Məhkəmə qərarları › İş №e-2(004)-1455/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1455/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1455/2023 05.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 hər birinin saxlanılmasına dair alimentin məbləğinin 193 manatdan 220 manatadək artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 sentyabr 2006-cı il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşdur. Birgə nigahdan 14 iyul 2007-ci il təvəlüdlü X5, 19 aprel 2009-cu il təvəlüdlü X6 və 10 oktyabr 2012-ci il təvəllüdlü X7 doğulmuşlar. Cavabdehin ailəyə münasibətinin dəyişilməsi, ailəsi ilə maraqlanmaması, onlara ata qayğısı göstərməməsi, ona və övladlarına heç bir vəsait xərcləməməsi, zorakılıqlara yol verməsi, azyaşlı uşaqların tərbiyəsi ilə məşğul olmaması, daima ailəni qorxu və həyacan içərisində yaşatması, narkotik vasitələrin aludəçisi olması, başqa bir qadınla yaşaması səbəbindən Yasamal Rayon məhkəməsinin 2(004)-2355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanan nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sonuncu 2(004)-2054/2022saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 1713/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2023- cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək qeyd etmişdir ki, iddiaçının himayəsində 3 uşaq var. Məhkəmə qətnaməsi ilə 1 uşağa görə 193 manat olmaqla, 3 uşağa əsasən 579 manat aliment kəsilib. Hazırda qiymətlərin bahalaşması səbəbi ilə artıq geyim, qida, təhsil xərcləri artıb. 579 manat aliment xərcləri qarşılamağa kifayət etmir. Ona görə də aliment məbləğinin dövlət tərəfindən müəyyən edilmiş qaydada 1 uşağa görə 220 manat olmaqla müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh yalan danışır. Onun atasının daş karyerləri var. Özünün maşını, mağazaları var. Mağazalar, maşınlar heç biri cavabdehin adına deyil. O, bütün bunları başqalarının adına keçirib, qumara qoyur. İş yerləri mövcuddur. Cavabdeh özü qəsdən işləmir. İşlə bağlı müraciət edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onun heç bir gəlir yeri yoxdur. O, 579 manatın ödənilməsində belə çətinlik çəkir. Hazırda övladları ondan üz döndərib. Onun himayəsində yaşlı valideynləri də var. Bahalaşmadan o da əziyyət çəkir. 579 manatın ödənilməsində gecikmələr olur. Ondan üz döndərdiklərinə görə xərci də özləri çəkməlidirlər. İş materiallarında olan AZ-İİİ seriyalı, 003781 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 954462 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 269687 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2355/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 05 sentyabr 2006-cı il tarixli 2545 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəlüdlü X5, xx.xx.2009-cu il təvəlüdlü X6 və xx.xx.2012-ci il təvəlüdlü X3 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2054/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1713/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilmiş, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2054/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq, iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2023-cü il yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqları maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, 660 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar