Məhkəmə qərarları › İş №e-2(004)-121/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-121/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-121/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2555 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 2555 ABŞ dolları borcun və 65.08 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 may 2014-cü il tarixli, 22-M-1-0-796-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 26 %-lə 19 ay müddətinə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş və zaminlik müqaviləsi bağlamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(004)-13505/2016 saylı məhkəmə əmrinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5854.84 ABŞ dolları əsas borc, 4139.84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9994.68 ABŞ dolları məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) hesabına ödənilməsi qət edilmişdir. Hazırda 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin banka gecikdirilmiş vaxt üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 2555 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2555 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçır. Daha sonra Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı ASC-nin iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. İddia ərizəsində də qeyd etdikləri kimi Cavabdeh3 ilə 27 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 26%-lə 19 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra kredit ödənişlərində gecikmələr olduğuna görə məhkəməyə müraciət olunmuşdur. 29 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5854.84 ABŞ dolları əsas borc, 4139.84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9994.68 ABŞ dolları məbləğində kredit borcunun tutularaq banka ödənilməsi qət edilmişdir. Qətnamə ilə tutulmuş borcun ödənilməsində gecikmələr olduğuna görə 29 sentyabr 2016-cı il, yəni məhkəmə əmri çıxdığı tarixdən 30 iyun 2022-ci il, yəni hazırki iddianın məhkəməyə təqdim olunduğu tarixədək illik 5 faizlə hesablanmış 2555 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 2555 ABŞ dolları borcun və 65.08 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş edirlər. Hesabdan çıxarış materiallarından görünür ki, qətnamə çıxandan sonra kompensasiya ödənişi olub. Daha sonra 2021-ci ilin martında, dekabrında müvafiq ödənişlər olub. Bununla bağlı hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Cavabdeh3 15 dekabr 2021-ci il tarixdən bu günə kimi olan qalıq borcu 6858 ABŞ dolları təşkil edir. Onların iddianı verdikləri tarixə, yəni 30 iyun 2022-ci il tarixə şəxsin borcu 2555 ABŞ dollarıdır. Borc qətnamə qanuni qüvvəyə mindiyi tarixdən deyil, çıxdığı tarixdən hesablanıb. Qətnamənin nə vaxt qanuni qüvvəyə minməsi haqqında məlumatı yoxdur. Qətnamədən apellyasiya şikayəti verilməyib. Qətnamə çıxdığı vaxt artıq müqavilənin müddəti bitmişdi. 2016-cı ildən 2019-cu ilə kimi heç bir ödəniş olmayıb. Nə qədər ödəniş edilsə də, müddət keçdikcə 5% artır. 2021-ci ildə cəmi 6 gün ərzində ödəniş olub. 2021-ci ildən də 2022-ci il sentyabrın 5-nə kimi ödənişlər olmayıb. Ola bilsin ki, sentyabrın 5-dən 26-na kimi ödəniş olsun. Mütəmadi ödənişlər edilməyib. Əgər qarşı tərəf bildirirsə ki, ödənişlər edilib, bununla bağlı müvafiq qəbzləri təqdim etsin. İcra şöbələrində hal-hazırda vəziyyət yaxşı deyil, ona görə də icralarda problem yaranır. Onlar icra mərhələsində olan məsələlər ilə bağlı öz icra şöbələri vasitəsi ilə icra qurumuna müraciət etmiş və bildirmişlər ki, cavabın verilməsi uzun müddət aparacaq. Ona görə də heç bir məlumat ala bilməmişlər. İcra sənədi ərazi aidiyyəti üzrə icra olunması üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Buna görə də onlar həmin məlumatları ala bilmirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, qətnamə hal-hazırda icra olunur. Borcdan az-az da olsa mütəmadi olaraq ödənilir. Cavabdeh3 ilə Cavabdeh2 ər-arvaddırlar. Əmək haqqıdan tutma da tətbiq olunub, eyni zamanda digər qaydada da ödənişlər olunur. 2016-cı ildə məhkəmə qətnaməsi çıxanda cərimə və faiz borcu tutulmuşdu. Ona görə də hal-hazırda gəlib əlavə pul tələb etməkləri hesab edirlər ki, əsassızdır. Eyni zamanda iddia müddəti də ötmüşdür. Müqavilələrdən irəli gələn öhdəliklərdə iddia müddəti 3 ildir. Hər bir halda hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Cavabdeh borcunu ödəyir. Cavabdehlər bizneslə məşğul idi, devalvasiya olandan sonra iş bağlandı. Çox güman ki, kredit də biznes krediti olmuşdur. Aydın bəylə danışanda da ona demişdir ki, təxminən 2-3 gün öncə ödəniş etmişdir. Mütəmadi olaraq ödənişlər edilir. Məhkəmə əmri çıxandan sonra tərəfə bank tərəfindən zəng olunub və deyilib ki, sizin kredit borcunuzla bağlı məhkəmə qərarı çıxıb, həmin borcu ödəyin. Tərəf də hər ay mütəmadi ödənişlər etməyə başlayıb. Nə icra vərəqəsi, nə icraata başlama haqqında qərar yoxdur. Ona görə də bildirir ki, iddiaçı tərəfin tələbi əsassızdır. Tərəfin öhdəliyi yoxdur ki, icra etməməsi ilə bağlı iddia qaldırılır. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsinin də səbəbi onlara naməlumdur. Cavabdeh Yasamal rayonunda qeydiyyatdadır. Hesablama düzgün deyil. Vətəndaş hələ məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcu ödəyib qutara bilmir. Bununla bağlı tərəflər arasında güzəştli razılıq da olub. Bildirilmişdi ki, məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun ödənilməsi ilə tərəfin borcu yekunlaşacaq. Lakin indi yenidən iddia qaldırırlar. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Borcun qətnamə çıxdığı vaxtdan hesablandığı bildirilib, lakin icra vərəqəsi başqa vaxtdadır. Eyni zamanda orada güzəştlər təklif olunub. Lakin nəzərə alınmır. Xahiş edir ki, iddia tələbi rədd olunsun. İş materiallarında olan 27 may 2014-cü il tarixli, 22-M-1-0-796-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) illik 26 %-lə 19 ay müddətinə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş və zaminlik müqaviləsi bağlamışlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 13505/2016 saylı, xx.xx.2016-cı il tarixli Məhkəmə əmrinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kreditor Nikoyl İKB-nin xeyrinə 5854,84 ABŞ dolları məbləğində əsas borcun, 4139,84 ABŞ dolları məbləğində faiz borcun, cəmi 9994,68 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13505/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında Bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13505/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Nikoyl İKB-nin xeyrinə cəmi 9994,68 ABŞ dolları və 20 manat borcun tutularaq ödənilməsi, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, 27 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən onların banka əldən çıxmış fayda olaraq 2555 ABŞ dolları borclarının Banka ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmənin hesabına 65,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13505/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin Göygöl Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 9/4537 nömrəli ekspert rəyinə əsasən Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 24-MZ-1-0-760-19 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas borc məbləğinə 5 faizlə hesablandıqda Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə banka olan faiz borcu 1292,04 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, Məhkəmə-mühasibatlıq ekspertiza təqdiqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13505/2016 saylı, xx.xx.2016-cı il tarixli Məhkəmə əmrinə əsasən Cavabdeh3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 kreditor Nikoyl İKB-nin xeyrinə 5854,84 ABŞ dolları məbləğində əsas borcun, 4139,84 ABŞ dolları məbləğində faiz borcun, cəmi 9994,68 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr olunmuşdur. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2555 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 2555 ABŞ dolları borcun və 65.08 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 9/4537 nömrəli ekspert rəyi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1292,04 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, kredit borcu üzrə cavabdehlər tərəfindən 2021-ci ildə mütəmadi ödənişlər olub. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq - 65.08 manat məbləğində deyil 41,96 manat məbləğində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1292,04 (min iki yüz doxsan iki manat dörd qəpik) ABŞ dolları məbləğində pul vəsaiti və 41,96 (qırx bir manat doxsan altı qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar