Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1496/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 (on bir min) ABŞ dolları pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 146 (yüz qırx altı) manat pulun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında səmimi münasibətlər olmuşdur. Bu səbəbdən də iddiaçı ona etibar edərək cəmi 11000 (on bir min) ABŞ dolları məbləğində borc pul vermişdir. Sonradan cavabdeh pulu qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirmişdir. İddiaçı şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 24 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan cəmi 11000 (on bir min) ABŞ dolları borc almışdır. Belə ki, Cavabdeh təhqiqat orqanına verdiyi izahatda pul vəsaitini iddiaçıdan aldığını etiraf etsə də, həmin vəsaitin 10000 (on min) ABŞ dolları hissəsinin iddiaçı tərəfindən ona guya hədiyyə verildiyini qeyd etmişdir. Əslində isə hər iki məbləğ cavabdehə borc verilmişdir, lakin həmin borc pul vəsaitləri bu günə qədər qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh iddianı qismən qəbul edərək həmin məbləğdən yalnız 1000 (bir min) dollar olan hissəsini borc olaraq aldığını etiraf etmiş, yerdə qalan məbləğin isə ona iddiaçı tərəfindən hədiyyə edildiyini bildirmişdir. Bu fakt təkcə cavabdehin iddiaçıya münasibəti ilə deyil, həmçinin pulun verilmə anında həmin prosesin şahidi olan iddiaçının və cavabdehin ümumi tanışları olan Həcər və Urqiyyə bacılarının Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış izahatları ilə də təsdiq olunur. Məhkəməyə təqdim olunan sənədlər, Whatsapp yazışmaları, qəbzlər, fotoşəkillər bir daha sübut edir ki, iddiaçı və cavabdeh arasında çox isti münasibətlər olmuş, onlar hər gün bir mənzildə gecə yarısına qədər qalmışlar, birgə müəyyən səfərlər etmişlər, o cümlədən 2022-ci ilin mayın 22-dən 24-dək Türkiyə Respublikasında, 2022-ci ilin oktyabr ayının 5-dən 7-dək Qəbələ rayonunda birgə istirahət etmişlər. Ümumiyyətlə, Cavabdeh Türkiyə Respublikasında bir özəl şirkətdə çalışmış, məhz iddiaçının təkidilə o həmin şirkətdən işdən çıxaraq Bakıya qayıtmışdır. 1000 ABŞ dolları verilən zaman onlar arasında münasibətlər yeni yaranmış, 10.000 ABŞ dollarını bağışlayan zaman isə onlar arasında olan münasibətlər kifayət qədər yaxın olmuşdur, bu zaman iddiaçı cavabdehi artıq Bakıya gətirmiş, ona ev tutmuşdur. İddiaçı cavabdehə 10000 ABŞ dolları məbləğində pulun borc olaraq verildiyini sübuta yetirməmişdir. Ona görə də, iddia tələbinin qismən, yəni 1000 ABŞ dolları hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 24 yanvar 2023-cü il tarixli qərarla İddiaçı şikayəti əsasında toplanmış materiallar əsasında cinayət işinin başlanmasını rədd edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh İddiaçı 1000 ABŞ dolları borc olaraq aldığını 10000 ABŞ dolları pulu isə Səmədlə sevgili olduğu üçün Səmədin ona həmin məbləği 2022-ci ilin noyabr ayında Türkiyə Respublikasına rəfiqələri Urqiyyə və Həcərlə birgə alış-verişə gedən zaman hədiyyə olaraq verdiyini bildirmişdir. Qərarda izahatı alınmış Urqiyyə Ələkbərova və X5 Arzuya 1000 ABŞ dolları borc olaraq verdiyini, hədiyyə olaraq 10 000 ABŞ dolları verdiyini təsdiq etmişlər. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2022xx.xx.2022-ci il tarixlərində X1 şəhərində müxtəlif geyim mağazalarından geyimlər almış və nağd qaydada ödəniş etmişdir. İş materiallarında olan elektron bilet qəbzlərindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakıdan-İstanbula havayolu (BUTA Airways) ilə uçuş etmişlər. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sevgili münasibətləri olmuş, bu hal tərəflər arasında olan həm “Whatsapp” platformasında olan yazışmaları və digər sübutlarla müəyyən olunur. Bundan əlavə Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərardan aydın olur ki, cavabdeh vermiş olduğu izahatında da iddiaçıdan 1000 ABŞ dolları məbləğində borc aldığını, daha sonra sevgili olduqları müddətdə Türkiyədə şəxsi ehtiyacları üçün xərcləmək məqsədilə 10000 ABŞ dolları məbləğində pulun könüllü olaraq verildiyini bildirmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında yaxın münasibətlər mövcud olmuşdur. İşin mübahisəli halı odur ki, iddiaçı cavabdehə borc olaraq 11000 ABŞ dolları pul verdiyini bildirir. Cavabdeh tərəf isə iddiaçı tərəfindən ona münasibətlərin hələ yeni başlandığı vaxt 1000 ABŞ dolları pulun borc verildiyini, 10000 ABŞ dollarını isə sevgili olduqları müddətdə hədiyyə olaraq verildiyini bildirir. Hazırda iddiaçı cavabdehdən 11000 ABŞ dolları məbləğində pul tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında qanuvericiliyin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış borc müqaviləsi yoxdur. Bundan əlavə, iş materialları ilə iddiaçının cavabdehə borc olaraq 11000 ABŞ dolları pul verməsi öz təsdiqini tapmır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin digər qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddiaçı cavabdehin əsassız varlandığını sübuta yetirməli olduğu halda sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə işin faktiki hallarını, tərəflər arasında olan mövcud münasibətlərin xarakterini nəzərə alıb hesab edir ki, iddiaçının 10000 ABŞ dolları məbləğində pulu cavabdehə xərcləmək (şəxsi ehtiyacları-geyimlərin alınması), yəni könüllü şəkildə verməsi istisna olunmur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 10000 ABŞ dolları məbləğində pulun borc olaraq verilməsini sübut edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh 1000 ABŞ dolları məbləğində pulun ona hələ münasibətlərinin yeni yarandığı ərəfədə borc verildiyini bildirmiş, məhkəmə cavabdehin qismən etirafını bu hissədə qəbul edərək, sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən hesab edir ki, Cavabdeh İddiaçı aldığı 1000 ABŞ dolları pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi lazımi qaydada icra etməyərək, 1000 (bir min) ABŞ dolları məbləği isə geri qaytarmamışdır. İddiaçı qarşısında 1000 (bir min) ABŞ dolları məbləğində pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, 1000 (bir min) ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 146 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1496/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1496/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver