Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1300/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05151xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: -xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 244,80 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 489,60 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 783,36 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 371,52 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 69,12 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 69,12 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat Cəmi 6736,32 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 734,40 manat zərərdən 434,20 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 6302,12 (altı min üç yüz iki manat 12 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh Cənəhməd oğlu tərəfindən İddiaçı İB-yə 6302,12 (altı min üç yüz iki manat 12 qəpik) manat məbləğində zərərin və 83,03 (səksən üç manat 03 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6385,15 (altı min üç yüz səksən beş manat 15 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan X2 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və eyni zamanda vəkili X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ilə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqavilə»si bağlanmış, həmin müqaviləyə əsasən vətəndaşa sayğac quraşdırılmış, müxtəlif yoxlamalar nəticəsində nöqsanlar aşkar olunmuş, vətəndaş sayğacdan kənar qoşulub ana xəttinə və qazdan istifadə etmişdir. Bununla bağlı 2020-ci il tarixdən başlayaraq 28 dekabr 2022-ci il tarixədək 20 akt tərtib olunmuşdur. Beləliklə, vətəndaşa hesablanan məbləğ 6736,32 manat müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 734,40 manat ödəniş etmişdir. Hazırda cavabdehin borcu 6302,12 manat təşkil edir. Eyni zamanda cavabdeh onlara ərizə ilə müraciət edərək, borcunu etiraf etmiş, borcunun hissə-hissə ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, əvvəlki illərdə kombi heç olmayıb, əvvəllər iran qazları qoyurdu evi isitdirmək üçün, kombini təzəlikcə quraşdırıb. Onun ana xəttinə sayğacdan kənar qoşulmaq məqsədi olmayıb, onun qaz borusunda sızma var idi, bu məsələ ilə bağlı İddiaçı İB-yə müraciət etmiş, lakin əməkdaşlar gəlib həmin problemi həll etməmişlər. Sızma olmuş və sayğaca pul yazılmış, ona görə o da məcbur olub kənar qoşulmuşdur. Lakin onun həmin aktlarla bu qədər borc yazıldığından xəbəri olmayıb, o, artıq sayğac quraşdırılandan sonra kartla ödəniş edərəkən görmüşdür ki, pul borca da ödənilir. Bundan sonra o, İddiaçı İB-yə müraciət etmiş, ona bildirmişlər ki, onun aktlar əsasında 7000 manata yaxın borcu var, ödədiyi məbləğin 50 faizi borca silinir. Onlara müraciət edərək o, bildirmişdir ki, 50 faizi ödəməyə imkanı yoxdur, məbləği azaltsınlar, məbləğ 50 faizdən də aşağı olsun, o qədər pulu bir dəfəyə ödəməyə imkanı yoxdur, hissə-hissə ödəsin. Bildirmişdir ki, qanunsuz qoşulma olubsa da, niyyəti sırf maddi ziyan vurmaq olmayıb, hamısı imkansızlıqdan olub. Hər bir halda o, qeyd olunan borcu ödəməyə etiraz etmir, ancaq ödədiyi məbləğin 50 faizinə yonəldilməməsini, ondan da aşağı məbləğdə tutmaların həyata keçirilməsini, borcun tutulmasının hissə-hissə icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində AKX-05151xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. - Cavabdeh adına olan **********00030 nömrəli abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə ümumilikdə 6736,32 manat borcu yaranmışdır. - müxtəlif vaxtlarda tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh ünvanında qeyriqanuni təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. - Cavabdeh İddiaçı İB-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən o, ona hesablanmış 6812,16 manat borcu qəbul etmiş, maddi durumunu nəzərə alaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçiriləcək ödənişin təmin olunmasını öz öhdəsinə götürdüyünü bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 6736,32 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 734,40 manat ödəniş etmişdir. Hazırda cavabdehin borcu 6302,12 manat təşkil edir. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, qalıq borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 6302,12 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə, istehlakçıdan, yəni cavabdehdən yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazlarını, müxtəlif vaxtlarda tərtib edilmiş aktları və cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6302,12 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddia tələbini təmin edərkən, cavabdehin həm iddiaçıya ünvanladığı etiraf ərizəsini, həm də məhkəmə iclasında iddiaçıya təbii qazdan istifadəyə görə borcunun olmasını, lakin hazırda borcu birdəfəyə deyil, hissə-hissə ödəmək iqtidarında olmasını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə 6302,12 (altı min üç yüz iki manat 12 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; Azəriqaz İB; VÖEN**********; İBAN: AZ50İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 83,03 (səksən üç manat 03 qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 6302,12 (altı min üç yüz iki manat 12 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə bank hesabına (kod 805153; VÖEN:**********; M/H Az03NABZ********************; SWİFT İBAZAZ2X; Azəriqaz İB; VÖEN**********; İBAN: AZ50İBAZ********************) ödənilsin. İş üzrə ödənilmiş 83,03 (səksən üç manat 03 qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1300/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1300/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver