Məhkəmə qərarları › İş №e-2(004)-1220/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1220/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1220/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 688,27 manat, faiz borcu üzrə 229,08 manat olmaqla, cəmi 917,35 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 AZN bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında BPM**********45 saylı müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6-ci bəndi ilə müəyyən edilmişdir ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Binəqədi filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 688.27 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2021-ci il tarixində hesabında 540.23 AZN məbləğ olmasına baxmayaraq 750 manat məxaric edərək hesabı 209.77 AZN mənfiyə salmışdır. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 688.27 AZN, faiz borcu üzrə 229.08 AZN borcu olmaqla cəmi 917.35 AZN borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022ci il tarixində 22-5773/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, o, iş adamıdır və onun kartına müxtəlif məbləğlərdə pullar göndərilir. O, kartı ilə bağlı banka yaxınlaşmış və kartın bağlanmasını xahiş etmişdir. Lakin bank əməkdaşları kartı bağlamamışdılar və bu da onların səhvidir. O, bankın pulunu istifadə etməyib, yalnız öz kartındakı pulu çəkib. Əgər o, günahkardırsa pulu ödəməyə hazırdır. Ona kartının mənfiyə düşdüyünü bildirirmişdilər, lakin bu bankın sisteminin səhvidir. Odur ki iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında BPM**********45 saylı xx.xx.2020-ci il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün müxtəlif valyutalarda kart hesabının açılması, ödəniş kartının dövriyyəyə buraxılması, ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması, nağdsız ödənişlərin aparılmasına görə bonusların (xalların) toplanması və toplanmış bonusların (xalların) Azercellin abunəçisi olan müştərinin mobil telefon nömrəsində istifadə üçün şəbəkədaxili danışıq vaxtına və ya mobil internet paketinə dəyişdirilməsi ilə bağlı, müştəri tərəfindən isə ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarının banka ödənilməsi ödhəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsi ilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatlar aparıldıqda texniki overdraft yaranır və texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəmək müştərinin vəzifəsidir. "xxxx" ASC-nin Binəqədi filialının xx.xx.2022-ci il tarixli, 407 saylı əsassız varlanmanı əks etdirən arayışının surətindən görünür ki, Cavabdeh Banka əsassız varlanmaya səbəb olan məbləğ üzrə 688,27 manat, hüquqi əsası olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış faiz borcu üzrə 229,08 manat olmaqla, ümumilikdə 917,35 manat borcu qalmaqdadır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 22-5773/2022 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılmasına dair xəbərdar edilmişdir. "xxxx" ASC-nin Binəqədi filialının xx.xx.2022-ci il tarixli hesabdan çıxarış vərəqəsindən görünür ki, müştəri Cavabdeh məxsus hesabdan (№ ********************) xx.xx.2021-ci il tarixdə 750 manat məbləğində pul məxaric olunmuş və balans mənfi 209,77 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Cavabdeh Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmış və istifadəsinə nağdsız ödənişlərin aparılması, nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. xx.xx.2022-ci il tarixinə borclunun “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləsi”nə əsasən yaranmış texniki overdraft üzrə 688.27 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Ona görə də, iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh "xxxx" ASCnin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 688,27 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, 229,08 manat hesablanmış faiz borcunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanması nəticəsində əldə etdiyi 688,27 (altı yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 718,67 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 688,27 (altı yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat pul, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 718,67 (yeddi yüz on səkkiz manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar