Məhkəmə qərarları › İş №e-2(004)-1480/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1480/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1480/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı “Azərbaycan Respublikasının X16” X14 nümayəndəsi X4, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikasının X16” X14 cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Respublikasının X16” X20 cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 olmaqla) məhkəmədə iddia qaldıraraq sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin cavabdeh tərəfindən ödənilməmiş 1463.20 manat məbləğinin və ilkin mediasiya sesiyasında iştirakla bağlı Mərkəzin ödədiyi 30 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı X13 27.04.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində özünə məxsus "KİA RİO” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin parklanması üçün müəyyən edilməmiş yerdə saxlamışdır. Bununla əlaqədar olaraq, sözügedən şəxsə məxsus avtomobildə olan sərnişin X9 nəqliyyat vasitəsindən düşmə qaydalarını pozmuşdur. Bakı şəhər DYPİ tərəfindən sərnişin A.Ç.Musayeva barəsində yol verdiyi inzibati xəta ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikasının X16nə məxsus olan X10 idarə etdiyi “Mercedes Benz S450” 2019 markalı 10AD005 dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektdə hərəkət edərkən heç bir təqsiri olmadığı halda ona maddi ziyan vurulmuş və istismara yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində Mərkəzin nəqliyyat vasitəsinin sağ yan güzgü və sağ yan hissəsinin zədələnməsi faktı Bakı şəhər DYPİ tərəfindən verilmiş arayışla təsdiqlənmişdir. "xxxx" MMC tərəfindən Mərkəzə məxsus avtomobilə dəymiş zərər ilkin baxış zamanı ehtiyat hissələrinin və görüləcək işlərin toplam qiyməti də nəzərə alınmaqla və əlavə dəyər vergisi də (ƏDV) daxil olmaqla, 2926.40 manat məbləğində qiymətləndirilmişdir. Mərkəzə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" ASC ilə işçi qaydada aparılmış danışıqlar zamanı cavabdeh bildirmişdir ki, mülki məsuliyyətini sığortaladığı şəxs A.İ.Məmmədova məxsus avtomobilin dayanma, durma və parklanma qaydalarını pozmasını nəzərə alaraq, Mərkəzin əmlakına dəymiş zərərin yalnız yarısını, yəni 1463.20 manat məbləği ödəyəcək, qalan məbləğ isə Mərkəzin nəqliyyat vasitəsinə inzibati xəta törətməklə birbaşa maddi ziyan vuran şəxsdən - sərnişin A.Ç.Musayevadan tutulmalıdır. Cavabdeh mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə istinad edərək əsaslandırmış və qeyd etmişdir ki, həmin maddəyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bununla əlaqədar olaraq, Mərkəzin əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin A.Ç.Musayeva da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılmalıdır. Cavabdeh baş vermiş sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin birbaşa olaraq mülki məsuliyyətini sığortaladığı A.İ.Məmmədov tərəfindən deyil, onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişin tərəfindən, həmin şəxsin nəqliyyat vasitəsindən düşmə qaydalarını pozması ilə əlaqədar olaraq vurulduğunu əsas gətirir və dəymiş zərəri tam həcmdə ödəməkdən yayınır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin Mərkəzin əmlakına dəymiş zərərin yarısını ödəməli olduğu ilə bağlı qeyd etdikləri heç bir hüquqi əsasa söykənmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Qanunvericiliyin mövqeyindən də görünür ki, mülki hüquq pozuntusunu törətmiş və bu pozuntu nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin əvəzini ödəməyə borclu olan şəxs nəqliyyat vasitəsində olan sərnişin yox, əmlaka zərər vurmuş nəqliyyat vasitəsinin sahibi, yəni cavabdehin mülki məsuliyyətini sığortaladığı A.İ.Məmmədovdur. Sərnişin isə yol hərəkəti qaydalarını pozmaqla törətdiyi inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin sahibi A.İ.Məmmədovun mülki məsuliyyətinin sığortalandığını nəzərə alsaq nəqliyyat vasitəsinin istifadəsi nəticəsində onun Mərkəzin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməyə borclu olan subyekt cavabdeh "xxxx" ASC-dir. Cavabdeh "xxxx" ASC iddiaya yazılı etiraz təqdim edərək etirazı bununla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilmiş sığorta hadisəsinin baş verməsi nəticəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş Aktla, iddiaçıya məxsus "Mercedes Benz S450" 2019 markalı 10AD005 d.q.n. avtomobilə dəymiş ziyan 2926.4 manat olmuşdur. "xxxx" ASC-nin və “Azərbaycan Respublikasının X16” X20n imzaladığı PXA85843 saylı Sığorta aktına əsasən, sonuncuya ödənilməli olan sığorta ödənişi 1463.4 manat müəyyən edilmişdir. Həmin aktın V hissəsində qeyd edilmişdir ki: “Azərbaycan Respublikasının X16” X24 təsdiq edir ki, sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçirildikdən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası qalmır”. "xxxx" ASC tərəfindən sığorta aktı ilə müəyyən edilmiş 1463.4 manat “Azərbaycan Respublikasının X16” X22 ödənilmişdir. Mübahisə predmeti: İddiaçı iddia edir ki, zərər məbləğini təşkil edən 2926.4 manatın hamısı "xxxx" ASC tərəfindən ona ödənilməli idi və 1463.4 manatın ödənilməsi nəzərə alınmaqla, qalan 1463.4 manat da, "xxxx" ASC tərəfindən ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC iddiaçının bu tələbinin əsassız hesab edir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Mülki Məcəllənin “Zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddəsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “İcbari sığortalar haqqında” qanunda “mülki məsuliyyət” anlayışından istifadə edilir. Bu qanun publik hüquq sahəsinə aid qanun olmaqla, xüsusi hüquq sahəsinə aid olan “mülki məsuliyyət” və onun yaranması hallarının yalnız Mülki Məcəllədə müəyyən edilmiş normalara uyğun müəyyən edilən müddəa kimi qəbul edir. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aid edilmişdir. Göründüyü kimi, sığortalının iddiaçıya zərər vurmaqla onun qarşısında mülki vəzifəsinin (zərərin əvəzinin ödənilməsi vəzifəsinin) yaranması fakt kimi 14.2.6-cı maddədən irəli gəlsə də, bu zərərin hansı həcmdə ödənilməsi məsələsi Mülki Məcəllənin “zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddənin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İddiaçının öz tələblərinin hüquqi əsası kimi istinad etdiyi 1108.1-ci maddənin də adı “Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət” adlanır və bu halda da Mülki Məcəllənin 21.3-cü maddəsinin tətbiq olunması birmənalıdır. Belə olan halda, iddiaçının Mülki Məcəllənin yalnız 1108.1-ci maddəsinə istinad etməsi, həmin Məcəllənin 21-ci maddəsini, xüsusilə 21-ci maddənin 3-cü bəndinin tələblərini, yəni üçüncü şəxsin (hazırkı halda X5) zərər vurulmasına səbəb olmuş davranışının isə nəzərə almaması əsassız iddia qaldırılmasına səbəb olmuşdur ki, belə əsassız iddia rədd edilməlidir. 3.2.2. Bundan əlavə, daha bir fakt da nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının özünün də imzaladığı PXA85843 saylı Sığorta aktına əsasən, 1463.4 manat sığorta ödənişinin ona verilməsi ilə təsdiq etmişdir ki, “....sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçirildikdən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası qalmır”. Göründüyü kimi, iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən, 1463.4 manat sığorta ödənişi almaqla sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığını bildirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan başqa əqdlər də, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aid edilmişdir. Göründüyü kimi, iddiaçı istinad edilən sığorta aktını imzalamaqla cavabdeh sığortaçıya qarşı heç bir tələbinin qalmadığı barədə iradə ifadəsini bildirməsinə və bu səbəbdən də həmin hadisə üzrə sığortaçıya qarşı iddia irəli sürmək barədə subyektiv hüququ olmadığı halda iddia qaldırmışdır. Məhkəmə iclasında işdirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 izahat verərək iddianı qəbul etmədiyini, iş materiallarına əlavə edilmiş iddiaya etirazı müdafiə etdiyini bildirdi və iddianın tam həcmdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakıları əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin faktiki halları bundan ibarətdir ki, iddiaçıya məxsus olan "Mercedes Benz S450" 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh “Xalq Sığorta" ASC-də icbari qaydada sığortalanmış "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə 27.04.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Həmin hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini X1 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş Akta əsasən (iş vərəqi 13-23) "Mercedes Benz S450" 2019 markalı **-AD-*** d.q.n. avtomobilə dəymiş ziyan 2926.4 manat olmuşdur, 04.06.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən 2926,40 AZN zərər məbləği müqabilində təmir olunaraq avtomobil səlahiyyətli şəxsə təhvil verilmişdir. "xxxx" ASC-nin və “Azərbaycan Respublikasının X16” X20n imzaladığı PXA85843 saylı Sığorta aktına əsasən (iş vərəqi 47) sonuncuya ödənilməli olan sığorta ödənişi 1463.4 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən sığorta aktı ilə müəyyən edilmiş 1463.4 manat “Azərbaycan Respublikasının X16” X22 ödənilmişdir. İddiaçının hazırkı tələbi avtomobilə dəymiş 2926,40 AZN-nin qalan 1463,20 AZN hissəsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına vəya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunun tələblərindən göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin A.Ç.Musayeva da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də, təqsiri nəzərə alınaraq azaldılması qanunun birbaşa tələbindən irəli gəlir. Belə ki, hazırkı işin faktiki hallarından aydın olur ki, “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dayanma-durma qaydalarını pozaraq avtomobili saxlamış, sərnişin A.Musayeva isə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yolun səki hissəsindən deyil, hərəkət hissəsində avtomobilin qapısını qəfildən açaraq düşməyə çalışmış, bu zaman iddiaçıya məxsus “Mercedes Benz S450” 2019 markalı 10AD005 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət istiqamətindən qeyd edilən avtomobilin qapısı ilə toqquşmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsinə əsasən Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın); Həmin Qanunun 56-cı maddəsinin X hissəsinə əsasən, Sərnişinlərə: .... nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq... qadağandır. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsinə bilavasitə səbəb “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün dayanma-durma qaydalarını pozmasına nisbətən, həmin avtomobildə olan sərnişinin avtomobildən enmək məqsədi ilə, təhlükəsizliyi təmin etmədən, qəfildən nəqliyyat vasitəsinin qapısını yolun hərəkət istiqamətində açması olmuşdur. “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta hərəkəti ilə iddiaçı hüquqi şəxsin sahibliyində olan “Mercedes Benz S450” 2019 markalı 10AD005 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan arasında dolayı, sərnişinin inzibati xəta pozuntusu ilə sığorta hadisəsi arasında isə birbaşa səbəbli əlaqə olmuş, sürücü sərnişinin hərəkətlərinə görə məsüliyyət daşımamışdr. İşdən göründüyü kimi, cavabdeh sığorta şirkəti iddiaçıya vurulmuş maddi ziyanda sığortalı avtomobilin sürücüsünün qismən təqsirinin olmasını inkar etməyərək vurulmuş ziyanın, siğortalının (sürücünün) təqsirinə mütənasib olaraq yarısını ödəmiş və iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən 1463.4 manat sığorta ödənişi qəbul etməklə sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığı barədə iradə ifadəsini bildirməsinə baxmayaraq hazırkı iddianı qaldırmışdır. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçı sığorta ödənişinin tam həcmdə cavabdeh tərəfindən ödənilməli olmasını iddia etsə də, iddiaçının “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi A.İ.Məmmədovun mülki məsuliyyətinin sığortalandığı nəzərə alınaraq nəqliyyat vasitəsinin istifadəsi nəticəsində iddiaçının əmlakına vurulan zərərin əvəzinin tam həcmdə ödəməyə borclu olan subyektin cavabdeh "xxxx" ASC olması” barədə irəli sürdüyü faktiki hallar onun bu iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından həmin tələbi əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassızdır və təmin edilməməldir. Məhkəmə iddia tələbibin rədd edilməsi qənaətinə gələrkən eyni zamanda hesab edir ki, iddiaçıya, vurulmuş zərərin qalan hissəsinin ödənilməsi barədə sığortalı avtomobildə olan sərnişin və hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş A.Ç.Musayevaya qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 30 (otuz) manat xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikasının X16 X14 cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İlkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 30 (otuz) manat xərc iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar