Məhkəmə qərarları › İş №e-2(004)-1430/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1430/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1430/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 630 (altı yüz otuz) manat məbləğində əsas borcun, 248.85 (iki yüz qırx səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə borcunun, cəmi 878.85 (səkkiz yüz yetmiş səkkiz manat səksən beş qəpik) manat və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə aralarında 14.12.2020-ci il tarixli mövcud borcun etirafı haqqında müəcərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən, borclu bu Müqaviləni imzalamaqla Borc verənə aşağıda göstərilən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir, nağd pul üzrə borc – 630 (altı yüz otuz) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 15 may 2021-ci il tarixinədək tam həcmdə borc verənə qaytarılmasını öhdəsinə götürür. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, borclu hər gecikdirilmiş gün üçün Borc verənə qalıq borcunun 1% həcmində dəbbə pulu ödəməlidir. X1 borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetiməmişdir. Cavabdeh X3 müqavilə üzrə borcu 630 (altı yüz otuz) manat təşkil edir Odur ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh Haşim qızı ilə “Optimal Elektronika’’ MMC arasında 14.12.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılmışdır. Cavabdeh bu müqavilə ilə İddiaçı MMC-yə borcunun 630 manat olduğunu təsdiq etmişdir. Bu müqavilə ilə cavabdeh öhdəsinə götürdüyü borcu 15.05.2021-ci il tarixə qədər tam məbləğdə ödəməyi öhdəsinə götürsə də, borc məbləğini ödəməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, səkkiz ilə yaxın İddiaçı MMC-də işləyib. İddiaçıya 630 manat məbləğində borcunun olduğunu etiraf edir. Əsas borc məbləğini qəbul edir, cərimə hissəsində iddianı qəbul etmir. Əsas borc məbləğini ödəmək istəsə də pandemiya şəraiti səbəbilə işsiz olduğundan ödəniş etməyi mümkün olmamışdır. Məhkəmə tərəfindən maddi vəziyyətinin nəzərə alınmasını və iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.12.2020-ci il tarixli, movcud borcun etirafı haqqında müəcərrəd müqaviləsindən müəyyən olunur ki, cavabdehin əmək fəaliyyəti nəticəsində işəgötürənə vurduğu ziyana görə 630 manat dəyərində nağd pul üzrə borcu yaranmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 15 may 2021-ci il tarixinədək hər ayın 15-ci günü 105 manat olmaqla 6 ay ərzində tam həcmdə borc verənə qaytarılmasını öhdəsinə götürür. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.05.2021-ci il tarixli, 8365 nömrəli bildirişin surətindən görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 31.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 14.12.2020-ci il tarixli, mövcud borcun etirafı haqqında müəcərrəd müqaviləsinə üzrə cavabdehin 630 manat qalıq borcu, 248,85 manat cərimə borcu, cəmi 878.85 manat borcu vardır. Cavabdeh "xxxx" MMC-yə ünvanladığı ərizədən görünür ki, o "xxxx" MMC ilə bağladığı 14.12.2021-ci il tarixli daxili borc müqaviləsi üzrə 630 manat pul borcunu 01.01.2022-ci il tarixindən başlayaraq aylıq formada ödəməyi öhdəliyinə götürmüşdür. Ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş **********62 nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinin tələbinə görə, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, cabavdeh müqavilə üzrə ödənəli olduğu ödəməmiş, öhdəliyinin icra etməmişdir. 14.12.2020-ci il tarixli mövcud borcun etirafı haqqında müəcərrəd müqaviləyə əsasən cavabdehin 630 (altı yüz otuz) manat məbləğində əsas borcu, 248.85 (iki yüz qırx səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə borcu, cəmi 878.85 (səkkiz yüz yetmiş səkkiz manat səksən beş qəpik) borcu yaranmışdır. Məhkəmə, iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, cərimə borcunun miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirilməli və həmin məbləğ 30 manat məbləğinədək azaldılmalıdır. Çünki 630 manat əsas borc məbləğinə münasibətdə 30 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə 630 (altı yüz otuz) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə borcu, cəmi 660 (altı yüz altmış) manat məbləğində borc alınaraq iddiaçı “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 630 (altı yüz otuz) manat əsas borc və 30 (otuz) manat cərimə olmaqla, cəmi 660 (altı yüz altmış) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar