Məhkəmə qərarları › İş №e-2(004)-1278/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1278/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1278/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 40000 manat məbləğində pulun və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə X2 ilə rəsmi nikaha daxil olmuş, həmin şəxslə nikahdan X4 və X3 dünyaya gəlmişdir. Cavabdeh 2010-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin reyestr xidmətində işləyərkən tanımışdır. Həmin vaxt Ruqiyyə arxiv şöbəsində mütəxəssis işləyirmiş, o da həmin orqanda ekspert olmuşdur. 2013-cü il tarixdə onunla Ruqiyyə arasında sevgi münasibətləri yaranmışdır. O, Ruqiyyəyə 01 ədəd boz rəngli “Mercedes-Benz” markalı, 01 ədəd də ağ rəngli “Hundai ix 35” markalı avtomobil almışdır. Bununla yanaşı, Ruqiyyənin özünün, anasının da evlərini təmir etdirmiş, bir sözlə sözügedən şəxslərin bütün maddi ehtiyaclarını qarşılamışdır. Onunla Ruqiyyənin münasibətləri 2019-cu ilin sonu-2020-ci ilin əvvəllərində soyuqlaşmağa başlamışdır. Həmin tarixdən qabaq da bir sıra münaqişələri olmuşsa da, o qədər də kəskin xarakter daşımamışdır. Lakin, Ruqiyyənin ona qarşı hədələri 2019-cu il taixdən də qabağa dayanmışdır. Ruqiyyə onu hədələyərək ayrılacaqları təqdirdə birlikdə olduqları şəkilləri arvadı X1 göstərəcəyini demişdir. 2019-cu ilin sonlarından etibarən onun Ruqiyyə ilə olan münasibətlərinin daha da pisləşməsinin səbəbi Ruqiyyə və ailəsinin ondan daha bir avtomobil almasını tələb etmələri olmuşdur. Belə ki, Ruqiyyə onun almış olduğu ag rəngli “Hundai ix 35” markalı avtomobili ondan xəbərsiz satmışdır. Bu səbəbdən 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində o, Ruqiyyəyə münasibətləri kəsməli olduqlarını bildirmişdir. Bu zaman Ruqiyyə onu hədələyərək “whatsapp” profilinə öz şəklini qoyub davamlı olaraq ona həmin proqramdan zəng edəcəyini, ailəsini münasibətləri barədə xəbərdar edəcəyini demişdir. O, arvadının İİ qrup əlil olduğunu və Ruqiyyə ilə olan münasibətləri öyrənməyin arvadına pis təsir edə biləcəyini düşünüb Ruqiyyə ilə razılaşmışdır ki, maaş kartına "hər ay pul göndərəcək. Çünki, pulları ondan istifadə edərək almış, onu arvadı ilə hədələmişdir. O, bundan qorxaraq və ehtiyat edərək ilk əvvəllər Ruqiyyənin "xxxx" ASC-yə məxsus kartına hər ay təxminən 500-700 manat pul göndərirmişsə də, sonralar Ruqiyyə həmin pulun bəs etmədiyini, daha çox pul göndərməyimi tələb etmişdir. Bundan sonra o, Ruqiyyənin kartına aylıq minimum 1200 manat, ortalama isə 1400-1500 manat pul göndərirmişdir. Bu proses 2022-ci ilin sentyabrına kimi davam etmişdir. 2022-ci ilin sentyabrın 19-u o, Kərbaladan Bakıya gəlmişdir. 20 sentyabr 2022-ci il tarixdə Ruqiyyə “***-***-**-**” mobil nömrəsindən onun “***-***-**-**” mobil nömrəsinə yığaraq təcili şəkildə kartına 500 manat pul göndərməsini bildirmişdir. O da Ruqiyyəyə dünən Bakı şəhərinə qayıtdığını, üzərində 500 manat pul olmadığını dedikdə, Ruqiyyə pulu çatdırmayacağı təqdirdə evinə zəng edəcəyini söyləmişdir. O, Ruqiyyədən vaxt istədikdə isə Ruqiyyə ona yaşadığı evə gəlməsini və başqa bir yerə getmələrini bildirmişdir. Bundan sonra Ruqiyyə onu işdən çıxarılmağı ilə bağlı hədələmiş, onu Daxili Audit İdarəsinin müdiri Nadir Teymurovla qorxutmuşdur. Ruqiyyə sonradan həmin şəxsin vasitəsi ilə onu işdən çıxartırmışdır və hazırda işsizdir. O, Ruqiyyənin hərəkətlərindən bezərək polisə müraciət etmişdir. Polisdə onun müraciətinin mülki xarakterli olması bildirilmişdir və cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılmışdır. O və həyat yoldaşı 2-ci qrup əlildir. Həyat yoldaşı şəhid qızıdır. X7 müharibəsində şəhid olmuşdur. Hazırda həmin pula ehtiyacları var. Cavabdehin ona borclu olduğu pulun ümümi məbləği 40000 manat təşkil edir. Həmin pulu müxtəlif vaxtlarda ondan aldadaraq, onu evi və ailəsi ilə hədələyərək almışdır. Ruqiyyə onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı pulu əsassız varlanma və dəymiş ziyanın ödənilməsi əsası ilə tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh işlədikləri müəssisədə tanış olmuş və aralarında qeyri-rəsmi nikah münasibətləri olmuş, hətta aralarında dini kəbin də kəsilmişdir. Münasibətdə olduqları dövrdə kişi qadına pul xərcləyə və ona pul verə bilər. Əgər şantaj və hədəqorxu ilə pul tələb etmə vardırsa, iddiaçı cavabdeh barəsində polisə müraciət edə, onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edə bilərdi. Əksinə, cavabdeh iddiaçını bir neçə dəfə narahat etmişdir. Səbəb isə Ruqiyyə xanımın onunla əlaqəsini kəsmək istəməsi olmuşdur. İddiaçı bundan hiddətlənək, cavabdehə qarşı zorakılıq hərəkətləri etməyə, onu döyməyə, aldadaraq avtomobillə apararaq ona xəsarətlər yetirməyə başlamışdır. Bütün bunlardan sonra Ruqiyyə xanım iddiaçı barəsində polisə dəfələrlə şikayət etmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunlar iddiaçının cavabdehi narahat etməsini təsdiq edir. Hətta, iddiaçı özü yazılı şəkildə iltizam yazaraq cavabdehi narahat etməyəcəyini, onu şantaj etməyəcəyini və.s bildirmişdir. Hesab edir ki, iddianın qanuni və hüquqi əsası yoxdur. İddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ayrı-ayrı vaxtlarda olmaqla 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat köçürülmüşdür. Həmçinin, iş materiallarına əlavə edilmiş BBLK1416898A103 nömrəli müqavilə üzrə ödəniş qəbzlərindən görünür ki, həmin müqavilə üzrə 977 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yazdığı və imzası ilə təsdiq etdiyi iltizamda Ruqiyyəni idarədə işçilərlə və ailəsi ilə şantaj etməycəyini qeyd etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 20.09,2022-ci il tarixdə Yasamal RPİ-nin 28-cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə qeyri-rəsmi birlikdə yaşadığı İddiaçı onu, bacısıgildə olan zaman ora gələrək onu təhqir və təhdid edıb özüylə getməsini tələb edərək zorla öz avtomobilinə əyləşdirdiyini, daha sonra avtomobildə olan zaman İddiaçı ona fiziki zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirdiyini, avtomobildə səs-küy salmasından sonra Farizin onu yolda düşürərək mobil telefonunu özündə saxladığını bildirmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Faiq Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 17 noyabr 2022-ci il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə qərar qəbul edilmiş və material əlavə araşdırma apanlması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin material üzrə araşdırma davam etdirilmiş və Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin, CM-nin 180, 182-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yasamal RPİ-nin 28-ci PB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə zərərin (maddi və mənəvi) əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma iddiasından yaranır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini və cavabdehin həmin pul məbləğini ondan şantaj və ya hədə-qorxu yolu ilə tələb etməsini, beləliklə də cavabdehin əsassız varlandığını sübuta yetirməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı nə tələb etdiyi 40000 manat pulun cavabdehə verdiyini nə də cavabdehin həmin pul məbləğini ondan şantaj və ya hədə-qorxu ilə tələb etməsini təsdiq edən sübutları məhəməyə təqdim etməmiş, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İş materiallarına əsasən, iddiaçının cavabdehin bank hesabına 2021-ci ildə cəmi 3206 manat, 2022-ci ildə isə cəmi 10650 manat köçürdüyü təsdiq edilsə də, cavabdehin həmin pulları iddiaçıdan şantaj və ya hədə-qorxu ilə tələb etməsi təsdiq edilmir. Kommunal ödənişlərin və hava yolları üçün ödənilmiş pulun, iddiaçının bankdan kreditlə götürdüyü pulun isə ümumiyyətlə cavabdehlə bağlılığı təsdiq edilmir. Həmçinin, işin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdeh arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Belə olan halda, iddiaçının həmin pulu cavabdehə könüllü şəkildə verməsi istisna olunmur. Həmçinin qeyd edilməlidir ki, iddiaçının cavabdehin ondan iki il ərzində şantaj və ya hədə-qorxu ilə pul tələb etdiyi halda bununla bağla polisə müraciət etməməsi də ağlabatan qəbul edilmir. Əksinə, iş materiallarına əsasən görünür ki, cavabdeh iddiaçı barəsində ona fiziki zor tətbiq edərək müxtəlif bədən xəsarətləri yetirməsi əsası ilə polisə müraciət etmiş, həmçinin iddiaçı cavabdehi idarədə işçilərlə və ailəsi ilə şantaj etməycəyinə dair iltizam yazmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, taam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-c4i maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar