Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1528/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 6047.70 manat əsas borc, 642.88 manat cari faiz borcu və 672.90 manat cari dəbbə borcu olmaqla,cəmi 7363.48 manat kredit borcunun və 94.40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2023-cü il tarixli GARA-30993-3639 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 27% faizlə 36 ay müddətinə 8000.00 (səkkiz min) manat kredit verilmiş və kreditin aylıq 328.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-dən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 20 iyul 2023-cü il tarixli GARA- 30993-3639+GARA31136 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 14 yanvar 2025-ci il tarixinədək verilmiş kredit üzrə 6047.70 manat əsas borc, 642.88 manat cari faiz borcu və 672.90 manat cari dəbbə borcu olmaqla, cəmi 7363.48 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir.O bildirmişdir ki,bu işdə zamin qismində çıxış etmişdir.Digər Cavabdeh1 borcunu ödəməsini bir neçə dəfə desə də,hər dəfə cavabdeh borcu ödəyəcəyini bildirmişdir.O,cərimə borcu ilə razılaşmır.
5. Məhkəmə iddiaçının və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GARA-30993- 3639 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində istehlak məqsədi ilə kredit verilmişdir.
8. Kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, borcalan tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə krediti vaxtında qaytarmadıqda,kredit verən hər gecikdirilən təqvim günü üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə kreditin ödənilməli olan,lakin ödənilməmiş hissəsinin 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.
9. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafikində cavabdeh tərəfindən aylar üzrə ödənilməli olan məbləğlər öz əksini tapmışdır.
10. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GARA-30993- 3639+GARA-31136 nömrəli zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2023-cü il tarixli, GARA-30993-3639 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
11. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərin 04 oktyabr 2024-cü il tarixinə 6047,70 manat əsas, 294,36 manat faiz və 90,10 manat dəbbə borcu olmaqla,cəmi 6432,16 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş və əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, GARA-30993-3639 saylı kredit müqaviləsi üzrə əsas borcu 6047,70 manat, faiz borcu 642,88 manat, dəbbə borcu 672,90 manat təşkil edir.
13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.
20. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
23. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 6047,70 manat əsas, 294,36 manat faiz, 90,10 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 94 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6047,70 manat əsas borc, 294,36 manat faiz borcu, 90,10 manat cərimə və 94,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6526,56 (altı min beş yüz iyirmi altı manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Hakim: Ülkər Xəlil