Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1448/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 13900 (on üç min doqquz yüz) manat təşkil edən borc məbləğinin, 132 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 141 mənzilində qeydiyyatda olsa da, ailəsilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır. Uzun zamandır, fərdi ev və ya mənzil axtarışında idi və bu zaman Cavabdeh evini satması ilə bağlı təklif almışdır. Cavabdeh ilə aralarında etibarlı tanışlıq münasibəti olub. Daha sonra Cavabdeh ilə evin alqı-satqısı barəsində şifahi şəkildə aralarında razılaşma olmuşdur. Bu razılaşma zamanı Cavabdeh satmağı vəd etdiyi evin məbləğini tam şəkildə ondan tələb etmişdir. Ancaq, o zaman maddi imkanının zəif olduğu üçün bu tələbi rədd etmişdir. Daha sonra, bu məbləğin hamısını ödəməyə maddi durumunun olmadığını bildirərək, qabaqcadan ödəmə olaraq 13900 (on üç min doqquz yüz) manat məbləğində razılaşmışlar. Bu məbləği tamamlayıb Cavabdeh vermək üçün dost-tanışlardan və bankdan borc almaq məcburiyyətində qalmışdır. İlk öncə 24 avqust 2023-cü il tarixində "xxxx" ASC ilə aralarında müqaviləyə əsasən 5500 manat məbləğində kredit və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi digər geri qalan məbləği tamamlamaq üçün banklardan faizi ilə kredit götürmüşdür. Bir müddət keçdikdən sonra Cavabdeh onunla razılaşdığı evi başqasına satdığını eşitmişdir. Bununla bağlı Cavabdeh ilə aralarında danışıqlar olmuş və razılaşma olmadığı üçün ona verdiyi məbləğin geri qaytarmasını tələb etmişdir. Ancaq o gündən bu günə qədər Cavabdeh müxtəlif səbəb və bəhanələrlə pulunu geri qaytarmır və bu müddəti uzadır. Hal-hazırda da Cavabdeh kredit götürüb verdiyi pulu faizi ilə birlikdə banka ödəyir (bununla bağlı sənədlər əlavə olunur). Cavabdeh borcunu ödəmədiyi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci polis bölməsinə xx.xx.2023-cü il tarixində yazılı olaraq şikayət etmişdir. Cavabdeh polis bölməsinə çağırıldığı zaman 13900 (on üç min doqquz yüz) manat məbləğində pulu aldığını etiraf etmiş, ancaq ərizədə göstərilən xüsusatların məhkəmə səlahətlərinə ait olduğundan polis bölməsindən məhkəmə orqanlarına müraciət etməyini bildirmişlər (məktub əlavə olunur). Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia tələblərinin qismən, 4500 manat məbləğində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hal-hazıradək keçirilmiş məhkəmənin hazırlıq iclasları zamanı ilkin dinləmələr və verilmiş şifahi izahatlardan məlum olur ki, İddiaçı 2023cü ilin avqust ayından 2024-cü ilin yanvar ayınadək Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 3 otaqlı fərdi həyət evində qohumluq münasibətləri olduğu üçün cavabdehin razılığına əsasən ailə üzvləri ilə birlikdə yaşamışdır. İlkin olaraq iddiaçı cavabdehə 6000 manat pul vəsaiti vermişdir. Cavabdeh ilk gündən evini 65000 manata satacağını bildirmiş, lakin iddiaçı bu qədər məbləğin onda olmadığını bildirərək, əvvəlcədən ödədiyi 13900 manat pul vəsaitini gei istəmişdir. Əslində isə iddiaçı cavabdehə ev tapana qədər 6000 manat pul vəsaiti vermişdir. Həmin pul vəsaitini geri qaytarmağı iddiaçı tələb etdikdə, cavabdeh onun evində yaşadığı 5 ay müddətində kirayə haqqı olaraq 1500 manat pul tələb etmişdir. Mübahisə yaranmışdır. İddiaçı razılaşmadığı üçün cavabdehdən Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə şikayət etmişdir. Lakin polisdən bildirmişlər ki, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək lazımdır.(məktubun surəti iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı məhkəməyə müraciət edərək iddiaçıdan 13900 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Subut növü kimi: 1. Guya ki, Polis Bölməsində cavabdeh aldığı pulu etiraf etmiş və qaytaracağını bildirmişdir. Əslində isə polisdə heç bir araşdırma aparılmamışdır. Bu barədə Sabunçu RPİ-nin 15-ci PB-dən xx.xx.2025-ci il tarixli 3-13-49-4/2-2686 nömrəli cavab məktubu verilmişdir. İddiaçının istinad etdiyi mənbə verilmiş cavab məktubu ilə təkzib edilir. 2. Dost-tanışlardan və bankdan kreditə pul vəsaitinin götürüb cavabdehə verilməsini bildirən iddiaçının iddia ərizəsinə əlavə etdiyi bank sənədlərindən məlum olur ki, iddiaçı və həyat yoldaşı 2023-cü ilədək dəfələrlə banklardan kredit götürmüşlər. İddiaçının tələbləri əsassızdır, iddia tələblərinə qarşı etirazımı bildirir və hesab edir ki, iddiaçı ailə üzvləri ilə onun evində 5 ay müddətində mübahisəsiz yaşadıqları və hər ay üçün 300 manat kirayə haqqı hesablanmaqla, iddiaçının verdiyi 6000 manat pul vəsaitdən həmin kirayə pulu çıxılmalı və 4500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və tələb etdiyi 13900 manat pul məbləğindən 5 aylıq kirayə haqqı pulu olan 1500 manatın çıxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında iddiaçının onun qaynının yoldaşı olduğunu, ona evi almaq istədiyini bildirdiyini, evin qiymətini 65000 manata razılaşdıqlarını, iddiaçının ona ilkin olaraq hissə-hissə 6500 manat məbləğində pul verdiyini, qalan pulu isə 1 il ərzində ödəyəcəyini, sonra evi almağa gücünün çatmadığını, ödədiyi pulu geri tələb etdiyini bildirdi və iddiaçı tərəfindən ona verilmiş 6500 manat puldan 1500 manat kirayə haqqı çıxılmaqla iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verərək, 6500 manat puldan 1500 manat kirayə haqqı çıxılmaqla iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 5500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışa əsasən X3 (İddiaçı həyat yoldaşı) xx.xx.2023-cü il tarixdə 6000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001697854 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan İddiaçı 48 ay müddətinə, illik 22.9 % ödəmək şərtilə 5500 manat məbləğində krediti mülkiyyətinə vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 49-4/2-9-17148 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə etdiyi müraciətə Sabunçu RPİ-nin 15-ci PB-də baxılmış, ərizədə göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 3-13-49-4/2-4386 nömrəli məktubuna əsasən İddiaçı Çərkəz qızının Cavabdeh haqqında şikayəti barədə Sabunçu RPİ-nin 15-ci PB-də heç bir araşdırma aparılmamışdır. Bundan başqa iş materiallarına səs yazıları, videolar və fotoşəkilləri əks etdirən flash kart əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi həyət evini İddiaçı ilkin ödəniş etməklə qalan pulu 1 il ərzində ödəmək şərtilə 65000 manata satmaq barəsində razılığa gəlmişlər. İddiaçı razılığa əsasən cavabdehə ilkin olaraq hissə-hissə 13900 manat məbləğində pul verdiyini, cavabdeh isə iddiaçı tərəfindən ona hissə-hissə cəmi 6500 manat məbləğində pul verildiyini bildirmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə 5 ay həmin evdə yaşadıqdan sonra tərəflər arasında razılığın şərtlərinə əməl olunmadığından iddiaçı ailəsi ilə birlikdə evdən çıxmışdır, hazırda İddiaçı Cavabdeh verdiyi 13900 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödədiyi 132 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı tərəfindən ona 6500 manat məbləğində pul verildiyini və cavabdehin ailə üzvləri ilə birlikdə onun evində 5 ay yaşadığını nəzərə almaqla, kirayə haqqı olaraq 1500 manat (hər ay üçün 300 manat olmaqla) pul çıxılmaqla iddianın 5000 manat hissədə təmin olunmasına etiraz etmədiyini, iddiaçı isə tələb etdiyi ümümi pul məbləğindən 5 aylıq kirayə haqqı olaraq 1500 manatın çıxılmasına etiraz etmədiyini bildirmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında evin 65000 manata satılması ilə bağlı razılıq əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə hissə-hissə ilkin ödəniş edilmiş, iddiaçı ailə üzvləri ilə birlikdə 5 ay müddətində sözügedən evdə yaşamışdır və həm iddiaçı, həm cavabdeh ilkin ödəniş olaraq verilmiş puldan 5 aylıq kirayə haqqı olan 1500 manatın çıxılmasına etiraz etmirlər. İşin mübahisəli halı isə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olaraq hissə-hissə verilmiş pulun ümumi məbləğidir. Tərəflərin şəxsən iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş iddiaçının flash kartda təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə cavabdehin həyat yoldaşı tərəfindən iddiaçının qızına göndərilmiş səsli mesajda cavabdehin həyat yoldaşı Cəmilə iddiaçının qızı Pikəyə “verilən dala qayıtmır, qalmaq istiyirsizsə qalan 51500 manatı verin, sonra siz sağ biz salamat” ifadəsi ilə iddiaçı tərəfindən cavabdehə 13500 manat (65000 - 51500 = 13500) məbləğində pul verildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin izahatları, səs yazıları, videolar və fotoşəkillərə əsasən iddiaçı tərəfindən cavabdehə 13500 manat məbləğində pul verildiyi öz təsdiqini tapmışdır və tərəflər ümumi ödənilmiş puldan kirayə haqqı olaraq 1500 manatın çıxılmasına etiraz etmədiklərindən iddia 12000 (13500 - 1500) manat hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçının 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 132 manat dövlət rüsumunun 126 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat və dövlət rüsumu olaraq ödənilmiş 126 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-1448/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1448/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver