Məhkəmə qərarları › İş №e-2(004)-1427/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1427/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1427/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 (borcalan) və X2 (zamin) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 46.197 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9.194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023cü il tarixə illik 5%-lə hesablanmış 5.707,38 manat faiz borcu və ödənilmiş 273,30 manat dövlət rüsumu olmaqla, cəmi 61.099,32 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 15,08%-lə 12 ay müddətinə 46.197 manat əsas borc almışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən ona zamin durmuşdur. Həmçinin Cavabdeh2 depozit hesabında olan 130.000 manat pul vəsaiti girov qoyulmuşdur. Borcu aldıqdan iki ay sonra bank bağlanmışdır. Bundan sonra cavabdeh banka zəng edərək, prosedurun necə davam etdirilməsini soruşmuş, əvəzində isə ona yaxın zamanlarda onunla bank əməkdaşlarının özlərinin əlaqə saxlayacağını bildirmişlər. Lakin, bank əməkdaşları onunla əlaqə saxlamamışdır. Hesab edir ki, həmin vaxtdan faizlərin hesablanması dayandırılmalı və depozit hesabında olan pul vəsaitinin hesabına borc ödənilməli idi. Odur ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 46.197 manat əsas borc qəbul edir, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9.194,94 manat faiz borcu və müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5.707,38 manat faiz borcu qəbul etmir. Bu səbəbdən iddia tələbinin 46.197 manat əsas borca aid hissədə təmin edilməsini, iddia tələbini qalan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC illik 15,08%-lə 12 ay müddətinə Cavabdeh1 46.197 manat borc vermişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Cavabdeh2 depozit hesabında pul vəsaiti olmuşdur. Cavabdeh2 özünə məxsus olan vəsaiti bankdan götürmüşdür. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən üç il keçəndən sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Zaminlik müqaviləsinin müddətinin bitməsindən üç il keçdiyinə görə zaminliyə xitam verilmişdir. İddia tələbi zaminə qarşı hissədə əsaslı deyildir. Odur ki, iddia tələbinin zamin Cavabdeh2 qarşı hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, e-2(004)-1427/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh1 illik 15,08%-lə 12 ay müddətinə 46.197 manat kredit vermişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 və zamin X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli zaminlik müqaviləsinə əsasən zamin X3 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu G.Ağayeva müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 46.197 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9.194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5.707,38 manat faiz borcu olmaqla, cəmi 61.094,32 manat borcu yaranmışdır. Borclu Cavabdeh1 izahatında bankın depozit hesabında zaminin pul vəsaitinin olmasını və həmin vəsaitin girov qoyulduğunu iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia tələbi yalnız borcun tutulmasından ibarətdir, girov predmetinə tutmanın yönəldilməsinə dair iddia verilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə zamin X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatdığına və müqavilənin müddəti bitdikdən sonra bir il ərzində iddiaçı zaminə qarşı iddia qaldırmadığına görə, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə X1 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 46.197 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9.194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023cü il tarixə illik 5%-lə hesablanmış 5.707,38 manat faiz borcu olmaqla, cəmi 61.099,32 manat borc və ödənilmiş 273,30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilməlidir. Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 46.197 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9.194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5.707,38 manat faiz borcu olmaqla, cəmi 61.099,32 (altmış bir min doxsan doqquz manat otuz iki qəpik) manat borc və ödənilmiş 273,30 (iki yüz yetmiş üç manat otuz qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilsin. Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar