Məhkəmə qərarları › İş №e-2(004)-1365/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1365/2023

16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1365/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA SPORTACE markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri üçün 16335 manat maddi ziyanın əvəzinin, avtomobilin servisdə qiymətləndirilməsinə görə 150 manat zərərin əvəzinin, avtomobilin servisə aparılmasına sərf olunan 60 manat zərərin əvəzinin, taksi xidmətlərindən istifadəyə görə 25 manat zərərin əvəzinin və dövlət rüsumu üçün ödənilmiş 139,8 manat olmaqla, ümumilikdə 16739,8 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək KiA SPORTACE markalı **-NV-*** dövlet qeydiyyat nişanlı avtomobilin təmiri üçün 16335 manat maddi ziyanın əvəzinin, avtomobilin servisdə qiymətləndirilməsinə görə 150 manat zərərin əvəzinin, avtomobilin servisə aparılmasrna sərf olunan 60 manat zərərin əvəzinin, taksi xidmətlərindən istifadəyə görə 25 manat zərərin əvəzinin, dövlət rüsumu üçün ödənilmiş 139,8 manat pulun ümumilikdə 16739,8 pulun, YNH-dən sonra taksi xidmətinə sərf etdiyi hər ay üçün 500 manat hesablanmaqla məhkəmə qətnaməsi çıxarılanadək ödədiyi cəmi pulun, cavabdehin davranışı nəticəsində zob xəstəliyinə tutulmağı ilə bağlı xərclədiyi 328 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun Cavabdeh məxsus Lexus LX 570" markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq ona vurulmuş maddi və mənəvi ziyanın onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AB 675224 №-li, 14 iyun 2012-ci il tarixli texniki pasporta əsasən, G4KDCS301731 nömrəli mühərrik, KNAPC811DC7325802 nömrəli banı olan **-NV-*** dövlət nömrə nişanlı Xəzər rayonu Binə qəsəbəsi VMÜİMM yataqxana ünvanında qeydiyyatda olan KİA SPORTACE minik markalı avtomobil ona məxsusdur. 13 yanvar 2023-cü il tarixdə saat 04 radələrində Cavabdeh idarə etdiyi, özünə məxsus Lexus LX 570 markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində hərəkətdə olduğu zaman idarə etməni itirərək avtomobilin qabaq hissəsi ilə həmin küçədə “Baku Elektrinics” mağazasının qarşısında yolun hərəkət hissəsindən kənarda saxladığım KİA SPORTACE markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq onu yararsız vəziyyətə salmışdır. Hadisədən sonra Lexus LX 570 markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmışdır və DYP-si əməkdaşları tərəfindən avtomobillər hadisə yerindən götürülərək cərimə meydançasına aparılmışdır. Göstərilən yol-nəqliyyat hadisəsi Lexus LX 570 markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh AR İXM-nin 327.1, və 469.3-cü maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin olması hadisə yerində olan müşahidə kameralarından götürülmüş video görüntülərlə və Yasamal RPİ-nin DYP əməkdaşlarının tərtib etdiyi inzibati protokollarla təsdiq olunur. Bildirmək istəyir ki, Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Yasamal RPİ-nin X3 Şöbəsinin inzibati hüquqpozma haqqında çıxardığı qərarla müəyyən edilmişdir. Cavabdeh inzibati xəta haqqında aparılan iş üzrə inzibati tənbeh vermə barədə TP5524727 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Yol–nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin qabaq mühərrik örtüyünün, qabaq buynuzun, qabaq faraların, mühərrikin qabaq hissəsində olan detalların qabaq təkərlərin tam sıradan çıxması və sair şəklidə ziyan dəymişdir. KİA MOTORS servisin tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq onun avtomobilinin təmir işləri 16335 manata başa gələcək. Bundan əlavə Lexus LX 570 markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində ona bu şəkildə zərər vurulmuşdur. Avtomobildə təmir işlərinin aparılmasının dəyəri 16335 manat. Avtomobilin servisdə qiymətləndirilməsinə görə 150 manat. Avtomobilin servisə aparılmasına çəkilən xərc 60 manat. Taksi xidmətlərindən istifadəyə görə 25 manat. Nümayəndəyə verilən etibarnamənin təsdiqi üçün 20 manat. Əlavə xərclər, ərizələrin surətinin çıxarılması və göndərilməsi üçün 10 manat. Vurulmuş ziyanın ümumi miqdar 16600 manat təşkil edir. Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli e-16(004)-23/2023 nömrəli qərardadına əsasən yol nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh məxsus “Lexus LX 570” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, həmin avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh və 3-cü şəxslərə qadağan edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kia Motors tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, “KİA SPORTACE” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyan cəmi 14530 manat təşkil edir. N1156 nömrəli satış çekindən görünür ki, İddiaçı avtomobilin servisdə qiymətləndirilməsinə görə X2 150 manat ödəniş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1365/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2506 nömrəli ekspert rəyi 01 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli 9/2506 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus KİA SPORTACE markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12198 manat müəyyən edilmişdir. KİA SPORTACE markalı 2012-ci il buaxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 27000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5%- 1350 manat aşağı olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 yanvar 2023-cü il tarixdə saat 04 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus KİA SPORTACE markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi və ona məxsus Lexus LX 570 markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hazırda İddiaçı ona məxsus KİA SPORTACE markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus KİA SPORTACE markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 16335 manat olduğunu bildirsə də, avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 12198 manat müəyyən edilmişdir, Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçı tərəfindən qüsur aktının tərtib olunması üçün N1156 nömrəli satış çekinə əsasən İddiaçı X2 150 manat ödəniş edildiyindən iddia tələbi bu hissədə təmin edilməli və ziyan aktının tərtib olunması üçün ödənilmiş 150 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı tərəfindən tələb olunan mənəvi zərərin ödənilməsi qanunvericiliyə əsasən ağlabatan məbləğdə tutulmalı, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Odur ki, İddiaçı dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pul Cavabdeh tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 139,8 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh 12198 manat maddi ziyanın əvəzinin, avtomobilin amortizasiyası nəticəsində 1350 manat, avtomobilin servisdə qiymətləndirilməsinə görə 150 manat zərərin əvəzinin, dövlət rüsumu üçün ödənilmiş 139,8 manat pul və mənəvi zərərə görə 1000 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12198 manat maddi ziyanın əvəzinin, avtomobilin amortizasiyası nəticəsində 1350 manat, avtomobilin servisdə qiymətləndirilməsinə görə 150 manat zərərin əvəzinin, dövlət rüsumu üçün ödənilmiş 139,8 manat pul və mənəvi zərərə görə 1000 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar