Məhkəmə qərarları › İş №e-2(004)-146/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-146/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-146/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 168771,69 (yüz altmı səkkiz min yeddi yüz yetmiş bir manat, 69 qəpik) manat əsas borc və 324447, 90 (üç yüz iyirmi dörd min dörd yüz qırx yeddi manat, 90 qəpik) manat faiz borcu, 0 (sıfır) manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2976,88 (iki min doqquz yüz yetmiş altı manat, 88 qəpik) manat faiz məbləği olmaqla, cəmi 496196,47 (dörd yüz doxsan altı min yüz doxsan altı manat, 47 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 787 (yeddi yüz səksən yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının B blokunda 6-cı mərtəbəsində yerləşən 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzilə yönəlməsi, qeyd edilən əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010- cu il tarixli, 122 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 156 (yüz əlli altı) ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 170000 (yüz yetmiş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK iləCavabdeh arasında bağlanmış 141/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının B blokunda 6-cı mərtəbəsində yerləşən 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 122/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 168771,69 (yüz altmı səkkiz min yeddi yüz yetmiş bir manat, 69 qəpik) manat əsas borc və 324447, 90 (üç yüz iyirmi dörd min dörd yüz qırx yeddi manat, 90 qəpik) manat faiz borcu, 0 (sıfır) manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2976,88 (iki min doqquz yüz yetmiş altı manat, 88 qəpik) manat faiz məbləği olmaqla, cəmi 496196,47 (dörd yüz doxsan altı min yüz doxsan altı manat, 47 qəpik) manat məbləğində kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, övladı öz ailəsiylə ipoteka predmeti olan evdə yaşadıqları üçün müqaviləni imzalamışdır, lakin kreditdən məlumatı olmayıb. Faiz məbləği ilə razı deyil. 2011-ci ildən həmin evdə yaşamır. Ev onun qudası Nadirin olub, ödəniş edərək alıb. 156.000 manat ödənilib. Həmin gün də qaçaqaçla ona müqavilə imzalatmışdılar. 4 ay 2500 manat ödəniş etmişdir. Daha sonra qudası azadlıqdan məhrum edildi. Özü isə əməliyyat olunduğundan ödənişi edə bilmədi. İşlə əlaqədar banka gedəndə 17.000 manat borcunun olmasını ona bildirdilər. Onun kürəkənini, yəni Nadirin oğlunu qorxutdular, daha sonra kürəkəni vəfat etdi. Ev başqasının adına keçdi. O, 2011-ci ildə evdən çıxıb getmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, qudası Nadirin adına olan krediti ləğv edib, onun adına kredit açdılar. 4 aydan sonra isə ödəniş edə bilmədi. Korrupsiyaya da müraciət etmişdir. "xxxx" MTK ona bildirmişdir ki, evi satıb pulunu verəcəklər. Evini ona qaytarsınlar ki, satıb krediti ödəsin. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK heç bir səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 dekabr 2010cu il tarixli, 122 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana illik 15% olmaqla 156 ay müddətinə qaytarmaq şərti ilə 170.000 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götümüşlər. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunda 59 saylı mənzilin alınmasına verilir. "xxxx" ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli 122/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli, 122 nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 170.000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyur. Müqavilənin 1.3-cü bəndinə əsasən, ipoteka qoyulan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən binanın B blokunda 6-cı mərtəbəsində istifadədə olan 159.kv.m ümumi sahəsindən ibarət 4 otaqlı 59 saylı mənzildir. İcraçı "xxxx" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli 141/R nömrəli müqavilədən görünür ki, müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. 21 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh LPO "xxxx" ASC-yə 27 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 168.771,69 manat əsas, 324.447,90 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən 2976,88 manat faiz borcu olmaqla, cəmi borcu 496.196,47 manat təşkil edir. LPO "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 21 may 2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 27 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 496.196,47 manat məbləğində borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məhkəmənin sorğusuna 2-2- 2-2-02/3/2-202026262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Baş İdarənin İstintaq idarəsində ********* nömrəli cinayət işi üzrə Ləğvetmə prosesində olan İddiaçı ASC-nin bank lisenziyası əsasında fəaliyyət göstərdiyi dövrdə bir sıra fiziki şəxslərə "xxxx" MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almaq məqsədilə müxtəlif məbləğlərdə kreditlər verilməsi faktı, eləcə də, Cavabdeh müraciəti ilə bağlı istintaq aparılır. İstintaq zamanı Cavabdeh ifadəsində göstərmişdir ki, qohumu (qudası) X3 "xxxx" ASC-nin rəhbəri Nadir İsmayılovla dostluq əlaqəsi olduğundan 2007-ci ildə sonuncu tərəfindən inşa edilən, "xxxx" MTK-ya məxsus, ünvan 1, B bloku, 6-cı mərtəbədə yerləşən, 159 kv. metr ölçüdə 4 otaqlı, 59 nömrəli mənzili ipoteka ilə almış, ilkin ödəniş kimi təxminən 48.000 manat ödəniş edilmiş, sənədlərin kötüyü ƏSF-da olduğundan və onlara heç bir sənəd təqdim edilmədiyindən məbləği dəqiq deyə bilməmişdir. 2007-ci ildən qudası ilə birlikdə mənzili təmir etdirmişlər, 2008-ci ildə kürəkəni Hilal Qasımov və qızı övladları ilə orada yaşamağa başlamışlar, təmirə təxminən 100.000 manat civarında pul xərclənmiş, aylıq 1800-2000 manat olmaqla 2009-cu ilin dekabr ayına qədər Nadir Qasımov tərəfindən mütəmadi ödəniş edilmiş, 2009-cu ilin dekabrın 5-də sonuncu həbs edilmiş və hipotekanın ödənişində gecikmələr olmuş, bu səbəbdən 2010-cu ilin dekabr ayında ipoteka onun adına keçirilmiş, xx.xx.2010-cu il tarixdə qudası türmədə ola-ola onun adına olan 135.552,49 manat əsas, 20.458.63 manat faiz olmaqla cəmi 156.011,12 manat borc bank tərəfindən bağlanmış və 170.000,20 manat olan qrafik açılmış, nə üçün borcun 156.011,12 manat olduğu halda 170.000,20 manat olmasını soruşanda faiz hesablandığını bildirmişlər. 4 ay fasiləsiz 2.482,49 manat məbləğində ödəniş etmiş, 4 aydan sonra ödənişin edilməsini çatdıra bilməmiş və 3-4 ay fasilə yaranmış, Bank və MTK mənzili sataraq onların pulunu verməyi, ya da ki, evdən çıxmağı, özləri satıb təmir pulunu verəcəklərini demişlər və bu məqsədlə 3-4 ay vaxt vermişlər, mənzili sata bilmədiklərindən mənzildən çıxmışlar, mənzildən çıxarkən MTK və Bankla razılıqları olmuş ki, mənzili satıb ipotekanın pulunu götürəndən sonra qalan pulu onlara verəcəklər. Təxminən 1 il sonra öyrənmiş ki, həmin mənzili adını bilmədiyi şəxs alaraq orada yaşayır. Beləcə nə ipoteka onun adından çıxarılmış, nə evin təmir pulu verilmiş, nə də ki, mənzil geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/6349 saylı ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 27 dekabr 2010cu il tarixli 122 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu 2972,62 manat. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-069/2025 saylı, 21 may 2025-ci il tarixli rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 2 ünvanında yerləşən binamn B bloku, 6-cı mərtəbəsində 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 353.000 AZN (üç yüz əlli üç min), likvid dəyəri 317.700 AZN (üç yüz on yeddi min yeddi yüz). xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 787 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh isə həmin kreditin ünvan 1 ünvanında yerləşən binanın B blokunda 59 saylı mənzilin alınması üçün götürüldüyünü, 4 ay kredit borcunun mütəmadi olaraq ödənildiyini, lakin daha sonra sonra ödənişi həyata keçirə bilmədiyi, 2011-ci ildən həmin mənzildə yaşamadığını və evin başqasının adına olduğunu, ev onda olmadığından satıb pulu ödəyə bilmədiyini, faiz məbləğləri ilə razı olmadığını qeyd edir. Lakin cavabdeh öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/6349 saylı ekpert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu 2972,62 manat. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi borc hissəsində qismən təmin edilməli, Cavabdeh 168.630,91 (bir yüz altmış səkkiz min altı yüz otuz manat doxsan bir qəpik) manat əsas, 319.325.57 (üç yüz on doqquz min üç yüz iyirmi beş manat əlli yeddi qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2972,67 (iki min doqquz yüz yetmiş iki manat altmış yeddi qəpik) manat faiz olmaqla, cəmi 490.929,15 (dörd yüz doxsan min doqquz yüz iyirmi doqquz manat on beş qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına qeyd olunur ki, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Məhkəmə iddia tələblərinin ikinci (tutmanın ipoteka predmetinə yönəldilməsi) hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, iş materiallarda olan iddiaçı "xxxx" ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli 122/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 168.630,91 (bir yüz altmış səkkiz min altı yüz otuz manat doxsan bir qəpik) manat əsas, 319.325.57 (üç yüz on doqquz min üç yüz iyirmi beş manat əlli yeddi qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2972,67 (iki min doqquz yüz yetmiş iki manat altmış yeddi qəpik) manat faiz olmaqla, cəmi 490.929,15 (dörd yüz doxsan min doqquz yüz iyirmi doqquz manat on beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 780,93 (yeddi yüz səksən manat doxsan üç qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 168.630,91 (bir yüz altmış səkkiz min altı yüz otuz manat doxsan bir qəpik) manat əsas, 319.325.57 (üç yüz on doqquz min üç yüz iyirmi beş manat əlli yeddi qəpik) manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2972,67 (iki min doqquz yüz yetmiş iki manat altmış yeddi qəpik) manat faiz olmaqla, cəmi 490.929,15 (dörd yüz doxsan min doqquz yüz iyirmi doqquz manat on beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 780,93 (yeddi yüz səksən manat doxsan üç qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar