Məhkəmə qərarları › İş №e-2(004)-1454/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1454/2022

14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1454/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Elmir qızının iştirakı ilə, İddiaçı cavabdeh Qurban Cavabdeh Hüseyn qızına qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB cavabdeh Qurban Cavabdeh Hüseyn qızına qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə 02.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh Qurban Cavabdeh Hüseyn qızından vurulmuş maddi zərərə görə 216 manat, 496,4 manat borc olmaqla, ümumilikdə 742,4 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-in nümayəndəsi Nümayəndə2 Elmir qızı izahat verərək bildirir ki, İddiaçı İB ilə abonent Qurban Cavabdeh Hüseyn qızı arasında 31.03.2017-ci il tarixində 02/7721 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-in Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30.09.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Belə ki, saldo və GAZREP məlumatlara əsasən 2020-ci ilin sentyabr-dekabr ayları üzrə 104,70 manat sərfiyyat borcu olmuşdur. 2021-ci ilin yanvardekabr ayları üzrə 449,10 manat sərfiyyat borcu, 12,10 manat limitdən artıq istifadə etməsi səbəbi ilə yaranmış sərfiyyat borcu, cəmi 461,20 manat borcu olmuşdur. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər cavabdeh cəmi 69,50 manat məbləğində ödəniş etmişdir. Bütün bunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 496,40 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu və GASREP məlumatları üzrə 712,4 manat təşkil edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Paylayıcı” qismində İddiaçı İB ilə istehlakçı qismində Qurban Cavabdeh Hüseyn qızı arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə 31.03.2017-ci il tarixli, 02/7721 saylı müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28.08.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı İB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Qasımzadə küçəsi, ev 16, 74 saylı mənzildə qaz sayğacına baxış keçirilən zaman sayğacın istismar müddəti bitdiyi üçün 1202AQ**********7 nömrəli sayğac **********5 nömrəli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Mexaniki göstəricisi 00000 m3 olmuşdur. İş materiallarında olan «Azəriqaz” İB-in 18.09.2020-ci ildə dövlət yoxlamasına gətirilmiş “Smart” tipli qaz sayğaclarına baxış keçirilməsi barədə 27.09.2020-ci il tarixli aktın surətinə əsasən zavod nömrəsi 1202AQ**********7 olan sayğacın müayinəsi zamanı sayğacın plastmas borusunun deşildiyi və sayğaca müdaxilə nəticəsində qaz itkisinin olması müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı İB-in 29/171002964- 1 saylı aktına əsasən sayğacın çıxış plastmas borusu deşikdir. Hesablama nəticəsində 2160 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İstehlakçı aktı qəbul etməkdən imtina etmişdir. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 30.09.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Qurban Cavabdeh Hüseyn qızına 30.09.2020-ci il tarixli, ******* saylı akt əsasında 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2160 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan 02.02.2022-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00740 olan Qurban Cavabdeh Hüseyn qızına 2020-ci ilin sentyabr ayına 216 manat cərimə yazılmış, həmin il üzrə cəmi 107,7 manat sərfiyyat hesablanmış, 69,5 manat ödəniş edilmiş, 2021-ci ilin noyabr ayına 12,1 manat yeni tarifə keçidlə bağlı borc və il üzrə cəmi 449,1 manat sərfiyyat hesablanmış və həmin il ödəniş edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında 2017-ci ildə təbii qazın alğı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehin yaşadığı mənzil qazla təchiz edilmişdir. İddiaçının yaşayış sahəsinə quraşdırılmış sayğac cavabdeh birliyin əməkdaşları tərəfindən 28.08.2020-ci il tarixdə müddətinin bitməsi ilə əlaqədar yeni sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriyada müayinə edilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi və qaz itkisinin olması müayinə edilmişdir. Bu barədə tərtib edilmiş 30.09.2020-ci il tarixli akta əsasə hesablama aparılmış və abonentə - iddiaçıya 2160 m3 itirilmiş qaz hesablanmışdır. Hazırda iddiaçı 216 manat maddi ziyan və 496,4 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını ələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbini 216 manat məbləğində maddi ziyanın tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçının sahibliyində olan mənzilə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Cavabdehin yaşadığı mənzildən kənarda quraşdırılmış qaz sayğacı İddiaçı İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə və ya kənar təsir qeydə alınmamışdır. Həmin gün tərtib edilmiş akta əsasən sayğacın dəyişdirilmə səbəbi isə sayğacın istismar müddətinin bitməsi olmuşdur. Digər tərəfdən sonradan aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 496,4 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, aralarında bağlanmış müqavilə əsasında iddiaçı cavabdehin yaşadığı mənzili təbii qazla təchiz etmiş, cavabdehin təbii qazdan istifadəyə görə 2020-ci il üzrə 104,7 manat borcu yaranmış və o, borca 65,9 manat ödəniş etmiş, nəticədə 2020-ci il üzrə cəmi (104,7-69,5=35,2) 35,2 manat borcu qalmışdır. 2021ci il üzrə isə 449,1 manat və yeni tarifə əsasən 12,1 manat borcu yaranmış, borca ödəniş etməmişdir. Beləliklə cavabdehin cəmi (35,2+449,1+12,1=496,4) 496,4 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazadan istifadə nəticəsində yaranmış, lakin cavabdeh tərəfindən ödənilməmiş borc cavabdehdən tutulmalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış 31.03.2017-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Qurban Cavabdeh Hüseyn qızından 496,4 (dörd yüz doxsan altı manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutularaq (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qurban Cavabdeh Hüseyn qızından 496,4 (dörd yüz doxsan altı manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutularaq (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar