Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1388/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziya İqbal qızının katibliyi, İddiaçı “X4” Bakı Filialı nın etibarnamə üzrə nümayəndəsi Bəşirov Gürşad Bərşad oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı “X4” Bakı Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Bakı Filialı”nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 28 yanvar 2022-ci il tarixinə olan 5930,42 manat əsas, 116,82 manat faiz borcu olmaqla, cəmi 6047,24 manat məbləğində kredit borcunun və ödənilmiş 80,47 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4” Bakı Filialı-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 Bakı Filialı” ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu-Cavabdeh2 arasında imzalanmış 09 iyul 2019-cu il tarixli 16 nömrəli Güzəştli Kredit (restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 5.960 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş güzəştli kreditin qaytarılmasının təminatı kimi “X4 Bakı Filialı” ilə Cavabdeh1 arasında 22 saylı və Cavabdeh3 arasında 23 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən Borcalan ssuda hesabında qalıq yarandığı gündən 1 ay sonradan başlayaraq banka 1 il müddətində hesablanmış faiz olaraq hər ayın həmin günü 4,97 manat 1 ildən sonra isə ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 126,72 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə Borcalan tərəfindən Kredit müqaviləsinin hər hansı şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ var. Müqavilənin şərtlərinə uyğun olaraq Borcalan 28 yanvar 2022-ci il tarixə banka kredit borcu üzrə 2340,60 manat ödəniş yerinə yetirməli idi. Lakin 28.01.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 69,63 manat ödəniş həyata keçirilmişdir. 28 yanvar 2022-ci il tarixinə cavabdehin banka borcu müqavilə şərtlərinə hesablanmış faizlərlə birlikdə 6047,24 manat təşkil edir. Bundan 5930,42 manat əsas borc və 116,82 manat faiz borcu təşkil edir. Hazırda borclu Cavabdeh2 borcunu ödəməkdən boyun qaçırır. İddiaçı “X4 Bakı Filialı”nın nümayəndəsi Bəşirov Gürşad Bərşad oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf qəbul edərək, etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -09.07.2019-cu il tarixli 16 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinə əsasən “X4 Bakı Filialı” borcalan Cavabdeh2 17 sentyabr 2012-ci il tarixli 2012/200 saylı kredit müqaviləsi üzrə qalıq qalan 5960 manat məbləğində əsas kredit borcunu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıya əsasən illik 1% hesablanmaqla 5 il müddətinə restrukturizasiya etmişdir. - 09.07.2019-cu il tarixli 22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 09.07.2019-cu il tarixli 23 nömrəli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh3 borcalan Cavabdeh2 17 sentyabr 2012-ci il tarixli 2012/200 saylı kredit müqaviləsi üzrə qalıq qalan 5960 manat məbləğində borcu üçün zamin olaraq öhdəlik götürmüşdür. - maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 09.07.2019-cu il tarixli 16 saylı güzəştli kredit müqaviləsi üzrə 28.01.2022-ci il tarixə 5930,42 manat əsas, 116,82 manat faiz borcu olmaqla, cəmi 6047,24 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borcalanın krediti restrukturizasiya edilir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı “X4 Bakı Filialı” Cavabdeh2 arasında bağlanmış 09.07.2019cu il tarixli 16 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi və eyni tarixli 22 və 23 nömrəli zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5930,42 manat əsas borc və 116,82 manat faiz borcu olmaqla, cəmi 6047,24 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 80,47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6127,71 (altı min yüz iyirmi yeddi manat yetmiş bir qəpik) manat tutularaq iddiaçı “X4” Bakı Filialına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5930,42 manat əsas borc, 116,82 manat faiz borcu və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 80,47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6127,71 (altı min yüz iyirmi yeddi manat yetmiş bir qəpik) manat tutularaq iddiaçı “X4” Bakı Filialına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1388/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1388/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver