Məhkəmə qərarları › İş №e-2(004)-143/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-143/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-143/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin, digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin, digər xərclərin ödənilməsi” tələbinə dair iddia əizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 2.510 (iki min beş yüz on) manat pulun, taksi xidmətindən istifadə olunması ilə bağlı çəkdiyi xərclərə görə 583 (beş yüz səksən üç) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat, həmçinin ona dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 8493 (səkkiz min dörd yüz doxsan üç) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində iddiaçı özünə məxsus “Mercedes-Benz” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobillə ailə üzvləri ilə birlikdə Nəsimi rayonu, Bül-Bül prospekti ilə üzü Nizami küçəsi istiqamətinə hərəkət edərkən, M.Əliyev küçəsinin kəsişməsində yolayrıcını keçən zaman sağ tərəfdən sürətlə hərəkətdə olan, sonradan marka və nömrə nişanını gördüyü Cavabdeh məxsus “Hyundai” markalı, **-OA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Eyni zamanda qəza nəticəsində avtomobildə olan azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü X5 xəsarət almışdır. Yol nəqliyyat hadisəsinin cavabdehin M.Əliyev küçəsinin Bül-Bül küçəsi ilə kəsişməsində yerləşən “STOP” nişanının tələbinə əməl etməyərək hərəkəti davam etdirməsi nəticəsində baş verməsi aparılmış araşdırma ilə təsdiq olunmuşdur. Hadisə nəticəsində avtomobilə ümumilikdə 2.510 manat maddi ziyan dəymişdir. Vurulmuş zərərin məbləği “X9” tərəfindən verilmiş nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsinə dair qüsur aktı ilə təsdiq olunur. Daha əvvəl cavabdeh dəymiş maddi ziyanı tam ödəyəcəyini vəd etsə də, sonradan fikrindən daşınmış və müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Bundan sonra o, məcbur qalıb avtomobilini təmirə verməli olmuşdur. Artıq xeyli müddət keçmiş, həmin müddət ərzində, maşın təmirdə olan zaman işə gedib-gəlmək, eləcə də digər ehtiyaclarını qarşılamaq üçün taksi xidmətindən istifadə etməyə məcbur olmuş və bununla bağlı 583 (beş yüz səksən üç) manat əlavə pul xərcləmişdir. Bundan əlavə, hadisə ilə bağlı aparılan araşdırma zamanı, habelə hazırkı məhkəməyə müraciət etmək üçün keyfiyyətli hüquqi yardım göstərilməsi məqsədilə vəkillərlə ümumilikdə 400 (dörd yüz) manat məbləğində müqavilə bağlamış və həmin vəsaiti ödəmişdir. Göstərilənlərlə yanaşı, qeyd olunmuş məbləğlər ona dəymiş maddi ziyanın bir hissəsini təşkil etməklə, digər xərcləri olmasına baxmayaraq, buna dair yazılı sübutları olmadığından onları tələbində göstərməyi məqsədəuyğun hesab etməmişdir. İddiaçı ona dəymiş mənəvi zərəri onunla əsaslandırır ki, cavabdehin hərəkətləri nəticəsində hadisə zamanı avtomobilində olan azyaşlı övladı Səmədli Adnan bədən xəsarətləri almış, buna görə də valideyn olaraq onlar da mənəvi sarsıntı keçirmişlər. Belə ki, hadisədən sonra gecə saatlarında 9 saylı təcili tibbi yardım briqadasının müşayiəti ilə övladı 1 saylı X7 aparılmış, orada müayinə olunmuş və xəsarət alması öz təsdiqini tapmışdır. Bütün bu müddət ərzində övladının dayanmadan saatlarla ağlaması halı bir valideyn kimi ona mənəvi zərər vurmuşdur. Həmin vaxtı 6 aylıq olan oğlunun xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə-tibbi ekspertizası da onun xəsarətlərinin hadisə nəticəsində yaranmasını təsdiq etmişdir. Övladının müalicə xərclərini özü çəkmiş, cavabdeh tərəfindən isə hadisə ilə bağlı üzrxahlıq edilməmiş, istər övladının sağlamlıq, istərsə də psixoloji durumu ilə maraqlanmamışdır. Hadisə nəticəsində övladının xəsarət alması bir valideyn kimi onu çox ciddi narahat etmiş, mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Həmin gündən sonra neçə gün gecələr uşağı qorxu içində ağlamaqla yuxudan oyanmışdır. Bütün bunlar bir daha göstərir ki, cavabdeh öz qeyri-qanuni hərəkətləri ilə nəinki ona və ailəsinə maddi ziyan, eləcə də mənəvi zərər vurmuşdur. Hesab edir ki, cavabdehdən vurulmuş maddi ziyanla bərabər, ailəsinə dəymiş mənəvi zərər də tutulmalıdır. Hesab edir ki, cavabdehdən ona və ailəsinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pul tutulmalıdır. Göstərilən hallar həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda da öz əksini tapmış, cavabdehin təqsirinin olması, habelə zərəri ödəmək niyyətinin olması, dəymiş ziyanın həcmi, az yaşlı övladının xəsarət alması, dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun izah olunması və s. məsələlər ətraflı şəkildə izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, avtomobil xx.xx.2022-ci il tarixli qüsur aktını verən “X9”-də təmir olunmuşdur. Avtomobil təmirdə olduğu müddət ərzində o, taksi xidmətlərindən istifadə etmiş, buna dair sms bildirişləri və xidmət haqqına dair sübutlarını məhkəməyə təqdim etmişdir. O, bu müddət ərzində ictimai nəqliyyat vasitələrindən istifadə etməməsini onunla izah etmişdir ki, ictimai nəqliyyat ona vaxt baxımından maneə yaratdığından, belə ki, neçə marşrut dəyişməli olduğundan ictimai nəqliyyatdan istifadə etməmişdir. İddia ərizəsində qeyd olunan 400 manat məbləğində hüquqi yardım xərcindən 200 manat vəkilin məhkəməyə qədər göstərdiyi hüquqi xidmət, yəni ilkin tədqiqat üçün, qalan 200 manat isə məhkəmə mərhələsində göstərdiyi hüquqi xidmətlə bağlı ödəmişdir. Hadisə vaxtı onun 6 aylıq övladı avtomobildə olduğundan xəsarət almış, həmçinin ekspert tərəfindən uşağa dərəcəsi müəyyən olunmayan xəsarət alması diaqnozu qoyulmuşdur. O və ailə üzvlərinin qızıl sığortası olduğundan, övladının müalicəsi siğorta şirkəti tərəfindən ödənilmişdir. Hadisədən sonra övladı davamlı olaraq gecələr ağlamağa başlamış, bununla bağlı valideyn olaraq mənəvi sarsıntı keçirtmişdir. Cavabdeh isə hadisədən sonra nə onunla, nədə övladının səhhəti ilə maraqlanmamışdır. Hətta hadisə zamanı cavabdeh onun övladının ağlamasına əhəmiyyət verməmişdir. Cavabdehin bu kimi davranışları onda xoş təssürat yaratmamışdır. Bundan əlavə hadisə nəticəsində həyat yoldaşı da xəsarət almış, lakin bu halı qeydə aldırmamışdır. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, ekspert rəyi ilə razılaşmır, belə ki, həmin rəylər cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktında qeyd olunanları hər hansı araşdırma aparmadan eynilə təsdiq etmişdir. Bundan başqa cavabdehin təqdim etdiyi müstəqil ekspert rəyində, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərtib etdiyi rəydə avtomobilin 3 detalının rənglənməsini 300 manata, amortizatorun qiyməti isə 150 manat göstərilmişdir. Hansı ki, o, xx.xx.2019-cu il tarixdə “Ştutqart” mağazasından həmin amortizatorun bir ədədini 200 manat olmaqla, iki ədədini 400 manat ödəniş etməklə almışdır. Odur ki, ekspert rəyində göstərilən rəqəmlərlə razılaşmır və avtomobilin təmirini həyata keçirmiş “X9” tərəfindən verilmiş qüsur aktının sübut olaraq qəbul edilməsini xahiş edir. O, göstərilənlərə əsasən iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, tələbin həcmi şişirdilmişdir. Etiraf edir ki, cavabdeh tərəfindən yol hərəkəti haqqında qanunvericiliyin tələbi pozulduğundan hadisə baş vermiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Baxmayaraq ki, cavabdeh hadisədən bilavasitə sonra iddiaçıya təklif etmişdir ki, avtomobilin xərcini çəksin və hadisə zamanı xəsarət alması ehtimal edilən iddiaçının övladını həkimə aparsın, lakin iddiaçı özü cavabdehin köməyindən imtina etmiş, hətta maddi ziyan olaraq ondan artıq məbləğ tələb etmişdir. Cavabdehin vəkili olaraq o, özü şəxsən barışığa cəhd göstərmiş, lakin iddiaçının yüksək tələbinə görə onlar arasında razılıq əldə edilməsi mümkün olmamışdır. İlk gündən narazılıq olduğu üçün iddiaçının avtomobili təmir edilən servisə müstəqil ekspert göndərmiş və həmin ekspert avtomobilə bilavasitə baxış keçirtməklə mütəxəssis rəyini vermişdir. Ona görə də hesab edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyi ilə, onların məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi uyğunluq təşkil edir və avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1.395 manat hissədə tələbi qəbul edir. İddia tələbinin taksi xərci ilə bağlı hissəsində də qismən qəbul edir. Belə ki, iddiaçı avtomobil təmirdə olduğu müddət ərzində ictimai nəqliyyat növündən istifadə edə bilərdi. İctimai nəqliyyat qiymətlərinə uyğun olaraq yol xərcinin ümumilikdə 30-50 manat məbləğində hesablanmasına etiraz etmir. Tələbin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində isə ümumiyyətlə qəbul etmir. Belə ki, uşaqda dərəcəsi təyin olunmayan xəsarətlər aşkar edilməsi faktının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda müəyyən edilməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişlər. Lakin bu faktla razılaşmırlar. Çünki iddiaçı hadisədən bilavasitə sonra cavabdehin uşağın xəstəxanaya aparılması ilə bağlı təklifini qəbul etməmiş, onun xəbəri olmadan sonradan xəstəxanaya aparmışdır. Hesab edir ki, uşağın tibbi xərcləri ilə bağlı sübut yoxdur və bu hal sübut edilməlidir. Maddi ziyan yoxdursa, mənəvi zərər də ola bilməz. Bundan əlavə 6 aylıq uşağın gecələr ağlaması normal haldır və bu hal mənəvi zərər kimi qiymətləndirilə bilməz. Hüquqi yardıma görə ödənilmiş xərc olaraq iddia tələbini 64 manat hissədə qəbul edir. O, həmçinin qeyd edir ki, iddiaçının ailə üzvlərinin taksi fəaliyyətindən istifadə etməsi cavabdehə qarşı heç bir öhdəlik yaratmır. Odur ki, göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində özünə məxsus “Mercedes- Benz” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobillə ailə üzvləri ilə birlikdə Nəsimi rayonu, Bül-Bül prospekti ilə üzü Nizami küçəsi istiqamətinə hərəkət edərkən, M.Əliyev küçəsinin kəsişməsində yolayrıcını keçən zaman sağ tərəfdən hərəkətdə olan Cavabdeh idarə etdiyi və ona məxsus olan “Hyundai” markalı, **-OA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Hadisə baş verən tarixə cavabdehə məxsus avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. Hadisənin törədilməsində Cavabdeh İXM-in 327.2 və 469.3-cü maddələrinə əsasən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilinə dəymiş maddi ziyana görə 2.510 manat, avtomobilinin olmadığı dövrdə istifadə etdiyi taksi xərclərinə görə 583 manat, ona hüquqi yardım göstərilməsi ilə bağlı çəkilən xərclərə görə 400 manat, ona və ailə üzvlərinə dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat olmaqla, cəmi 8.493 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh tərəf isə yol nəqliyyat hadisəsinin törədilməsində onun təqsirinin olmasını etiraf edir, lakin iddia tələbi həcminin artıq olması əsası ilə qismən qəbul etdiyini bildirir. Məhkəmə əvvəla iddiaçıya məxsus avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan: - Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nə “AFF Mol” ticarət mərkəzinin qarşısında “Mercedes-Benz” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X3 xəsarət alması faktı üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozması, eləcə də onun əməlində cinayət tərkibinin deyil inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Odur ki, qərarla cinayət işinin başlanması rədd edilməklə qəbul edilmiş qərar Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 469.3-cü (hadisə baş verdiyi müddətdə icbari sığorta müqaviləsi olmamışdır) maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə icra edilməsi üçün aidiyyəti üzrə Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qərarla tərəflərə baş vermiş nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X9”in tərtib etdiyi xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2005-ci il buraxılışlı “Mercedes-Benz 230” markalı **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilə istifadə olunacaq ehtiyat hissələri: aliminium qol (üstdən çıxma) – 1 ədəd 200 manat, çuqun qol – 1 ədəd 160 manat, qabaq sağ amortizator – 1 ədəd 240 manat, sapfa (üstdən çıxma) – 1 ədəd 60 manat, qabaq sağ stupica podşıbnik (üstdən çıxma) – 1 ədəd 100 manat, qabaq sağ qapı (üstdən çıxma) – 1 ədəd 220 manat, qabaq sağ qapının kantı (üstdən çıxma) – 1 ədəd 45 manat, qabaq sağ qanad (üstdən çıxma) – 1 ədəd 160 manat, qabaq buferin sağ nikeli (üstdən çıxma) – 1 ədəd 70 manat olmaqla, cəmi 1255 (bir min iki yüz əlli beş) manat, görüləcək təmir işləri: dəmirçi və armatur işi – 350 manat, rəng işi – 600 manat, razval – 25 manat, slesar işi – 140 manat, diskin təmiri və rənglənməsi – 140 manat olmaqla, cəmi 1255 (bir min iki yüz əlli beş) manat olmaqla, ümumilikdə avtomobilin ehtiyat hissələri və təmiri birlikdə 2510 (iki min beş yüz on) manat təşkil edir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müstəqil ekspert X2 tərtib etdiyi xx.xx.2021-ci il tarixli rəydən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il buraxılışlı, gümüşü metallik rəngli “Mercedes-Benz” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı zərbə tətbiq olunan avtomobilə ön yan hissədən dəymişdir. Nəticədə avtomobilin qanadı, qapısı, alt işlək hissələri zədələnmişdir. Rəylə avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri aşağıdakı kimi qiymətləndirilmişdir: işçilik xərci : 1) armaturçu – 60 manat, 2) dəmirçi- 150 manat, 3)rəngsaz – 300 manat, 4) çilingər – 80 manat, 5) razval – 20 manat, 6) disk təmiri – 50 manat, cəmi 660 manat, ehtiyat hissələri: 1) aliminium qol –50 manat, 2) əyri qol – 1 ədəd 80 manat, 3) ön amortizator – 150 manat, 4) ön saffa – 65 manat, 5) ön sağ stupica podşıbniki – 45 manat, 6) ön sağ qapı – 120 manat, 7) sağ qanad – 140 manat, 8) ön bamperin sağ kantı – 60 manat, 9) ön sağ qapı kantı – 25 manat, cəmi 735 (yeddi yüz otuz beş) manat olmaqla, ümumilikdə avtomobilin ehtiyat hissələri və təmiri birlikdə 1395 (bir min üç yüz doxsan beş) manat təşkil edir. Rəyə avtomobilin ümumi görüntüsü, eləcə də zədələnmiş hissələrinin və ehtiyat hissələrinin fotoşəkilləri əlavə edilmişdir. - Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/7267 nömrəli ilkin ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «My Auto» servisin xx.xx.2021-ci il tarixli və müstəqil ekspert Əhməd Talıblının xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı, “Mercedes Benz 230” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1395 manat müəyyən edilir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixli, 9/7267 nömrəli ilkin ekspert rəyinə etiraz edərək təkrar əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, ekspert rəyi ilə cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi eynilik təşkil edir. Belə olan halda isə görünür ki, ekspert tərəfindən əlavə araşdırma aparılmamışdır. Baxmayaraq ki, avtomobil “X9”də təmir edilmişdir, ekspert həmin servisin verdiyi qüsur aktını deyil müstəqil ekspertin verdiyi qüsur aktını əsas götürmüş, bu halı isə rəyində əsaslandırmamışdır. Hansı ki, iddiaçı xx.xx.2019-cu il tarixdə “Ştutqart” mağazasından avtomobilin amortizatorlarının bir ədədini 200 manat olmaqla, iki ədədini 400 manata almışdır. İlkin rəydə isə amortizatorların qiyməti daha aşağı məbləğdə götürülmüşdür. Bu isə rəyin əsaslılığına şübhə yaradır. Məhkəmə tərəfindən iddiaçı tərəfin verdiyi vəsatət əsasında təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/710 nömrəli rəydən müəyyən edilir ki, əvvəlki rəydə avtomobilə vurulmuş zərərin məbləği yenidən təsdiqlənməklə, 2005-ci il buraxılışlı, “Mercedes Benz 230” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1395 manat təşkil edir. Təkrar ekspert rəyində əlavə olaraq qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2005-ci il buraxılışlı “Mercedes Benz 230” markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı hazırki mülki iş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli nöqsan aktları əsasında hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi mübahisəsizdir. Lakin iddiaçı özəl servis tərəfindən verilmiş qüsur aktına istinad edərək avtomobilə 2.510 manat məbləğində ziyan dəydiyini bildirsə də, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası üzrə verilmiş ilkin və təkrar ekspert rəylərinə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin təmirbərpa xərci ümumilikdə 1.395 manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/7267 nömrəli ilkin və xx.xx.2023-cü il tarixli 9/710 nömrəli təkrar ekspert rəyləri mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş “X9”in xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 2005-ci il buraxılışlı “Mercedes-Benz 230” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ilə ehtiyat hissələrinin dəyəri ayrı-ayrılıqda 1255 manat olmaqla eynilik təşkil edir. Bu hal isə özü-özlüyündə məlumatın doğruluğuna şübhə yaradır. Bundan başqa, iddiaçı tərəfindən göstərilən ümumi məbləğin, yəni 2510 manat ödənişin təmiri həyata keçirən “X9”ə real olaraq ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eləcə də avtomobilin ümumi vəziyyətinin və dəyişdirilməli olan ehtiyat hissələrinin fotoşəkilləri qüsur aktına əlavə edilməmiş, iddiaçı tərəfindən isə buna dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müstəqil ekspert rəyindən müəyyən edilir ki, müstəqil ekspert yerində avtomobilə baxış keçirmiş və hətta avtomobilin zədələnmiş hissələrinin ümumi görünüşü, dəyişdirilməli olan ehtiyat hissələrinin fotoşəkilləri ayrıayrılıqda rəyə əlavə edilmişdir. Qeyd olunan fotoşəkillər isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının avtomobilə xx.xx.2019-cu il tarixdə iki ədəd amortizatora 400 manat ödəniş etməsinə dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, artıq hadisə vaxtı qeyd olunan ehtiyat hissəsinin istismar müddəti iki ildən artıq müddəti keçmişdir. Bu isə özü-özlüyündə həmin ehtiyat hissəsinin dəyərini ilkin qiymətə münasibətdə aşağı salmış olur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müstəqil ekspert rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/7267 nömrəli ilkin və xx.xx.2023-cü il tarixli 9/710 nömrəli təkrar ekspert rəylərinin uyğunluq təşkil etməsi həmin rəyləri şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ilkin ekspert rəyini və həmin rəyin xx.xx.2023-cü il tarixli təkrar ekspert rəyi ilə təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mercedes- Benz” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1.395 manat məbləğində pul iddiaçıya ödənilməlidir. İddiaçının digər tələbi isə avtomobilə vurulmuş maddi ziyan nəticəsində təmirdə olduğu dövr ərzində, yəni avtomobilindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək istifadə edilə bilmədiyi üçün taksi xidmətindən istifadə etməsi ilə əlaqədar 583 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı bu iddia tələbi ilə bağlı sübut qismində “Uber” və “Bolt” taksi xidmətlərindən istifadə edilməsi ilə bağlı çıxarış və ekran görüntülərinin şəklini təqdim etsə də, həmin gedişlərin məhz onun özünün və ailə üzvlərinin istifadəsi üçün sifariş edilməsi sübut olunmur. Belə ki, cəmiyyətdə hamıya məlum olan haldır ki, qeyd olunan taksi şirkətlərinə məxsus tətbiqlər vasitəsilə, istifadəçi həm özü, həm də digər şəxslər üçün, bir və ya bir neçə sifarişi eyni anda verməsi mümkündür. Eləcə də sifarişlərin vaxtı müqayisəli şəkildə təhlil edildikdə görünür ki, bəzi sifarişlər iş vaxtlarına təsadüf etmişdir. Göstərilənlərlə yanaşı iddiaçı avtomobilin təmirdən hansı tarixdə çıxarılmasına dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı izahatında avtomobilinin “X9”ində təmir edilməsini göstərməsinə baxmayaraq, avtomobili hansı tarixdə təhvil almasına dair və ya təmirlə bağlı ödəniş etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı avtomobili təhvil alması ilə bağlı usta olması ehtimal edilən şəxslə “Whatsapp” sosial platforması vasitəsi ilə yazışmasının fotoşəklini təqdim etməsinə baxmayaraq, həmin hal digər mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə həmin yazışmanı sübut olaraq qəbul etmir. Həmçinin məhkəmə nəzərə alır ki, “X9”in qüsur aktı xx.xx.2021ci il tarixdə tərtib edilmişdir. Buna görə də, iddiaçı tərəfindən təqdim edilmiş və xərc olaraq istinad edilən taksi sifarişlərinin çıxarışı məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Lakin məhkəmə nəzərə alır ki, cavabdeh məhkəmə baxışı zamanı iddiaçının avtomobilinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (37 gün) təmirdə olmasını mübahisələndirməmişdir. Odur ki, məhkəmə qeyd olunan halı işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə həmçinin iddiaçının və onunla birgə təsərrüfat aparan ailə üzvlərinin nəqliyyata zəruri ehtiyacının olmasını, məhz zərər dəymiş avtomobilin iddiaçı və onun ailə üzvlərinin bu ehtiyacını qarşılamasını, həmçinin ictimai nəqliyyat (metro, avtobus v.s), taksi və hadisədən sonra istifadə edilmiş evakuator xidmətləri ilə bağlı ölkədə mövcud olan standart tarif qiymətlərini nəzərə alaraq qeyd edir ki, hər gün üçün nəqliyyat xərci olaraq təqribi 5 manat müəyyən edilməsi ağlabatan məbləğ olmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (37 gün) olan dövr üçün iddiaçının çəkdiyi nəqliyyat xərcinin əvəzi 185 manat müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan “166” daşıma xidmətinin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, evakuator xidmətindən istifadəyə görə 10 manat ödəniş həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərlə əlaqədar olaraq iddiaçının digər nəqliyyat vasitələrindən istifadə ilə bağlı çəkdiyi xərclərin əvəzi kimi (185+10=195) 195 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı eyni zamanda baş vermiş hadisə nəcitəsində ona və ailə üzvlərinə dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına görə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəyməsi ilə yanaşı, eyni zamanda həmin vaxt avtomobildə olan övladı xx.xx.2021-ci il təvəllüdlü X3 xəsarət alması faktı öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, İddiaçı izahatında hadisə nəticəsində arxa oturacaqda əyləşən arvadı Günay Səmədovanın qucağında olan xx.xx.2021-ci il təvəllüdlü oğlu Adnan Səmədli avtomobilin salon hissəsində olan bərk səddə dəyməsi nəticəsində xəsarət aldığını, hadisə yerindən arvadı və uşağını taksi vasitəsilə yaşadığı evə, daha sonra isə uşağın ağlamağına dözmədiyi üçün təcili yardımla 1 saylı KTM-na aparmasını göstərmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı məhkəmə-tibb ekspertizası təyin edilmiş və AR SN “Məhkəmə-tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin Nəsimi rayon Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1216 saylı rəy verilmişdir. Rəydən müəyyən edilir ki, 2021-ci il təvəllüdlü X3 bədən səthində aşkar edilmiş sol saidin qançırı xəsarəti bərk küt əşyanın təsirindən müayindən 4-5 gün əvvələ əmələ gəlmişdir. Qeyd olunan xəsarət qərarın təsviri hissəsində, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Nəsimi RPİ-nin məsul növbətçisi F.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 968 nömrəli raportdan isə görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:36-da 1 saylı KTM-dən tibb bacısı İsgəndərova zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı xx.xx.2021-ci il təvəllüdlü X3 bədənin müxtəlif nahiyyələrinin əziyi xəsarəti almasını və müayinə olunaraq evə buraxıldığını bildirmişdir. İddiaçının ailə üzvlərinə vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, mənəvi zərərlə bağlı tələb şəxsə bağlı hüquq olduğundan, iddiaçının ailə üzvləri adından onlara vurulmuş mənəvi zərərə görə məhkəmədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Lakin məhkəmə iddiaçının özünə münasibətdə hadisə zamanı 6 aylıq övladının xəsarət almasını, iddiaçının həmin vaxt övladı üçün keçirdiyi narahatçılığı, həmçinin hadisədən bir neçə saat sonra övladının həkim müayinəsindən keçməsini nəzərə alaraq hesab edir ki, iddiaçının hadisə zamanı övladı üçün mənəvi sarsıntı keçirməsi istisna edilmir. Lakin iddiaçı hansı əsasla ona dəymiş mənəvi zərəri 5.000 manat qiymətləndirməsini kifayət qədər əsaslandıra bilməmiş və məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının özünə münasibətdə ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ağlabatan hissədə qismən, yəni 300 manat məbləğində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İddiaçı həmçinin vəkilə çəkilən xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətə görə çəkilən xərclərin əvəzi olaraq pul tələbi ilə bağlı təqdim edilmiş xx.xx.2021-ci il tarixli 18240 saylı qəbzdən müəyyən edilir ki, 3102 saylı müqaviləyə əsasən Elkin Kərimli adlı şəxsin hesabına İddiaçı tərəfindən 200 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, qəbzdən görünür ki, bu köçürmənin təyinatı 3102 saylı müqavilədir. Lakin iddiaçı tərəfindən köçürmənin təyinatına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli 14800 saylı qəbzdən görünür ki, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş həyata keçirilmişdir. Hazırki mülki iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 241935 nömrəli vəkil orderindən isə görünür ki, iddiaçı ilə büronun vəkili Nümayəndə arasında həmin tarixdə 238 saylı müqavilə bağlanmışdır. Göründüyü kimi, iddiaçı hüquqi yardım üçün 400 manat məbləğində pul ödədiyini bildirsə də, iş materiallarında olan sübutlarla yalnız hazırki iş üzrə iddiaçının vəkili olan Nümayəndələ bağlanmış xx.xx.2022-ci il tarixli 238 saylı müqavilə əsasında Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş həyata keçirilməsi öz təsdiqini tapır. İddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli, 18240 nömrəli digər qəbzin təyinatı isə “3102 müqavilə üzrə Elkin Kərimli” göstərilmiş, qəbzə əsasən ödənişin hüquqi xidmətlərlə bağlı olması müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,9 (qırx manat doxsan qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1.395 (bir min üç yüz doxsan beş) manat, avtomobilin istifadəyə yararsız olduğu müddətdə taksi və evakuator xidmətindən istifadə olunması ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 195 (bir yüz doxsan beş) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat olmaqla, cəmi 2090 (iki min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,9 (qırx manat doxsan qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, ilkin məhkəmə əmtəəşünaslıq ekspertizası məhkəmənin öz təşəbbüsü ilə keçirilmiş, lakin verilmiş ilkin rəylə iddiaçı tərəf razılaşmadığından onun vəsatətinə əsasən təkrar ekspertiza təyin edilmişdir. Təkrarən verilmiş rəylə ilkin rəy öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş ilkin ekspertiza tədqiqatının xərci olan 100 manat tərəflər arasında ½ hissədə bölünərək, onların hər ikisinə aid edilməli, təkrar ekspertiza tədqiqatı isə iddiaçının vəsatətinə əsasən keçirildiyindən və ilkin rəy tamamilə təsdiq edildiyindən təkrar ekspertizanın xərci olan 100 manat tamamilə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertizaların xərcinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh, 150 (yüz əlli) manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1.395 (bir min üç yüz doxsan beş) manat, avtomobilin istifadəyə yararsız olduğu müddətdə taksi və evakuator xidmətindən istifadə olunması ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 195 (bir yüz doxsan beş) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat olmaqla, cəmi 2090 (iki min doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,9 (qırx manat doxsan qəpik) manat məbləğində pul İddiaçı oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertizaların xərcinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh, 150 (bir yüz əlli) manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar