Məhkəmə qərarları › İş №e-2(004)-137/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-137/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-137/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **-GC-*** dövlət qeydiyyat nişanlı “Hundai Getz” markalı minik avtomobilinə vurulmuş 6992.25 (altı min doqquz yüz doxsan iki manat iyirmi beş qəpik) manat həcmdə maddi zərərin əvəzinin, eləcə də dövlət rüsumu olaraq 90 (doxsan) manatın Cavabdeh alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 oktyabr 2021-ci il tarixdə, iddiaçı idarə etdiyi, **-GC-*** dövlət qeydiyyat nişanlı “Hundai Getz” markalı avtomobil ilə Bakı şəhəri, Kazımzadə küçəsi ilə “Uni Klinika” istiqamətində hərəkətdə olarkən, 6 saylı doğum evinin qarşısında, sol tərəfdən qəfil çıxan, Cavabdeh idarə etdiyi qara rəngli, “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılması nəticəsində, zərbənin təsirindən iddiaçı, idarəetməni itirmiş və idarə etdiyi avtomobil ilk öncə solda dayanmış boz rəngli “Hundai” markalı avtomobilə daha sonra isə “Toyota” markalı avtomobillə dəyərək dayanmışdır. Baş vermiş yol qəza hadisəsi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində təhqiqat aparılmış və toplanmış HK-1/7804 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında bir neçə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan verilmiş şikayətlər əsasında təkrar araşdırmalar aparılmış və sonuncu 13 iyul 2022-ci il tarixli qərarda da əvvəlki qərarlar üzrə gəlinmiş nəticələrdə olduğu kimi yenə də göstərilmişdir ki, “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh X7 idarə etdiyi avtomobillə 6 saylı doğum evinin ərazisindən əsas yola çıxarkən hərəkətdə olan **-GC-*** dövlət qeydiyyat nişanlı “Hundai Getz” markalı avtomobilə yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yolun hərəkət hissəsinə daxil olmuş və idarə etdiyi “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq hissəsi ilə iddiaçının idarə etdiyi **-GC-*** dövlət qeydiyyat nişanlı “Hundai Getz” markalı avtomobili vurmuşdur. Zərbənin təsirindən də iddiaçı idarə etməni itirdiyindən idarə etdiyi avtomobil yolun sol hissəsində dayanmış avtomobillərə dəyərək dayanmışdır. Həmin sonuncu 13 iyul 2022-ci il tarixli qərarla cavabdehin törətdiyi hadisəyə qiymət verilərək bildirilmişdir ki, cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü, qəbul edilmiş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının sürətlə bağlı qəzanın qarşısını almaq üçün texniki imkanı olmuşdur. O, yolundan çıxanda orada maşınlar saxlayırmış, iddiaçıya yol vermişdir. Cavabdeh dayanmış, ancaq iddiaçı maşını saxlamamışdır. Qəzanın baş verdiyi yer də xəstəxana yaxınlığı idi. Orada onun sürətli çıxmağı mümkün deyildir. İddia tələbini zərərin onun tərəfindən vurulması hissəsində qəbul edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin atasıdır. Maşınlar toqquşan zaman istənilən sürücüdə şərti refleks vardır. Maşın iddiaçının maşınına toxunduğu anda iddiaçı şərti olaraq maşını saxlamalı və yol polisini gözləməli idi. Cavabdeh iddiaçının maşınına arxadan vurmamışdır, yandan toxunmuşdur. İddiaçı 40 metr sonra iki maşını vurmuş, ancaq o bunun qarşısını ala bilərdi. O yüksək sürətlə gəldiyi üçün dayana bilməmişdir və maşınını əzmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 çıxışında bildirmişdir ki, iddiaçı baş verən qəza ilə bağlı cavabdehi tam məsul hesab edir. Ekspert rəyində digər avtomobillərə vurulan ziyanlar iddiaçı ilə cavabdeh arasında bölüşdürülüb. Ona uyğun da iddianı cavabdehin iddiaçıya vurduğu hissədə qismən qəbul edir, qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, cavabdehin vəkilinin çıxışını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı 325141 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı “Hundai Getz” markalı **- GC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan Auto Azərbaycan “Automobile services”in xx.xx.2021-ci il tarixli AA0411010 nömrəli zərər aktından görünür ki, İddiaçı məxsus “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 6992,25 (altı min doqquz yüz doxsan iki manat iyirmi beş qəpik) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, vətəndaş İddiaçı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alınmasına dair toplanmış materialda cinayət tərkibli əlamətlər olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən material üzrə cinayət işinin baxılması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitan X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işiinin başlanması rədd edilmiş, qərarın surəti yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh və İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal rayon Pİ-nin DYPŞ-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin 28 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin 03 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 133804 nömrəli zərər dəymiş avtonəqliyyat vasitənin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 2696 (iki min altı yüz doxsan altı) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7266 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə,« Auto Azərbaycan şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Hundai Getz”markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6510 (altı min beş yüz on) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, Toyota Fortuner markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Hundai Getz”markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 90 (doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə iddiaçıya vurulmuş maddi zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4cü hissəsinə əsasən, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh iddiaçıya 6510 (altı min beş yüz on) manat məbləğində maddi ziyan vurmuş və onun tərəfindən qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə cavabdehin iddiaçının digər avtomobillərə dəyərək daha çox zərərə məruz qalmasını və bu səbəbdən bütün zərərin tam məbləğdə ondan tutulmasına etiraz etməsinə münasibətdə bildirir ki, yol-nəqliyyat hadisəsinin ilkin mərhələsində Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hərəkət etmiş, iddiaçının idarəsində olanda “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, İddiaçı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə digər iki avtomobillə toqquşmuşdur. Yəni ilkin olaraq yol nəqliyyat hadisəsinin baş verməsində birbaşa səbəbli əlaqə Cavabdeh təqsirli hərəkəti olmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7266 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi nəzərə alınmaqla maddi zərərin cavabdehdən tutulmasına dair iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün 90 (doxsan) manat məbləğində dövlət rüsumunu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 6510 (altı min beş yüz on) manat və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Hundai Getz” minik markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 6510 (altı min beş yüz on) manat və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar