Məhkəmə qərarları › İş №e-2(004)-1436/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1436/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1436/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh Kamilov Yahya Əli oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Kamilov Yahya Əli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Kamilov Yahya Əli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1143,64 manat - bundan 688,82 manat əsas, 184,62 manat faiz, 197,93 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,27 manat faiz borcu və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumunun cavabdeh Kamilov Yahya Əli oğlundan müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 1135PFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kreditin qalıq borcunun bağlanması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə 2834 (iki min səkkiz yüz otuz dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh X5na kredit verilərkən Kamilov Yahya Əli oğlu ilə Bank arasında 20 oktyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, hazırkı vaxtadək vərəsəsi aşkar olunmamışdır. 20 oktyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə cavabdeh Kamilov X6 prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək aylıq ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh Kamilov Yahya Əli oğlu aylıq olaraq ödənişlər etmişdir. Kredit müqaviləsinin 1-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-ci il tarixli, **********0100 bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh X3 xx.xx.2023-ci il tarixə kredit üzrə cəmi borcu 1143,64 (bir min bir yüz qırx üç manat 64 qəp) manat təşkil edir. Bundan 688,82 (altı yüz səksən səkkiz manat 82 qəp) manat əsas, 184,62 (bir yüz səksən dörd manat 62 qəp) manat faiz, 197,93 (bir yüz doxsan yeddi manat 93 qəp) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,27( yetmiş iki manat 27 qəp) manat faiz borcu təşkil edir. Cavabdeh Kamilov Yahya Əli oğlu xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Kamilov Yahya Əli oğluna qarşı "kredit borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə baxış iclası xx.xx.2023-cü il tarix, saat 11:30-a təyin olunmuşdur. O, qeydiyyatda olduğu ünvanda yaşamır və qeydiyyat ünvanına gələn məktublardan xəbəri olmur, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı qaldırdığı iddia tələbi ilə bağlı məhkəmə prosesindən 6 aprel 2023-cü il tarixdə mobil telefonuna gələn “Elektron Məhkəmə SMS-bildiriş”dən xəbəri olub. Hesab edir ki, iddiaçının ona qarşı qaldırdığı kredit borcunun qaytarılması barədə iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 1135PFFK nömrəli kredit müqaviləsinə əsasən, X5na kreditin qalıq borcunun bağlanması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə 2834 (iki min səkkiz yüz otuz dörd) manat məbləğində kredit verilmişdir. X5na kredit verilərkən onunla Bank arasında 20 oktyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Əsas cavabdeh olan X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və hazırki vaxtadək vərəsəsi aşkar olunmamışdır. Əsas cavabdeh X5 vəfat etdikdə onun ölüm haqqında şəhadətnaməsini Banka təqdim etdi. Daha sonra Bankın nümayəndəsi ödənilməmiş qalıq borcu ondan tələb etməyə başladı. Bununla bağlı o, Banka müraciət edərək ödənilməmiş borcun hər ay hissəvi şəkildə ödənilməsi barədə xahiş etmişdi. 2021-ci il daxilində bir neçə ay ödəniş etdi, lakin daha sonra maddi imkanı olmadığından ödəniş edə bilmədi. Ödənişləri gecikdirdiyinə görə Bank ondan borcun tam bağlanmasını tələb etdikdə, o, Bankdan məhkəməyə müraciət olunmasını xahiş etdi. Lakin, Bank sonuncu onun ödənişindən 2 il keçdikdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbləri pozmuşdur. Belə ki, qanunvericilikdə də nəzərdə tutulub ki, əgər əsas borclu kreditor qarşısında öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor əsas borclu ilə birgə zaminə qarşı iddia tələbi irə sürə bilər. Əgər əsas borclu vəfat edibsə onun vərəsələri müəyyən olunaraq onları əsas borclu qismində ollara qarşı zaminlə birgə idda tələbi irəli sürə bilər. Hazırda isə, əsas borclu X5 vəfat etdikdən sonra onun vərəsələri müəyyən olunmamışdır. Bu baxımdan hesab edir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mənə qarşı qaldırdığı idda tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kamilov Yahya Əli oğlu etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli müqavilədən görünür ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan X5na 48 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2834 manat məbləğində kredit verilmişdir. “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə Kamilov Yahya Əli oğlu ilə xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Kamilov Yahya Əli oğlu xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli kredit müqaviləsi üzrə kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalan X5 ilə birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Kamilov Yahya Əli oğlunun X5 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli saylı kredit müqaviləsi üzrə banka olan borcu 688,82 manat əsas, 184,62 manat faiz, 197,93 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,27 manat faiz borcu olmaqla, cəmi 1143,64 manat təşkil edir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Kamilov Yahya Əli oğlu tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 22 aprel 2021-ci il tarixdə göndərilən ərizədən görünür ki, Kamilov Yahya Əli oğlu kredit götürən X5 öldüyünə görə ayda 50 manat ödəniş etməklə sistemdə faizlərin hesablanmasının dayandırılmasını xahiş etmişdir. Hesabdan çıxarışdan görünür ki, Kamilov Yahya Əli oğlu tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına əsasən müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli müqaviləyə əsasən borcalan X5na 48 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2834 manat məbləğində kredit vermişdir. Həmin müqavilə bağlanan zaman Kamilov Yahya Əli oğlu xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin durmuşdur. Daha sonra X5 16 mart 2021-ci il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi tapılmamışdır. Bununla bağlı Kamilov Yahya Əli oğlu banka müraciət edərək xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli müqaviləyə əsasən qalan borcun ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmiş və sonuncu ödəniş 2021-ci il tarixdə olmaqla, müxtəlif vaxtlarda ödənişlər etmişdir. Hazırda iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2017-ci il tarixli 1135- PFFK nömrəli müqavilə üzrə borcalan X5na zamin durmuş Kamilov Yahya Əli oğlundan qalan borc məbləğini tələb edir. Məhkəmə göstərilənlərə əsaslanaraq hesab edir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə X5 arasında xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli müqavilə 48 ay müddətinə bağlanmış və həmin müqavilənin müddəti 2021-ci il tarixdə bitmişdir. Həmçinin cavabdeh Kamilov Yahya Əli oğlu xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyini borcalan X5 öldükdən sonra yerinə yetirmiş və sonuncu ödəniş tarixi 2021-ci il olmaqla müəyyən ödənişlər etmişdir. Lakin 2021-ci il tarixdən sonra iddiaçıya ödəniş edilməmişdir. Odur ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş iddia tələbi xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə iddia müddəti ötürülərək, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə iş materiallarını məhkəməyə təqdim olunmuş sübutları araşdırıb, belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2017-ci il tarixli 1135-PFFK nömrəli müqavilə üzrə zamin durmuş cavabdeh Kamilov Yahya Əli oğlundan həmin müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə verildiyindən iddia tələbi əsassız hesab edilməlidir. Odur ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Kamilov Yahya Əli oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Kamilov Yahya Əli oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar