Məhkəmə qərarları › İş №e-2(004)-1428/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1428/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1428/2022 04.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “(kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123659,14 manat məbləğində borcun, ödənilmiş 413 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 yönəldilərək ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100 000 manat məbləğində kredit verilmişdir. Bankla ipoteka qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 84, mənzil 109 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 134.2 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********676 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 123 659,14 manat təşkil edir. Bundan 93720,60 manat əsas, 29 938,52 manat faiz borcu təşkil edir. Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması üçün 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan NBCBank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş müvafiq dövlət qurumunda qeydiyyata alınmışdır və buna görə iddiaçı tərəfindən 40 manat rüsumu və xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə banka borcu 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 82 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilin (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 290.000 manat, likvid dəyəri isə 270.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 manat məbləğində borc, 413 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti banka ödənilməli, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93 720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123 659,14 (yüz iyirmi üç min altı yüz əlli doqquz manat 14 qəpik) manat məbləğində borc, 413 (dörd yüz on üç) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 yönəldilsin və mənzilin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 (bir) ay sonra boşaldılsın. Qətnamədən, onun aldığı (təqdim edildiyi) andan 1 (bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar