Məhkəmə qərarları › İş №e-2(004)-1240/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1240/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1240/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 və X4 cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla, ümumilikdə 120.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 494 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2020-ci ilin avqust ayından tanış olmuşlar. Bir müddət sonra onunla yaxşı münasibətləri yaranddıqdan sonra ailəvi toplaşıb görüşmüş, qohumluq əlaqələri yaranmış, tez-tez gəlib getmişlər. Cavabdehin ona göstərdiyi mehriban münasibət nəticəsində iddiaçı dost kimi qəbul etmişdir. Cavabdehlə aralarında borc müqaviləsi imzalanaraq xx.xx.2018-ci il tarixdə bir il müddətinə 55.000 (əlli beş min) ABŞ dolları və xx.xx.2019-cu il tarixdə bir il müddətinə 65.000 (altmış beş min) ABŞ dolları ümumilikdə 120.000 (bir yüz iyirmi min) ABŞ dolları borc vermişdir. xx.xx.2018-ci il tarixli borc müqaviləsinin son icra vaxtı xx.xx.2019-cu il tarixə, xx.xx.2019-cu il tarixli borc müqaviləsinin isə son icra vaxtı xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İcra müddəti başa çatmağına baxmayaraq cavabdeh borcu qaytarmamış və hətta cavabdehlə müxtəlif vaxrlarda görüşərək borcun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh hazıradəkborcun geri qaytarılmasından yayınmışdır. İşin halları ilə bağlı olaraq X5 və X4 məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və iddianın xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan müqavilə münasibətinə 3-cü şəxslərin aidiyyəti yoxdur. Onların arasında 2018-ci ilin fevral ayında borc müqaviləsi imzalanmışdır. Həmin borc müqaviləsinə görə cavabdehə 55 min dollar borc verilmişdir. Cavabdeh hazırda yalnız 2019-cu il tarixli müqavilədəki imzanın ona məxsus olmadığını mübahisələndirir. 55 min dollar məbləğində borcun verilməsi ilə bağlı müqavilə 1 illik müddətə bağlanmışdır. Bu məbləği cavabdeh əlbəəl təqdim etmişdir və bu ödənişin olduğunu qəbul edir. Lakin 10 min dollar ödənişlə bağlı sübut və qəbz yoxdur. 2019-cu il 28 fevralda cavabdehlə iddiaçı arasında digər borc müqaviləsi imzalanmışdır. Müqavilə əsasında cavabdehə 65 min dollar borc verilmişdir. Müqavilənin müddəti 2020-ci ilin fevral ayına qədər müəyyən edilmişdir. Cavabdeh 2018-ci il tarixli müqavilədəki imzanı mübahisələndirmir ki, bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim etmişdir. 2019-cu il tarixli müqavilədəki imzanı isə ona görə mübahisələndirir ki, həmin müqavilə üzrə iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Ekspertiza isə müəyyən etmişdir ki, hər 3 imza cavabdehə məxsusdur. İndi isə o bildirir ki, 2019-cu il tarixli müqavilədəki imza onun deyildir. Cavabdeh 2019-cu ilin müqaviləsini imzalamadığını bildirsə də, barışıq sazişini imzaladığını bildirir. Barışıq sazişində isə 2019-cu il müqaviləsindən bəhs edilir. Hər üç müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Fərqan adlı şəxsin isə bu işə heç bir aidiyyəti yoxdur. Müqavilə İddiaçı ilə Cavabdeh arasında imzalanmışdır. Müqavilənin iştirakçıları onlar olduğu üçün öhdəlikləri də onlar götürmüşdür. Digər şəxslər müqavilə tərəfi kimi qeyd edilməmişdir və üzərlərinə öhdəlik olaraq, hüquq və vəzifələr götürməmişlər. Barışıq sazişi o halda bağlanır ki, tərəflər arasında mübahisə olur. Barışıq sazişində 2019-cu il tarixli borc müqaviləsinə istinad edilir. 2018 və 2019-cu il tarixli müqavilələr qüvvədədir. 2018-ci il tarixli müqaviləsi ilə bağlı 2020-ci ilin noyabr ayında cavabdeh 10 min dollar ödəyərək iddia müddətinin axımı kəsilmişdir. Ona görə hesab edir ki, iddia müddəti tətbiq edilə bilməz. 65 min dollar borcla bağlı isə 3 min dollar məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənilmişdir. Bununla bağlı sübut olmasa da bunu qəbul edir. Suala cavab olaraq bildirir ki, İsayev Ceyhun ilə iddiaçı arasında hər hansı mübahisə və ya mübahisəni təsdiq edən hansısa sənəd və ya əqd yoxdur. İsayev Ceyhun cavabdehin işçisi olmuşdur və birlikdə işlədilərindən o bildirmişdir ki, cavabdeh ödəyə bilməsə köməklik kimi o ödəyəcəkdir. İddiaçı Cavabdeh pulunu istəyir. İsayev Ceyhun iddiaçının tanışıdır, heç nəyi deyildir. İsayev Ceyhunun məqsədi Cavabdeh onun müdiri olduğu üçün ona yaxşılıq etmək olmuşdur. Onlar 2018-ci il tarixli müqavilə üzrə iddia müddətinin keçməyini qəbul etmirlər. İddia tələbində 10 min manatın ödənilməsi isə nəzərindən qaçmışdır. İddiaçı da pulu cavabdehə qəbzlə deyil, borc müqaviləsi əsasında vermişdir. Barışıq sazişi imzalanarkən, 2018-ci il tarixli müqavilə ilə bağlı tərəflər arasında heç bir mübahisə olmamışdır. 2019-cu il müqaviləsi ilə bağlı isə cavabdeh bildirib ki, ona vaxt verilsin ki, hissə-hissə borcu ödəsin. Barışıq sazişinə imza atmaqla cavabdeh 2019-cu ilin də müqaviləsini imzalamış olduğunu bildirir. Hesab edir ki, əsassız vəsatətə görə cavabdeh cərimələnməlidir. Hazırda tələbi 2018 və 2019-cu il tarixli hər iki əqdlər üzrədir. 2018-ci il müqaviləsi üzrə 55 min dollardan 10 min dollar ödənilmiş və 45 min dollar borc qalmışdır. 2019-cu il müqaviləsi üzrə 65 min dollardan 3 min dollar ödənilmiş və 62 min dollar borc qalmışdır. 2018-ci il müqaviləsi üzrə 45 min dollar, 2019-cu il müqaviləsi üzrə 62 min dollar pulun, eyni zamanda 494 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərqan iddiaçının qohumu – kürəkənidir. Ümumiyyətlə imzalar ona məxsus deyildir və pul almamışdır. Fərqana pullar ödənilmişdir, amma Ələmdara ödənilməmişdir. Fərqana da pulu o yox, şirkət tərəfindən ödənilmişdir. O, Fərqandan da, Ələmdardan da pul almamışdır. Qarşı tərəf şirkətə pul ödədiyini iddia etsə də, bu doğru deyildir. Şirkətdə də 1500 şəxs işləmişdir. Borc müqaviləsi onun adından bağlansa da imzalar ona məxsus deyildir. Onun adını müqaviləyə yazaraq imzalamışlar. Şirkət "xxxx" MMC idi. O, həmin şirkətin təsisçisi və direktorudur. Qeyd olunan pullar rəsmi qaydada şirkətə ödənilməmişdir. Xüsusən 2019-cu il müqaviləsində olan imza onun imzası deyildir. Hətta özləri də bunu qəbul edirlər. 55 ilə 65-i toplayanda 120 edir. Belə olan halda iddiaçı necə ola bilər ki, 65 min manat ödəmək şərti ilə barışmaq istəyir? Fərqanın "xxxx" ASC-də olan hesabına 83 min dollar pul ödənilmişdir. İddiaçı pul verdiyini sübut edə bilmir. İlk dəfə verilən 55 min manata dair müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Ceyhun Fərqan ilə kirvədir. O, Ələmdarı görməmişdir. O, cəmi 1 dəfə 2018-ci ildə 55 min dollar pul almışdır, ödənişlər isə Fərqanın adına olmuşdur. Sonra Ələmdar məhkəməyə müraciət edərək bildirmişdir ki, Fərqanı tanımır, Fərqan ona pul verməmişdir. Barışıq sazişi bağlanarkən isə Ələmdar gəlməmişdir, Fərqan ilə Ceyhun gəlmişdir. Barışıq sazişini ona görə imzlamışdır ki, Fərqandan pulu alıb Ələmdara verəcəyini düşünmüşdür, bunu Ceyhuna da bildirmişdir. Barışıq sazişi bağlanarkən Fərqan, Ceyhun və o iştirak etmişlər. Barışıq sazişinin imzalanmasının səbəbi Ələmdarın Fərqanın pulu ona vermədiyini bildirməsi olmuşdur. Fərqana ödənilən pulların qəbzləri vardır. Onlar qarşı tərəfdən fərqli olaraq, ödənilən pulları göstərə bilirlər. O, Fərqanı məhkəməyə verərək, pulu Fərqandan alıb, onun qayınatası olan Ələmdara ödəyəcəkdir. 2019-cu il müqaviləsindən isə xəbəri yoxdur. Bu işi qanuniləşdirmək üçün bu müqaviləni tərtib etmişlər. Hər ay Fərqanın adına "xxxx" ASC-də olan hesabına pul ödənilmişdir. Suala cavab olaraq bildirir ki, 62 min dollar Fərqanın ona olan borcudur. Fərqana ödədəyi 83 min pulu alıb, 62 min pulu Ələmdara verəcəkdir. Fərqanın qayınatası Ələmdar isə bildirir ki, Fərqanı tanımır, Fərqan ona pul verməmişdir. Barışıq sazişini imzalamışdır. Barışıq sazişindən sonra ödəniş olmamışdır. Bundan sonra barışıq da pozulmuşdur. Müqavilə ona imzalı təqdim edilmişdir, o da digər tərəfi imzalamışdır. Bu müqavilə ona təzyiq xarakteri daşıyır. O, 62 min dollar hissədə iddianı qəbul etmir. O, pulun hamısını Fərqana ödəmişdir. Barışıq sazişini imza edərkən barışıq sazişinin mətnində 2019-cu il müqaviləsindən bəhs edilməsini oxumamışdır. 62 min dolları borcun hesablanması ilə bağlı bildirir ki, qarşı tərəf barışıq təklif etdiyi üçün razılaşmışdır. 6-7 min dollar fərq etdiyini və bunun problem olmadığını düşünmüşdür. O, barışıq sazişini təsdiq edilmədiyi üçün əsas sənəd kimi qəbul etmir. Məhkəmə mübahisəsinə qədər 2019-cu il tarixli müqavilə ümumiyyətlə mövcud olmamışdır. Əvvəlki məhkəmə iclasında bütün imzaların ona məxsus olmadığını bildirsə də, digərlərinə tərəddüd etmişdir. Lakin 2019-cu il tarixli müqavilədə əks olunan imza birmənalı şəkildə ona məxsus deyildir. İddiaçı cəmi 55 min dollar pul almışdır. O, müqaviləni oxumuşdur və şərtləri ilə tanışdır. 55 min borc alınmış və pulun hamısı qaytarılmışdır. 2018-ci il müqaviləsi üzrə İddiaçı öz hesabına pul ödəməmişdir. Əgər Ələmdar pulu Fərqana ödəməyi ilə razı olmasa idi, narazılıq edərdi və mübahisəni məhkəmə müstəvisinə çıxarardı. 55 min dollara münasibətdə 83 min dollar pul ödəmişdir. Artıq ödəmə səbəbi isə odur ki, pulu onda olduğuna görə xeyir vermişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur. 2023-cü ilin may ayında barışıq sazişinə imza çəkdiyini etiraf edir. Bəlkə də müqaviləni Ələmdarın əvəzinə Fərqan imzalamışdır. Fərqanı məhkəməyə verib-verməyəcəyi hazırkı işin nəticəsindən asılı olacaqdır. Barışıq sazişinin sübut kimi qəbul edilməsini istəmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - borc verən qismində İddiaçı ilə borclu qimində Cavabdeh arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Həsənov X3 Əhəd Tofiq oğluna 55.000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. - borc verən qismində İddiaçı ilə borclu qimində Cavabdeh arasında sadə yazılı qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Həsənov X3 Əhəd Tofiq oğluna 65.000 ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. - bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, Həsənov X3 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1313 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş İddiaçı ilə ƏlCavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01 nömrəli, borc müqaviləsində “borclu” qrafasındakı imza, İddiaçı ilə ƏlCavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02 nömrəli borc müqaviləsində “borclu” qrafasındakı imza, eyni zamanda İddiaçı, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci vərəqində “2” rəqəmi qarşısındakı və 2-ci vərəqində “İmza: Cavabdeh” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlamış xx.xx.2018-ci il tarixli, 01 nömrəli borc müqqaviləsi üzrə 55.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 02 nömrəli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları borc verilməsi ilə bağlı sadə yazılı müqavilə bağlanmışdır. Bundan sonra İddiaçı, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər Cavabdeh xx.xx.2019-cu il tarixli, 02 nömrəli borc müqaviləsi üzrə İddiaçı 62.000 ABŞ dolları məbləğində borclu olması və borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla, ümumilikdə 120.000 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə qeyd olunan müqavilələri və barışıq sazişini imzalamadığını bildirir, bundan əlavə isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, ilk növbədə cavabdeh mübahisə predmeti olan borc müqavilələri və iş materiallarına əlavə edilmiş barışıq sazişini imzalamadığını bildirsə də, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsindən müəyyən edilir ki, İddiaçı ilə ƏlCavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli borc müqaviləsində “borclu” qrafalarındakı imzalar, İddiaçı, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci vərəqində “2” rəqəmi qarşısındakı və 2-ci vərəqində “İmza: Cavabdeh” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Güründüyü kimi, müqavilələrin və barışıq sazişinin cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 01 nömrəli yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh müqavilə ilə razılaşdırılmış qaydada xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. İddiaçı isə xx.xx.2023-cü ildə - müqaviləni müddəti bitdikdən 3 il 11 ay sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməyərək iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, müqavilənin icra müddətinin bitdiyi vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində borc verən tərəfindən borcla bağlı hər hansı tədbir görülmədiyinə görə göstərilən müddət iddia ərizəsi ilə məhkəmə müraciət etmək üçün ağlabatan hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında həmçinin xx.xx.2019-cu il tarixli, 02 nömrəli yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh müqavilə ilə razılaşdırılmış qaydada xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bu günədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Bu halda məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 65.000 ABŞ dolları məbləğində borc aldığı sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə borcunu iddiaçının qohumu olan və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 ödədiyini bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında izahatların alınması zamanı, həmçinin müqavilənin şərtlərindən müəyyən edilmişdir ki, müqavilə üzrə tərəflər arasında borcun digər şəxsə - X2 ödənilməsi barədə razılıq mövcud deyildir. Məhkəmə qeyd edir ki, əgər cavabdeh borcu iddiaçıya çatması məqsədilə qohumu kimi X2 ödəmiş olması ehtimal edilsə də belə, hazırkı halda X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun qəbul edilməsi barədə ixtiyarsız şəxs hesab edilir. Xüsusilə qeyd edilməlidir ki, iddaçı cavabdehin iddia etdiyi həmin ödənişdən heç bir fayda əldə etmədiyini bildirir. Bu halda məhkəmə cavabdehin borcu iddiaçıya verilməsi məqsədilə qohumu olan X2 ödəməsini ağlabatan hesab etməyərək bu halı borcun ödənilməsi kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh məhkəmə gedişində iddiaçıya borcunu ödədiyini bildirir, həmçinin məhkəmə gedişində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 62.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edir, iddiaçı isə cavabdehin xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 62.000 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir. Bundan başqa iddiaçı məhkəmə gedişində cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borca görə 3.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Bu halda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hazırkı vəziyyətdə cavabdehin 62.000 ABŞ dollar məbləğində borcunun qalması müəyyən edilir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişinin sonradan məhkəmə iclasında mübahisələndirilməsini nəzərə alaraq sazişi tərəflərin etirafı kimi qiymətləndirdiyindən digər müddəalara – borcun ödənilməsi qaydasına münasibət bildirmir. Belə ki, göründüyü kimi, cavabdeh həmin sazişi imzalamadığını bildirsə də, ekspert rəyinə əsasən barışıq sazişinin müvafiq qrafasında qeyd olunan imzanın cavabdehə məxsus olması öz təsdiqini tapmışdır. Sazişi imzalayan digər tərəflər isə bu halı mübahisələndirmədiyindən, məhkəmə sazişdə qeyd olunan borc məbləğini tərəflərin etirafı kimi qiymətləndirməkdə haqlıdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəyə görə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəyə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 395,4 mabat məbləğində dövlət rüsmu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, həmçinin keçirilmiş məhkəmə ekspertizası cavabdehin vəsatətinə əsasən təyin edildiyindən ekspertiza xərcinin əvəzi olan 138 (yüz otuz səkkiz) manat Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 62.000 (altmış iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 (üç yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 62.000 (altmış iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 (üç yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 138 (yüz otuz səkkiz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar