Məhkəmə qərarları › İş №e-2(004)-1437/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1437/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1437/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: icarə müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4253 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.0 m2 olan torpaq sahəsini Cavabdeh icarə şərtləri əsasında müvəqqəti istifadəyə verir.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 108 manat, aylıq icarə haqqı 9 manat təşkil edir.

3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 16148/2024 nömrəli bildiriş ilə Cavabdeh icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 61,40 manat məbləğində icarəhaqqı borcu yarandığı bildirilmiş, borcun ödənilməsi təklif olunmuşdur.

4. xx.xx.2024-cü il tarixli akta əsasən Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh icarəsində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33 kv.m olan torpaq sahəsi üzrə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsinin tələb edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-16148/2024 nömrəli bildiriş məktubunun təqdim edilməsi üçün müraicət edilsə də, icarəçi onu qəbul etməkdən imtina etmişdir.

5. Cavabdeh şəxsi hesab vərəqəsinə əsasən onun 4253 nömrəli müqavilə üzrə 88,4 manat məbləğdə borcu mövcuddur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə mövcud olan icarəhaqqı borcu üzrə 88,40 manat məbləğdə vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023cü il tarixli, 4253 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasın yerləşdiyi dövlət mülkiyyətində olan 33 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarəhaqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 88,40 manat icarəhaqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-16148/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir.

b) iddiaya etiraz

8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

10. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23. İcarəçinin vəzifələri aşağıdakılardır: ... torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, icra müqaviləsi əsasında icarə haqqını ödəmək ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

14. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

15. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixdə icarə müqaviləsi bağlanmış və aylıq icarə haqqı 9 manat müəyyən edilmişdir.

16. Hazırda iddiaçı icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 88,40 manat borcu tələb edir.

17. Odur ki, iddiaçının tələb etdiyi 88,40 manat icarəhaqqı borcu cavabdehdən tutulmalıdır.

18. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. 88,40 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Azərbaycan Respublikası X1 İdarəsi AZ53 NABZ ******************** nömrəli hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar