Məhkəmə qərarları › İş №e-2(004)-1546/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1546/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1546/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7706,3 manat məbləğində əsas borc və 1228,89 manat faiz borcu olmaqla, cəmi 8935,19 (səkkiz min doqquz yüz otuz beş manat 19 qəpik) manat və 109,76 (yüz doqquz manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Expressbank" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli, 101804-945160/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 9600 (doqquz min altı yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Cavabdehin sonuncu qeydiyyat ünvanı ünvan 1ən 134 saylı mənzil olmuşdur. 02 fevral 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7706,3 manat məbləğində əsas borcu və 1228,89 manat faiz borcu olmaqla, cəmi 8935,19 (səkkiz min doqquz yüz otuz beş manat 19 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında kredit müqaviləsi üzrə bankdan 9600 manat məbləğində kredit götürdüyünü, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən kredit müqaviləsi üzrə hesablanmış faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli, 101804-945160/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 9600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 02 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 oktyabr 2020-ci il tarixli, 101804-945160/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən 7706,3 manat məbləğində əsas borc və 1228,89 manat faiz borcu olmaqla, cəmi 8935,19 (səkkiz min doqquz yüz otuz beş manat 19 qəpik) manat borcu var. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 oktyabr 2023-cü il tarixədək hər ay 356,77 (üç yüz əlli altı manat 77 qəpik) manat (sonuncu ay 356,79 (üç yüz əlli altı manat 79 qəpik) ödəməyi öz üzərinə götürmüşdür. İş materillarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən Cavabdeh göndərilmiş 03.11.2021-ci il tarixli 101/101/0783/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun beş gün ərzində, yəni 07 noyabr 2021-ci il tarixədək banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 04.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 109,36 (yüz doqquz manat 36 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi borclu şəxs hazırki iş üzrə Cavabdeh 20 oktyabr 2020-ci il tarixli, 101804-945160/1 nömrəli istehlak krediti müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 20 oktyabr 2020-ci il tarixli, 101804-945160/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 9600 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında 7706,3 manat əsas və 1228,89 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7706,3 manat məbləğində əsas borc və 1228,89 manat faiz borcu olmaqla, cəmi 8935,19 (səkkiz min doqquz yüz otuz beş manat 19 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC – nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7706,30 (yeddi min yeddi yüz altı manat otuz qəpik) manat məbləğində əsas borc və 1228,89 (bir min iki yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 8935,19 (səkkiz min doqquz yüz otuz beş manat on doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109,76 (bir yüz doqquz manat yetmiş altı qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar