Məhkəmə qərarları › İş №e-2(004)-1482/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1482/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1482/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 4100 manat məbləğində icarə haqqının, kommunal xidmətlərdən istifadə edilməsinə görə yaranmış 400 manat məbləğində borcun, hüquqi xidmətə görə ödənilmiş 700 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun, cəmi 5272 manat məbləğində pulun tutularaq cavabdeh X1 iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21.11.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 327.1 kv.m. olan 1230a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. 05 avqust 2021-ci il tarixli İcarə müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan həmin bağ evini 1 (bir) ay müddətinə Cavabdeh icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən icarəçi Cavabdeh icarəyə verənə 1 (bir) ay üçün 8100 (səkkiz min yüz) manat icarə haqqı ödəməli idi. Həmin məbləğdən 4000 (dörd min) manatını müqavilə imzalanarkən ödəmişdir, qalan 4100 (dörd min yüz) manatı isə icarəçi 13.08.2021-ci il tarixində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin icarəçi kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqları da ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində icarə haqqını və kommunal xidmətlərdən istifadə edilməsinə görə yaranmış 400 manat məbləğində borcu bu günədək ödəməyib. Cavabdehə dəfələrlə icarə haqqının və kommunal xidmətlərdən istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi ilə bağlı müraciət etsə də cavabdeh borcunu ödəməkdən imtina edir. Cavabdeh tərəfindən mülkiyyət hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkili izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, həmçinin işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05.08.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən (etibarnamə əsasında) X3 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 1230 a ünvanında yerləşən mənzili Cavabdeh icarəyə vermiş, müqavilə üzrə icarə haqqı bir ay üçün 8100 manat müəyyən edilmiş, həmin məbləğdən 4000 manat öncədən ödənilmişdir, qalan 4100 manatı isə icarəçi Cavabdeh 13.08.2021ci il tarixində ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişlitelefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi” tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi, 1230a saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyetr kitabının 7173 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 13.10.2021-ci il tarixli 684688 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətin göstərilməsinə görə fərdi qaydada fəalliyyət göstərən Vəkil 700 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 02.09.2021-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi, 1230a saylı bağ evi üzrə 02.08.2021- 02.09.2021-ci il tarixinə istifadə edilmiş işıq sərfiyyatı üçün 296,28 manat ödənilməli borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 08.10.2021-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh yazılı olaraq ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 4100 manat məbləğində icarə haqqının və kommunal xidmətlərə görə yaranmış 400 manat məbləğində borcun ödənilməsi barədə xəbərdar etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasından əmlak kirayəsi müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. 05 avqust 2021-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 327.1 kv.m. olan 1230a saylı bağ evi 1 (bir) ay müddətinə 8100 (səkkiz min yüz) manat icarə haqqı və kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqları ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. Cavabdeh 4000 (dörd min) manat icarə haqqının müqavilə imzalanarkən ödəmiş, qalan 4100 (dörd min yüz) manatı isə 13.08.2021-ci il tarixində ödəməyi öz öhdəsinə götürsə də bugünə kimi ödəməmişdir. Odur ki, iddiaçı Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində ödənilməmiş icarə haqqını tələb etməkdə haqlı olmuşdur və cavabdehdən 4100 (dörd min yüz) manat məbləğində ödənilməmiş icarə haqqı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının kommunal xidmətlərdən istifadə edilməsinə görə yaranmış 400 manat məbləğində borc barədə iddia tələbi ilə bağlı qeyd edir ki, 02.09.2021-ci il tarixli qəbzə əsasən işıq sərfiyyatı üçün 296,28 manat borc məbləği hesablandığından, kommunal xidmətlərdən istifadə edilməsinə görə hər hansı başqa mötəbər sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə qismən əsaslıdır və kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil xidmətindən istifadəyə görə 700 manat, 72 manat isə dövlət rüsumu ödəniş etmişdir. Odur ki, hüquqi xidmətin dəyəri 700 manat, ödənilmiş 72 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində ödənilməmiş icarə haqqı, kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 700 (yeddi yüz) manat və ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5168,28 (beş min yüz altmış səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar