Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-13/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh K3914 saylı maliyyələşdirmə üçün ərizə üzrə 214,692.13 (iki yüz on dörd min altı yüz doxsan iki manat on üç qəpik) manat əsas borc, 31,920.52 (otuz bir min doqquz yüz iyirmi manat əlli iki qəpik) manat faiz borcu, 66,816.71 (altmış altı min səkkiz yüz on altı manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 313,429.36 (üç yüz on üç min dörd yüz iyirmi doqquz manat otuz altı qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 604 (altı yüz dörd manat) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) etibarnamə üzrə nümayəndəsi X2 arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-19947İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Borcalan tərəfindən X4 çərçivəsində xx.xx.2020-ci il tarixdə K3914 saylı X1 üçün ərizə (bundan sonra “Ərizə”) imzalanmışdır. Ərizəyə əsasən Bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 180% olmaqla, 340 000 (üç yüz qırx min) manat məbləğdə mənzilin alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 379 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında olan öhdəliyi K3914 saylı Maliyyələşdirmə üçün ərizə üzrə214,692.13 (iki yüz on dörd min altı yüz doxsan iki manat on üç qəpik) manat əsas borc, 31,920.52 (otuz bir min doqquz yüz iyirmi manat əlli iki qəpik) manat faiz borcu, 66,816.71 (altmış altı min səkkiz yüz on altı manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 313,429.36 (üç yüz on üç min dörd yüz iyirmi doqquz manat otuz altı qəpik) manat təşkil edir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən K3914 saylı maliyyələşdirmə üçün ərizə üzrə 214692,13 manat əsas borc, 35832,69 manat faiz borcu, 84975,86 manat cərimə borcu olmaqla, cəmi 335500,68 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 626 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən X4 çərçivəsində xx.xx.2020-ci il tarixdə K3914 saylı X1 üçün imzalanmış ərizəyə əsasən Bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 180% olmaqla, 340 000 (üç yüz qırx min) manat məbləğdə mənzilin alınması məqsədilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 16 fevral 2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə K3914 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən banka 214.692,13 manat məbləğində əsas borc, 31.920,50 manat məbləğində faiz borcu, 66.816,71 manat məbləğində cərimə olmaqla, cəmi 313.429,36 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan və ona əlavə olunmuş qaimədən görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 27 mart 2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə K3914 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən banka 214.692,13 manat məbləğində əsas borc, 35.832,69 manat məbləğində faiz borcu, 84.975,86 manat məbləğində cərimə olmaqla, cəmi 335.500,68 manat borcu vardır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/8334/2025 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 02 aprel 2020-ci il tarixli, GTC-19947İB/2020 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə pretenziya məktubunun göndərildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə 208.550,42 manat əsas, 22.070,42 manat faiz borcu olmaqla; maliyyə arayışının verildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə 208.550,42 manat, 25.407,23 manat faiz borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik, hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 340.000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddiaçı iddiasını qismən əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmışdır. Cavabdeh isə göstərilənlərin əksinə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, təqdim olunmuş maliyyə arayışını, hesabdan çıxarışı, xx.xx.2025-cü il tarixli ekspert rəyini araşdıraraq belə qənaətə gəlir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə pretenziya məktubunun göndərildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə 208.550,42 manat əsas, 22.070,42 manat faiz borcu vardır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə hesablanmış 66,816.71 (altmış altı min səkkiz yüz on altı manat yetmiş bir qəpik) manat cərimə borcunun tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə cərimənin 2000 (iki min) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 208.550,42 (iki yüz səkkiz min beş yüz əlli manat qırx iki qəpik) manat əsas borc, 22.070,42 (iyirmi iki min yetmiş manat qırx iki qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 232.620,84 (iki yüz otuz iki min altı yüz iyirmi manat səksən dörd qəpik) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 522,62 manat (beş yüz iyirmi iki manat altmış iki qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 208.550,42 (iki yüz səkkiz min beş yüz əlli manat qırx iki qəpik) manat əsas borc, 22.070,42 (iyirmi iki min yetmiş manat qırx iki qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 232.620,84 (iki yüz otuz iki min altı yüz iyirmi manat səksən dörd qəpik) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 522,62 manat (beş yüz iyirmi iki manat altmış iki qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-13/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-13/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver