Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1491/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2235/2023 saylı qətnaməsi ilə məndən tutulmasına dair 3193.31 AZN əsas, 724.85 faiz borcu, 44.46 cərimə, 19.18 komisyon haqqı olmaqla, 3981.80 pul vəsaiti və 60 ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 qızının həyat yoldaşıdır. İddiaçının adına olan Albalı kartını cavabdehə etibar etmişdir ki, ehtiyacı olanda kredit götürüb qaytara bilsin. Lakin qızı (Şəbnəm) Cavabdeh3 ayrılandan sonra məlum olmuşdur ki, cavabdeh ona etibar etdiyi Albalı kartdan müxtəlif bankomatlardan bu günə qədər 4100 manat pul nağdlaşdırılmış və həmin pulları qaytarmamışdır. Hal-hazırda dəfələrlə Cavabdeh3 və Cavabdeh2 müraciətlərinə baxmayaraq bu borc ödənilməmişdir. Bununla Əlagədar məhkəməyə müraciət edərək pulu tələb etmişdir. Məhkəmənin gedişində cavabdehin bacısı Cavabdeh2 və onun yoldaşı Cavabdeh1 məhkəməyə ifadə verərək bildirmişlər ki, 2300 manat pulu albalı kartdan çıxarmışlar. Cavabdehlər pulu götürmələrinə baxmayaraq nə pulu nə də faizi ödəmirlər. Cavabdeh3 barədə Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-197/2023 saylı qətnaməsi ilə cavabdehdən 806.69 manat pul tutulmuş və cavabdeh tərəfindən 806.69 manat ödənmişdir. Amma bu günə kimi faizləri iddiaçının üzərində qalır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçının kartından götürdükləri və istifadə etdikləri və geri qaytarmadıqları pulun iddiaçıdan tutulmasına dair qətnamə qəbul edilmişdir. Bununla əlaqədar Qaradağ Rayon İcra və Probasiya Şöbəsi iddiaçının əmək haqqından və pensiyasından cavabdehlərin icazəsiz götürdükləri pulu iddiaçıdan tutulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1491/2024 saylı 08 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus kartdan istifadə etmək üçün telefona proqram yükləmiş və bu qaydada puldan istifadə etmişlər. Cavabdeh3 806.69 manat pulu ödəsə də, məhkəmənin qətnaməsinə əsasən vaxtında ödənilməmiş əsas borca faiz borcu, cərimə və komisyon haqqı tutulmuşdur. Eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə kartdan götürddükləri pulları və ona hesablanmış faiz və cərimə və komisyon pullarını da ödəməmişlər. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, pula ehtiyacları olduğundan ümumilikdə 2300 manat məbləğində pulu iddiaçıya məxsus kartdan məxaric etmişlər. Hazırda yeni işə qəbul olmuşdur və müəyyən qədər vaxt verilsə həmin məbləği ödəyə bilər. İddianın 724.85 faiz borcu, 44.46 cərimə, 19.18 komisyon haqqı hissəsi ilə bağlı qeyd edir ki, götürdükləri əsas borca mütənasib hissədə iddianı qəbul edirlər. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, Cavabdeh1 izahatı ilə oxşar məzmunlu izahat vermiş və əlavə olaraq bildirdi ki, pula ehtiyacları olduğundan ümumilikdə 2300 manat məbləğində pulu iddiaçıya məxsus kartdan məxaric etmişlər. İddianın 724.85 faiz borcu, 44.46 cərimə, 19.18 komisyon haqqı hissəsi ilə bağlı qeyd edir ki, götürdükləri əsas borca mütənasib hissədə iddianı qəbul edirlər. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edirlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(009)-197/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 806,69 manat mebləğində pul vəsaiti ve ödənilmiş dövlət rüsumunun 35 manat hissəsinin Cavabdeh3 tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2235/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 710sCNTRb/22 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4000 AZN əsas, 724.85 AZN faiz, 44.46 AZN cərimə, 19.18 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4788.49 AZN məbləğində pul vəsaiti və ödənilmiş 67.89 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1491/2024 saylı qərardadı ilə Шddiaçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə icraata Cavabdeh3 “3193,31 manat əsas borcun tutulmasına” dair hissədə hissəvi xitam verilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus bank kartından öz şəxsi ehtiyacları üçün istifadə etməklə pul məxaric etmişlər. Cavabdeh3 dair hissədə maddi ziyana dair iddiaya baxılmış və 806,69 manat pulun tutulması qət edilmişdir. Göründüyü kimi həmin hissədə, yəni tutulmalı əsas borc hissədə yekun məhkəmə qərarı vardır. Bu səbəbdən Cavabdeh3 əsas borcun tutulması hissəsində icraata hissəvi xitam verilmişdir. Məhkəmə Cavabdeh3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2235/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 724.85 AZN faiz, 44.46 AZN cərimə, 19.18 AZN komisyon haqqı olmaqla, cəmi 788,50 manat hissədə iddiaya münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 tutulmuş əsas borca, yəni 806,69 manata dair mütənasib olaraq (788,50x806,69:4000=159,02 (yüz əlli doqquz manat iki qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2300 manat, faiz borcu, cərimə və komisyon haqqı üzrə ümumilikdə (788,50x2300:4000=453,38) manat olmaqla, cəmi 2753,38 (iki min yeddi yüz əlli üç manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, 48 (qırx səkkiz) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2300 manat, faiz borcu, cərimə və komisyon haqqı üzrə ümumilikdə 453,38 manat olmaqla, cəmi 2753,38 (iki min yeddi yüz əlli üç manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 faiz borcu, cərimə və komisyon haqqı üzrə ümumilikdə 159,02 (yüz əlli doqquz manat iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pulun 48 (qırx səkkiz) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1491/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1491/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver