Məhkəmə qərarları › İş №e-2(004)-1532/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1532/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1532/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1578/2024 saylı qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh2 ilə rəsmi nikahımızdan anadan olmuş 16 noyabr 2008-ci il təvəllüdlü X2 və 26 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat miqdarda alimentin tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarına əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Həmçinin, qeyd olunan qərarda qeyd olunmuşdur ki, alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. İşin hallarından aydın olur ki, hazırda iddia tələbi Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1578/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması ilə bağlıdır. İddiaçıya izah olunmalıdır ki, təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı iddialar üzrə icra qaydasında müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra mərhələsində icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra icraatı qaydasında müraciət etməklə mübahisələndirə bilmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar