Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1263/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 23.530 ABŞ dolları və 7.000 manat borcun, gecikdirilmiş faizə görə 3700,67 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 243 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Ailəvi olaraq ünvan 1 ünvanında yaşayırlar. Cavabdeh isə İddiaçı bacısı, Elçin Əliyevin isə baldızıdır. 2021-ci ilin fevral ayında E.Əliyev özünəməxsus “Albalı” yaşayış massivində olan 24 sot torpaq sahəsində yerləşən bağ evini 40.000 manata satıb ABŞ dollarına çevirərək 23.530 ABŞ dollarını və əlavə olaraq 7000 manatı da evdə qonaq otağında yerləşən televizor altlığında olan şkafda saxlamışlar. Bacısı Cavabdeh evini girov qoyduğunu, evi qaytarmaq üçün pul lazım olduğunu bildirmiş, bundan sonra isə ailəyə məxsus olan həmin pulu İddiaçı müxtəlif vaxtlarda bacısı Cavabdeh vermişdir. Lakin İddiaçı həmin pulu bacısına verdiyini həyat yoldaşı E.Əliyevə bildirməmişdir. İddiaçı ilk öncə bacısına 2.500 manat, hər dəfə ayrı-ayrı olmaqla 2022-ci ilin fevral ayına qədər ümumilikdə 7.000 manat vermiş, sonda isə 23.500 ABŞ dolları 3 dəfəyə vermişdir. Cavabdeh həmin pulu uzağı bir həftəyə qaytaracağını bildirmişdir. 2022-ci ilin aprel ayının 18-də iddiaçının həyat yoldaşı Elçin Əliyev xeyir iş üçün oğlunun qızıllarını almağa gedəndə vəsaitin baldızına verilməsindən xəbər tutmuşdur. İddiaçı pulu ala bilmədiyi üçün ərizə ilə polis şöbəsinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli qərarla işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanmasından rədd edilmişdir. Polis şöbəsində cavabdehin izahatı alınmış və o izahatında iddiaçıdan borcun alınmasını etiraf etmiş, ümumilikdə iddiaçıdan 23.530 ABŞ dollarını və əlavə olaraq 7000 manat borc aldığını qeyd etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal Rayon Polis İdarəsinin qərarından göründüyü kimi İddiaçı tərəfindən 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manat məbləğində vəsait Cavabdeh borc verilmişdir. Eyni zamanda, Cavabdeh özü şəxsən izahat yazmaqla bacısı İddiaçı 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manat məbləğində borc aldığını təsdiq edir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal Rayon Polis İdarəsinin qərarına əsasən Cavabdeh İddiaçı borc aldığını etiraf etməsi, bu günədək həmin vəsaiti qaytarmaması öztəsdiqini tapmışdır. Beləliklə, İddiaçı və Cavabdeh bacı olmaqla qohumdurlar. Cavabdeh bu qohumluq münasibətindən istifadə edərək iddiaçıdan “düşdüyü vəziyyətdən çıxmaq” məqsədilə borc pul istəmiş, iddiaçı da aralarında olan qohumluq əlaqəsinə və etimada əsasən sonuncuya pul vermişdir. İddiaçı bu pulun ümumilikdə 23.530 ABŞ dolları və əlavə olaraq 7.000 manat olmasını qeyd edir, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh də bu məbləği etiraf edir. Cavabdeh özü də polis orqanında ümumilikdə iddiaçıdan 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manat məbləğində pul aldığını etiraf etmiş, sonradan işi düzgün getmədiyi üçün almış olduğu pulu geri qaytara bilmədiyini qeyd etmişdir. Bununla da, cavabdeh özü mübahisələndirilən məbləği, yəni 23.530 ABŞ dollarını və əlavə olaraq 7.000 manat hissəsində qəbul etməklə, iddiaçının hesabına gəlir əldə etməklə əsassız varlanmışdır. Eyni zamanda, Cavabdeh tərəfindən öhdəliklərin bu müddət ərzində yerinə yetirilməməsinə görə toplanan faiz məbləğləri də tutulmalıdır. Cavabdehdən 23.530 ABŞ dolları və əlavə olaraq 7000 manat olmaqla, cəmi 47.001 manat olan borcla birlikdə Mülki Məcəllənin 449.1-ci maddəsinin şərtlərinə əsasən, dəymiş zərərin illik bank uçot faiz dərəcələri nəzərə alınmaqla tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, 47.001 manat borcun vaxtında qaytarılmaması ilə bağlı Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə uyğun olaraq gecikdirilmə faizi olaraq hesablanmış 3.700 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Verilmiş suallara əsasən o, bildirmişdir ki, cavabdeh iddiaçıya sonuncu dəfə 2022-ci ilin mart ayında 23.500 manat pul vəsaitini borc olaraq vermişdir. Lakin o, gecikdirmə faizini 2022-ci ilin birinci rübündən, yəni yanvar ayından başlayaraq hesablamışdır. Hesab edir ki, iddiaçı pulu cavabdehə verməsəydi həmin pulla hər hansı formada qazanc əldə bilərdi. Lakin cavabdeh pulu bugünədək qaytarmadığından iddiaçı həmin qazancdan məhrum olmuşdur. Lakin öhdəliyin tərəflər arasında şərtləşdirilmiş dəqiq vaxtını bilmir. Göstərilənlərə əsasın iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qismən etiraf edir. O, bacısından ayrı-ayrı vaxtlarda qaytarmaq şərtilə 23.530 ABŞ dolları və əlavə olaraq 7000 manat olmaqla borc götürmüşdür. Borcunu qaytaracağını vəd verir. Lakin gecikdirilmiş vaxt üçün faiz borcunu qəbul etmir. Çünki o, bacısından pul götürərkən faizlə ödəmək barədə razılıq olmamışdır. Ona görə də iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən müəyyən edilir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 15 il əvvəl İnşaatçılar prospektində yerləşən «Nigar» şirniyyat evində işləyərkən X8 ilə tanış olmuşdur. Sonradan həmin şirniyyat evi bağlansa da, Zaurla ara-bir zəngləşib hal-əhval tutmuşlar. Təxminən 2017-ci ilin əvvəllərində təsadüfən Zaurla küçədə görüşdükdə Zaur tezliklə özünün şirniyyat sexinin açılacağını söyləmiş və onu sexdə işə götürəcəyini vəd etmişdir. 2017-ci ilin təxminən yay aylarında Zaur ona özünə məxsus Badamdar qəsəbəsində yerləşən villasını sənədləşdirmək üçün pul lazım olduğunu bildirmiş, buna görə yaşadığı mənzili girov qoymağını təklif etmişdir. Zaurun deməsinə görə həmin villa sənədləşdirildikdən sonra onu satıb həm onun mənzilnin girov pulunu ödəyib mənzili ona qaytaracaq, həm də əldə olunan pulla sex açıb onu işə götürəcəkdir. O, Zaurun vədlərinə inanıb özünə məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilini girov qoymağı razılaşmış, əvvəlcə evinə makler gətirib mənzilinin qiymətinin 90.000 manat civarında olmasını bildikdən sonra Binəqədi rayonunda yerləşən 26 saylı notariat ofisinə gedərək orada soyadını bilmədiyi Əsgər adlı şəxsə evini girov qoymuş və Zaur ondan cəmi 17.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Zaur həmin pulları götürərək guya villasını sənədləşdirməkdən ötrü ondan ayrılmışdır. Bir neçə ay ərzində Zaur girovun haqqı olan hər ay 1200 manat pulu ödəmiş, lakin sonradan pulları ödəyə bilməmişdir. Girovun haqqı ödənilmədikdə Zaur üstünə gələrək mənzilinin əlindən çıxacağı ilə qorxutduqda o, əvvəlcə kreditlə məişət texnikası götürüb satmaqla bir müddət girovun pulunu ödəmiş, lakin buna baxmayaraq xx.xx.2020-ci ildə o mənzilindən çıxarılmış və həmin vaxtdan müxtəlif ünvanlarda kirayə ev tutaraq yaşamışdır. Zaur isə hər dəfə ona özünə məxsus olan Badamdar qəsəbəsində yerləşən villasını satıb mənzilini özünə qaytartdıracağını vəd etmiş, hər dəfə müxtəlif bəhanələrlə evinin satılmadığını bildirərək ondan müxtəlif məbləğlərdə pullar götürmüşdür. Hətta xx.xx.2021-ci il tarixdə bacısı Rübabəyə müraciət edərək ondan 3.000 manat dəyərində olan qızıl-zinyət əşyaları götürmüş və Zaura vermişdir. 2022-ci ilin aprel ayında isə Zaur üstünə gəlib mənzilinin geri qaytarılması üçün pullar lazım olduğunu bildirdikdə o, bacısı İlhamədən bacısının əri olan Elçindən xəbərsiz olaraq hissə-hissə olmaqla cəmi 47.000 manat pulu borca götürərək Zaura vermişdir. 2022-ci ilin aprel ayının sonlarında «Saf su» su doldurma məntəqəsinin arxasında Zaurla görüşərək sonuncu məbləğ olan 20.000 manat pulu ona vermişdir. Sonuncu məbləği Zaur ondan aldıqda uzağı bir həftə ərzində evini girovdan çıxardacağını vəd etmiş, lakin hər dəfə onu aldatmışdır. Nəhayət o, qohumlarının məsləhəti ilə ondan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmişdir. Mənzilinin girova qoyulması barədə notarial sənədlər də Zaurda qaldığından mənzilini girov götürmüş Əsgər adlı şəxsin soyadını və anket məlumatlarını bilmir. O, mənzilinin alğı-satqısında iştirak etməmişdir, mənzilin hansı qiymətə və kimə satılmasını, hansı notariat kontorunda həyata keçirildiyini bilmir. Lakin o, sözü gedən mənzilin satıldığı ərəfədə Zaur Abbasova 3 saylı “ASAN xidmət” mərkəzində baş etibarnamə vermişdir. Zaur həmin mənzili verdiyi etibarnamə əsasında sataraq pulu ələ keçirmişdir. O, həmin pulun 2022-ci ilin mart-aprel ayında bacısı İlhamədən borca alınmasını etiraf edir və aldığı 47000 manatı tam şəkildə tanışı Zaur Abbasova vermişdir.. X1 rəsmi nikahda olduğu arvadı, onun isə bacısı İddiaçı ümumilikdə 47.000 manat pul vəsaitini alıb ələ keçirərkən hər hansı üsulla aldadıb yalandan vəd verməmiş, sadəcə olaraq bacısından pulu öz ehtiyacları üçün borca almış və pulu alarkən də borcu qaytaracağını demişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahatının surətinə əsasən müəyyən olunur ki, Cavabdeh öz izahatında bildirmişdir ki, o, bir neçə il əvvəl tanıdığı X6 atasının şirniyyat sexində işləmişdir. Bir il bundan qabaq Zaur ona evini girov qoyaraq 30.000 manat götürməyi, 15.000 manata sex açmağı, 15000 manata isə evinin sənədlərini düzəltməyi təklif etmişdir. Anası 7 il əvvəl evini 90000 manata almışdır. Hər şey bununla başlamışdır. Zaur ona evinin əldən getdiyini və pul lazım olduğunu bildirmişdir. O isə inanaraq bacısı İddiaçı evinə gedərək ondan pul istəmişdir. Bacısı isə yoldaşı X2 xəbərsiz halda pulu vermişdir. O, bacısına iki gün ərzində həm öz pulunun, həm də onun evinin qayıdacağını bildirmişdir. Bacısı İddiaçı 23.530 ABŞ dolları və 7.000 manat məbləğində pul alıb Zaura vermişdir. Zaur hər gün onu aldadaraq pulu qaytracağını bildirmişdir. Buna görə də o, bilmədən bacısını da aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, övladının xeyir işi, yəni toyu üçün bağını satmışdır. xx.xx.2022-ci il tarixdə toy üçün qızılları almaq məqsədilə yoldaşından pulu gətirməyini istəmiş, lakin iddiaçı pulu bacısına verdiyini bildirmişdir. Səbəbini soruşduqda isə iddiaçı bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında bacısı ona məktəbdə bir valideynin onun evini girov qoyduğunu bildirərək 1 həftəyə qaytarmaq şərti ilə 2.500 manat məbləğində pul istəmişdir. Cavabdeh çox ağlayıb yalvarmış, iddiaçı isə bacısının evini itirəcəyindən qorxaraq ona 2500 manat məbləğində pul vermişdir. Bundan sonra cavabdeh əlavə faiz və digər sənədləşmə işlərinin olduğunu bildirərək iddiaçıdan əlavə 7000 manat məbləğində pul istəmişdir. Cavabdehə sonuncu dəfə 2022-ci ilin aprel ayında 23.530 ABŞ dolları məbləğində pul verilmişdir. Aprel ayının 18-də cavabdehi çağırıb pulu qaytarmasını tələb etdikdə isə cavabdeh 10 gün möhlət istəmiş, lakin pulu qaytarmamışdır. Suala cavab olaraq bildirir ki, bağı oğluna toy etmək üçün satmışdır, qazanc əldə etmək məqsədi olmamışdır. İşin halları odur ki, tərəflər bacıdırlar. Cavabdeh iddiaçıdan 23.530 ABŞ dolları və 7000 manat məbləğində pul götürmüş, lakin bugünədək pulu geri qaytarmamışdır. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Həmin izahatda isə cavabdeh iddiaçıdan 23530 ABŞ dolları və 7000 manat məbləğində pul götürdüyünü etiraf etmişdir. Hazırda iddiaçı cavabdehin ondan aldığı 23530 ABŞ dolları və 7000 manat məbləğində pulun, həmçinin pulun gecikdirildiyi dövr üçün faizə görə 3700,67 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçıdan pul götürdüyünü etiraf edir, lakin gecikmə fazinin tutulması hissədə iddia tələbi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında, həmçinin məhkəmə iclasında verdiyi izahatında cavabdeh iddiaçıdan 23.530 ABŞ dolları və 7.000 manat məbləğində pul götürdüyünü və ödəniş etmədiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan pul götürdüyünü və qaytarmadığını etiraf edir, cavabdeh iddiaçıdan götürdüyü pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış, hazırda onun cavabdehə 23530 ABŞ dolları və 7000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün fazin tutulması hissəsində əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu isə həmin gecikdirilmiş müddət ərzində kreditorun əldə edə biləcəyi, lakin borclu tərəfindən pulun gecikdirilməsi ucbatından əldə edə bilmədiyi qazanc və ya faydanın təmin edilməsi məqsədi daşıyır. Hazırkı halda isə iddiaçının cavabdehə verdiyi pul onun şəxsi qazancı deyil, ailəsinə məxsus olan puldur. Hansı ki, iddiaçının əri məhkəmə iclasında şahid qismində dindirilərkən həmin pul vəsaitindən hər hansı qazanc əldə etmək məqsədinin olmadığını, yalnız övladının toy mərasiminin təşkil edilməsi məqsədilə bağını sataraq pulu götürdüyünü bildirmişdir. Həmçinin cavabdehin götürdüyü pul vəsaitini hansı tarixdə qaytarması tərəflər arasında razılaşdırılmamışdır. İşin faktiki hallarından isə bunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, bu halda cavabdehin təqsirli hərəkətləri, yəni pulu gec qaytarması nəticəsində iddiaçı hər hansı qazancından məhrum edilməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 231 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.530 (iyirmi üç min beş yüz otuz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 7.000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.530 (iyirmi üç min beş yüz otuz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 7.000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1263/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1263/2023
04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver