Məhkəmə qərarları › İş №e-2(004)-1385/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1385/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1385/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 865,51 manat əsas, 354,79 manat faiz və 116,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və 33,37 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 03 mart 2017- ci il tarixli 2187 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 12 (on iki) faiz dərəcəsi ilə 18000 (on səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasənCavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 31 mart 2022-ci il tarixli **********340 nömrəli və 06 aprel 2022-ci il tarixli **********443 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2021-ci il tarixdə isə banka sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də Cavabdeh 03 mart 2017-ci il tarixli 2187nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 1336.82 manat məbləğində borcu vardır. Bundan 865.51 manat əsas, 354.79 manat faiz borcu və 116.52 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh X1 Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 03 mart 2017- ci il tarixli 2187 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, illik 12 (on iki) faiz dərəcəsi ilə 18000 (on səkkiz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 06 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 21 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 03 mart 2017- ci il tarixli 2187 nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixə 865.51 manat əsas, 354.79 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 116.52 manat faiz borcu təşkil edir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh 03 mart 2017- ci il tarixli 2187 nömrəli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin həmin müqavilə üzrə banka 865.51 manat əsas, 354.79 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 116.52 manat borcu olmaqla, cəmi 1336,82 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 865.51 (səkkiz yüz altmış beş manat əlli bir qəpik) manat əsas, 354.79 (üç yüz əlli dörd manat yetmiş doqquz qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 116.52 (bir yüz on altı manat əlli iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1336,82 (bir min üç yüz otuz altı manat səksən iki qəpik) manat borc və ödənilmiş 33,37 manat dövlət rüsumu pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 865.51 (səkkiz yüz altmış beş manat əlli bir qəpik) manat əsas, 354.79 (üç yüz əlli dörd manat yetmiş doqquz qəpik) manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 116.52 (bir yüz on altı manat əlli iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1336,82 (bir min üç yüz otuz altı manat səksən iki qəpik) manat borc və ödənilmiş 33,37 manat dövlət rüsumu pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar