Məhkəmə qərarları › İş №e-2(004)-142/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-142/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-142/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 manat borc və 690 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 400.690 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması və tutmanın Abşeron rayonu Saray qəsəbəsi Şəhriyar küşəsi ev 1, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsinə yönəldilərək açıq hərracda satılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ilə arasında 400.000 manat məbləğində borcun verilməsinə dair Bakı şəhəri 6 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 3M-2750 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2ci bəndinə əsasən borc alan krediti 23.06.22-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin öhdəliyin icrasının təmin olunması məqsədilə iddiaçı ilə cavabdehlər arasında eyni tarixli üç tərəfli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən reyestrdə ipoteka predmeti olan Abşeron rayonu Saray qəsəbəsi Şəhriyar küçəsi ev 1, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi mülkiyyətçi Cavabdeh1 tərəfindən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehə öhdəliyin icra olunmasına dair bildiriş göndərilmiş və ondan xx.xx.2022-ci il tarixədək öhdəliyin tam şəkildə icra edilməsi tələb edilmişdir. Əks halda aidiyyəti orqana müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Lakin qeyd olunan müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də cavabdehlərə xx.xx.2022-ci il tarixdə yenidən bildiriş göndərilmişdir. Göstərilənlərə baxmayaraq borclu hazıradək öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə 13.05.22-ci il tarixdə öhdəliyin 23.06.22-ci il tarixədək tam icra olunmasına dair bildiriş göndərilmişdir. Lakin qeyd olunan müddət keçsə də kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş iddiaçıya edilməmişdir. O, həmçinin cavabdehlərin dəlillərinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsinin əslində "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli məhsulun alqı-satqı müqaviləsi ilə əlaqədar olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa həmin müqavilə cavabdehlər tərəfindən məhkəmədə mübahisələndirilərək buna dair qarşılıqlı iddia ərizəsi verilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli müqavilənin özü həqiqəti əks etdirməsi şübhə doğurur, çünki xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin gələcəkdə bağlanacaq xx.xx.2020-ci il tarixli müqavilə üzrə götürülmüş öhdəliyin zəmanəti kimi çıxış etməsi real deyildir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə bildiriş göndərməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirir ki, o, quşçuluq təsərrüfatı ilə məşğul olan fərdi sahibkardır. İddiaçının rəhbərlik etdiyi "xxxx" MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli yem məhsulunun alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Ona görə də o, iddiaçıdan kredit müqaviləsində qeyd olunduğu kimi pulu real olaraq götürməmiş, yalnız nisyə aldığı 300.000 (üç yüz min) manat dəyərində olan quş yeminin təminatı olaraq kredit müqaviləsini bağlamışlar. Həqiqətdə 400.000 manat dəyərində yem verilməli idi, lakin 300.000 manat yem verilmişdir. Digər Cavabdeh1 atası və hazırda onun nümayəndəsi olan Nümayəndə isə onun xahişi ilə oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş lakin özünün faktiki istifadəsində olan evini notariusda kredit müqaviləsinin təminatı olaraq ipoteka qoymuşdur. Evi ipoteka qoyması müqabilində isə hər ay Nümayəndə 10.000 manat verməyi öhdəsinə götürmüşdür. O, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq cücələri və yemləri kiçik sahibkarlara satmışdır. Lakin sonradan həmin quş yeminin bir hissəsi keyfiyyətsiz olduğundan qazanc əldə edə bilməmişdir. Bu faktı isə şahidlər təsdiq edə bilər. O, borcu olduğunu etiraf edir, lakin borc iddia ərizəsində göstərilən qədər deyildir. Borcu yemin alqı-satqı müqaviləsi ilə bağlıdır. Həmin müqavilə üzrə 80.000 manat ödəniş etmişdir. Odur ki, iddianın əsassız hesab edilərək rədd olunmasını xahiş edir. Verilmiş suallara əsasən o, kredit müqaviləsinin alqısatqı müqaviləsi ilə bağlılığını onunla izah etmişdir ki, iddiaçı yem satışı ilə məşğul olan şirkətin direktorudur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi formal olaraq bağlanmışdır. Bundan sonra onlar öz aralarında 300.000 manatlıq quş yemi almışlar. Sonradan həmin quş yeminin keyfiyyətsiz olması üzə çıxmışdır. Bununla bağlı akt da tərtib olunmuşdur. Qanunvericilikdə də göstərilmişdir ki, malların yolda məhv olması və zədələnməsi riski satıcının üzərinə düşür. Həmçinin o, müqavilə əsasında pulu götürməmiş, pulun əvəzinə quş yemi almışdır. Əlavə olaraq bildirir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında yemin alğısatqısı barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru isə İddiaçıdir. Həmin müqavilədə də nəzərdə tutulmuşdur ki, yem keyfiyyətsiz olduğu təqdirdə satıcı məsuliyyət daşıyır. İddianın təmin olunmamasını xahiş edir. Verilmiş suallara əsasən nümayəndə bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən quş yemi məhsulunun keyfiyyətsiz olması ilə bağlı pretenziya verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, evini ipoteka ilə yüklü etməsi müqabilində ona vəd verilmişdir ki, aylıq 10.000 manat ödənişlər ediləcək, borclu isə kredit müqaviləsi üzrə borcunu tam şəkildə ödəyəcəkdir. Lakin 3-4 ay ödəniş edildikdən sonra ona heç bir ödəniş edilməmişdir. Hazıradək ona 80.000 manat ödəniş edilib. Onun borcla və tərəflərlə hər hansı bağlılığı yoxdur. Arvadının xəstəliyinə görə pula ehtiyacı olduğundan evi ipoteka qoyub gəlir əldə etmişdir. Bundan başqa ipoteka qoyulan evin dəyəri daha böyük məbləğdə olmasına baxmayaraq müqavilədə az göstərilmişdir. İddianın rədd olunmasını xahiş edir. Verilmiş suallara əsasən bildirmisdir ki, müqavilə bağlanaraqkən ona hədəqorxu gəlməyiblər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdeh Vaqif tanıyır. O, quşçuluq fəaliyyəti ilə məşğuldur. Vaqif onlara quş yemi vermiş və sonradan həmin yem keyfiyyətsiz olduğu müəyyən edilmişdir. Lakin Vaqifin həmin yemi haradan və hansı pul hesabına aldığını bilmir və kredit müqaviləsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, şifahi razılaşmaya əsasən Cavabdeh2 yem verilməli idi. Həmin danışıqlarda o, şəxsən iştirak etmişdir. Notariat ofisində pulu göstərmiş, lakin cavabdehə həmin pul verilməmiş və hər hansı bank hesabına köçürülməmişdir. İddiaçı orada bildirmişdir ki, həmin pulun əvəzində Cavabdeh2 yem məhsulu veriləcəkdir. Verilmiş suallara əsasən bildirmişdir ki, o, birbaşa olaraq danışıqlarda iştirak etməmiş və Notariat ofisinə mülkiyyətçi Cavabdeh1 atasını aparmaq üçün getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 tanıyır, digər cavabdehi isə tanımır. Onlar quşçuluq təsərrüfatı ilə, Cavabdeh2 isə kəsimi ilə məşğuldur. Cavabdeh2 onlara 80000 quş və onların yemini vermiş, lakin sonradan yemin keyfiyyətsiz olduğunu görmüşdür. Suala cavab olaraq bildirir ki, kredit borcu barədə məlumatı yoxdur və yemin haradan götürüldüyünü bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, onlar quşçuluqla məşğul olmuş, buna görə də cavabdeh Vaqifdən quş yemi almışlar. Suala cavab olaraq bildirir ki, yemin haradan və hansı pul hesabına alındığını bilmir, kredit müqaviləsi barədə məlumatı yoxdur. İş materiallarında olan : - 6 saylı notariat ofisində borc verən İddiaçı ilə borc alan Cavabdeh2 arasında bağlanmış, reyestrdə 3M-2750 nömrəsi ilə qeyd edilmiş, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Əliyev X2 Vaqif Ənvər oğluna 400.000 (dörd yüz min) manat məbləğində faizsiz borc vermiş, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə kreditorun adından onun nümayəndəsi X7 tərəfindən imzalanmışdır. - 6 saylı notariat ofisində kreditor İddiaçı, borclu Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış, reyestrdə 3M-2751 nömrə ilə qeydə alınmış, xx.xx.2020ci il tarixli, 3M/2751 saylı “İpoteka Müqaviləsi”nə əsasən müəyyən edilir ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsi Şəhriyar küşəsi ev 1, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsini 3M/2750 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə yüklü etməyi öhdəsinə götürmüşdür. İpoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 430.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə borclu Cavabdeh2, kreditorun adından nümayəndəsi X7 və mülkiyyətçi-ipoteka qoyan Cavabdeh1 adından nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. - AR ƏMDK yanında DƏDRX “Hüquqların dövlət qeydiyyatı haqqında Əmlakın Dövlət reyestrindən” Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. -xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş öhdəliyin icrası tələb edilmiş və ona xəbərdarlıq edilmişdir ki, əks halda aidiyyəti orqanlara müraciət olunacaqdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 400.000 manat borc verilməsi ilə bağlı notarial qaydada yazılı müqavilə bağlanmışdır. Hazırda iddiaçı 400.000 manat borcun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia borcun Cavabdeh2 tutulması hissəsində əsaslıdır. Çünki iddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış və öhdəliyini pozmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazı ilə bağlı qeyd edir ki, nə qədər ki, cavabdehin Cavabdeh2 iddiaçıdan 400.000 manat məbləğində borc alınması barədə müqaviləni imzaladığını və iddiaçıya borcu olduğunu qəbul etmişdir, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh2 üzərinə düşür. Cavabdehin vəsatətinə əsasən bu xüsusatla bağlı şahidlər dindirilmiş, lakin həmin şahidlər izahatlarında cavabdehdən aldıqları quş yeminin qismən keyfiyyətsiz olmasını bildirmələrinə baxmayaraq, lakin həmin yemin kredit borcu ilə bağlılığı barədə məlumatları olmamışdır. Bundan başqa cavabdeh məhkəmə baxışı zamanı 01 dekabr 2020-ci il tarixli “məhsulların alqı-satqısına dair” müqavilə təqdim etmişdir. Həmin müqavilənin mətininin 2.3-cü bəndində göstərilmişdir ki, alıcı Cavabdeh2 23 dekabr 2020-ci il tarixli 3M/2751 nömrəli “İpoteka” müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "xxxx" MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödəmək şərti ilə 300.000 (üç yüz min) manat məbləğində yemin alınmasının zəmanətini verir. Məhkəmə bununla bağlı qeyd edir ki, 01 dekabr tarixdə sonrakı tarixdə, yəni 23 dekabrda bağlanmış kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin təminat altına alınması mümkün deyildir. Müqavilənin hər səhifəsi imzalanmamış və möhürlənməmişdir. Odur ki, reallığa uyğun olmayan müqavilə məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə digər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, iddia tələbi bu hissədə ipoteka qoyan Cavabdeh1 münasibətdə əsassızdır. Belə ki, işin hallarından da göründüyü kimi, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan qismində öz mülkiyyətində olan əmlakı kreditor qarşısında ipoteka ilə yüklü etmişdir. O, kredit müqaviləsi üzrə tərəf deyildir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ondan tutulması ilə bağlı hər hansı öhdəliyi müəyyən edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar