Məhkəmə qərarları › İş №e-2(004)-1303/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1303/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1303/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, sağlamlıq bərpa edilənədək zəruri xərclərin ödənilməsi və cavabdehlərin tibb xidmətləri göstərməsi barədə qanunsuz fəaliyyətinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə elektiron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 500 manat pul vəsaitinin, mənəvi zərərin əvəzi olraq 2000 manat pul vəsaitin tutularaq ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün tibbi xidmətlər göstərməsi barədə fəaliyyətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 1303/2024 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(004)-1303/2024 qərardadından verdiyi şikayət, Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən və MPM-nin 2 saylı Əlavəsində göstərilən şikayətin forma və məzmununa uyğun tərtib edilmədən verildiyinə görə geri qaytarılmışdır. Daha sonra İddiaçı yenidən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2159/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1303/2024 nömrəli qərardadı ləğv olunmuş və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılmışdır. İş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, sağlamlıq bərpa edilənədək zəruri xərclərin ödənilməsi və cavabdehlərin tibb xidmətləri göstərməsi barədə qanunsuz fəaliyyətinin qadağan edilməsi” tələbinə dair iddia irəli sürmüş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 3000 manat, mənəvi zərərin əvəzi olraq 2000 manat pul vəsaitin tutularaq ona ödənilməsi, dərinin əvvəlki vəziyyəti bərpa edilənə qədər hər ay zəruri olan xərclərin ödənilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün tibbi xidmətlər göstərməsi barədə fəaliyyətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və bildirdi ki, o, Cavabdeh1 ilə yaxın münasibətdə olmuş və onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən binanın zirzəmi hissəsindəki “Arzum Fit” gözəllik salonuna gedərək təxminən iki il ərzində müştəri kimi lazer xidmətlərindən istifadə etmişdir. Həmin gözəllik salonunu Cavabdeh1 əri Cavabdeh2 işlədir. İki il ərzində lazer proseduru aldığı zaman iki dəfə yanıq xəsarəti almışdır. Birinci dəfə qarın nahiyyəsində qızartı əmələ gəlmişdir. Cavabdeh1 üzr istəmiş, aparatın çox qızdığını bildirmişdir. Bundan xeyli müddət keçəndən sonra da Cavabdeh1 xitmətindən istifadə etməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Arzum Fit” gözəllik salonuna getmiş və Cavabdeh1 tərəfindən onun bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmışdır. Bu zaman onun sağ ayağın bud nahiyəsinin aşağı 1/3 hissəsində uzunsov dairəvi yanıq izi əmələ gəlmişdir. O, bir həftə evdə qalmış, vəkil kimi fəaliyyət göstərə bilməmişdir. Ona maddi və mənəvi zərər dəymişdir. O, Cavabdeh1 müalicəsi üçün tələb olunan xərclərə görə 500-600 manat ödəsini təklif etmişdir. Lakin Cavabdeh1 razı olmamış, ona öz tanışlarının yanında müalicə olunmasını təklif etmişdir. O, bununla razılaşmadığına görə mübahisəni öz aralarında həll edə bilməmişlər. O, polisə şikayət etmiş və tibbi ekspertizadan keçmişdir. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, onun sağ ayağın bud nahiyəsinin aşağı 1/3 hissəsində uzunsov dairəvi yanıq izi əmələ gəldiyi və “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş verdiyi təsdiq edilmişdir. O, müalicə olunmaq üçün “Çöhrə” Estetik Mərkəzinə müraciət etmiş və yanmış dərisinin bərpa olunması üçün müalicə alır. Müalicəsi üçün xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 150 manat olmaqla, cəmi 910 manat pul ödəmişdir. Dərmanların və müalicəvi kremlərin alınması üçün xərclədiyi vəsaitlərin ödəniş qəbzlərini saxlamadığı üçün məhkəməyə təqdim edə bilmir. Hazırda da müalicəsi davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 31 mart tarixli 49 nömrəli qərarı ilə lisenziya tələb olunan tibbi xidmətlərin siyahısına dermatologiya sahəsində olan xidmətlərin də daxil olması müəyyən edilmişdir. Cavabdehlər lisenziya olmadan qanunsuz fəaliyyətlə məşğul olurlar. Cavabdelərin hərəkətləri nəticəsində onun sağlamlığına zərər dəyməklə yanaşı, mənəvi zərər də dəymişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 3000 manat, mənəvi zərərin əvəzi olraq 2000 manat pul vəsaitin tutularaq ona ödənilməsi, dərinin əvvəlki vəziyyəti bərpa edilənə qədər hər ay zəruri olan xərclərin ödənilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün tibbi xidmətlər göstərməsi barədə fəaliyyətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi (qardaşı) X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən “Arzum Fit” gözəllik salonunda işləyir. Həmin gözəllik salonunu Cavabdeh1 əri Cavabdeh2 işlədir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Arzum Fit” gözəllik salonuna gəlmiş və Cavabdeh1 onun bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparmışdır. Həmin vaxt İddiaçı ayağında qızartı əmələ gəlmişdir. İddiaçı dərisi həssas olduğu üçün qızartı yaranmışdır və həmin qızartını müxtəlif kremlər sürtməklə müalicə etmək olar. Ekspertizanın rəyi ilə İddiaçı yanıq xəsarəti almadığı müəyyən edilmiş və sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməmişdir. İddiaçı tərəfindən cavabdehin qanunsuz fəaliyyətlə məşğul olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə də şikayət edilmiş və nazirliyin əməkdaşları gəlib yoxlanış keçirmişlər və cavabdehi 5000 manat cərimə etmişlər. Çünki, epilepsiya aparatını tibbi avadanlıq kimi qiymətləndirmişlər. Halbuki, cihaz texniki avadanlıq hesab olunur və bununla bağlı gömrük sənədlərini də təqdim etmişlər və məhkəmədə mübahisələndirmişlər. İddiaçıya heç bir tibbi fəaliyyət göstərilməmişdir. İddiaçı bildirsə də ki, əmək fəaliyyətini itirib, lakin onun elektron kabinetinə baxdıqda onun bir çox məhkəmə proseslərinə gedib iştirak etməsi məlum olar. Hesab edir ki, cavabdeh iddiaçıya heç bir maddi və mənəvi zərər vurmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 işlətdiyi və Cavabdeh1 işlədiyi ünvan 1 ünvanda yerləşən binanın zirzəmi hissəsindəki “Arzum Fit” gözəllik salonuna getmiş və Cavabdeh1 tərəfindən İddiaçı bədənində “kriolipoliz” aparatı ilə lazer preseduru aparılmışdır. Bu zaman İddiaçı sağ ayağının bud nahiyəsinin aşağı 1/3 hissəsində (11x5 sm) uzunsov dairəvi yanıq izi əmələ gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 verdiyi xx.xx.2024-cü il tarixli 67/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən edilir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hazırda ondan sağ bud nahiyəsinin 1/3-nin iç səthində uzunsov dairəvi yanıq izinin olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni “kriolipoliz” aparatı ilə aparılmış prosedur zamanı baş vermişdir. Qeyd olunan prosedurlarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı müalicəsi üçün xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 150 manat olmaqla, cəmi 910 manat pul ödəmişdir. Bu səbəbdən iddiaçı onun səhhətinə vurulmuş maddi zərərin əvəzinin, yəni müalicəsinə çəkdiyi xərcin əvəzi kimi 910 manat vəsaitin zərərvuran Cavabdeh1 və onun işlədiyi “Arzum Fit” gözəllik salonunun sahibi Cavabdeh2 müştərək qaydada ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müalicəsinə 3.000 manat vəsait xərclədiyini qeyd etsə də, yalnız 910 manat vəsaitə dair ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Həmçinin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı, iztirab keçirmiş, ona mənəvi zərər dəymişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat kompensasiya ödənilməsini yetərli və ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X5rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmi 1.210 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - dəymiş maddi zərərin əvəzi kimi 2.090 manat və mənəvi zərərin kompensasiya olunması üçün 1700 manat pul tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmi 1.210 (min iki yüz on) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar