsarəti almışdır. Hər üç avtomobilə maddi zərər yetirilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)- 2682/2023 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 9 ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1801/2023 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 9 ay müddətə məhdudlaşdırılmasına dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2682/2023 saylı qərarı dəyişilməsi və Cavabdeh1 təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququnun 9 ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbiri 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İnvidual Services tərəfindən tərtib edilmiş Yekun Qüsur aktına əsasən “Opel Astra” markalı, ** UC ***, dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsinə dəymiş ziyan üçün cəmi məbləğ 3450 manat, avtomobilin arxa hissəsinə dəymiş ziyan üçün cəmi məbləğ 3050 manat təşkil edir. İnvidual Services tərəfindən tərtib edilmiş Yekun Qüsur aktına əsasən “Hyundai Avante” markalı, ** HV ***, dövlət qeydiyyat nişanlı avtomobilin hissəsinə dəymiş ziyan üçün cəmi məbləğ 7000 manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən 2885,20 manat məbləğində sığorta ödənişini almaq üçün ********** nömrəli plastik kart ve ŞEN zərflər İddiaçı təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2024-cü il tarixli 9/2381 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan “İnvidual Services” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə almaqla 1999-cu il buraxılışlı “Opel Astra” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 5170 manat məbləğində olduğu müəyyən edilir. “Azemis” Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh3 vergi ödəyicisidir, fəaliyyət istiqaməti “heyvanların daşınması”dır. Cavabdeh1 əmək müqaviləsi ilə Cavabdeh3 yanında “sürücü, avtosistern” vəzifəsində işləyir, əmək haqqısı 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq miş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin Qanunun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində X7 etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektində körpünün üstü ilə hərəkət edərkən qarşısında hərəkət edən Hyundai markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsindən toqquşmuş, həmin vaxt Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi DAF FTXF 105 YÜK markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Opel Astra markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur. X14 markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hyundai markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomonilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnvidual Services tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən “Opel Astra” markalı, ** UC ***, dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsinə dəymiş ziyanın cəmi məbləği 3450 manat, avtomobilin arxa hissəsinə dəymiş ziyanın cəmi məbləğ 3050 manat təşkil edir. Cavabdehin idarə etdiyi avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olduğundan, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə təqsirin dərəcəsinə uyğun olaraq İddiaçı 2885,20 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı ödənilməmiş 3617 manat zərərin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdehlər iddiaya etiraz edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən İddiaçı məxsus avtomobilin ön hissəsinə dəymiş zərər 50% nisbətdə, arxa hissəsinə dəymiş zərərə görə isə 100% nisbətdə hesablanmış, qəza nəticəsində iki avtomobil ziyan çəkdiyindən sığorta şirkəti tərəfindən İddiaçı 2885,20 manat məbləğində sığorta ödənişi edilmişdir. Odur ki, iddia tələbi "xxxx" ASC-yə dair hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 Cavabdeh3 yanında işləməsi müəyyən olunmuşdur. Cavabdeh1 tərəfindən dəymiş ziyanın məbləği mübahisələndirildiyindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyinə əsasən “Opel Astra” minik markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 5170 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 02 may 2024-cü il tarixli ekspert rəyi nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalan hissəsi - 2287 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2287 (iki min iki yüz səksən yeddi) manat məbləğində pul və 42,87 (qırx iki manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2287 (iki min iki yüz səksən yeddi) manat məbləğində pul və 42,87 (qırx iki manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar