Məhkəmə qərarları › İş №e-2(004)-1568/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1568/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1568/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində cavabdehin balansında müxabirləşmə zamanı 200 manat vəsaitin balansına təkrarən köçürülməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə geri qaytarmamışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 190,73 (yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 59,59 (əlli doqquz manat əlli doqquz qəpik) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə bank müştəriyə cari hesab açmağı və hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndində müqavilə tərəfin olan müştərinin vəzifələri qeyd edilmişdir. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci bəndinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.11-ci bəndinə əsasən bu müqavilənin 2.9-cu bəndində göstərilən halda ”Müştəri” “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəmədiyi təqdirdə illik 180% (gündəlik 0,5%) cərimə faizi ödəmək müştərinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 190,73 (yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 59,59 (əlli doqquz manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 250,32 (iki yüz əlli manat otuz iki qəpik) manat borcu vardır. İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı xx.xx.2020-ci il tarixli ******* nömrəli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 11.1-ci, 3.4.2, 3.4.11-ci bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci (cərimə borcuna münasibətdə) və 467.1-ci (cərimə borcunun məhkəmə tərəfindən azadılmasına münasibətdə) maddələri təşkil edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir, "xxxx" ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir, çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, xx.xx.2020-ci il tarixli ******* nömrəli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndi, 3.4.2-ci və 3.4.11-ci bəndləri hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, overdraft məbləği 195 manat təşkil edir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.4.5-ci maddəsinin tələblərinə əsasən əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2020-ci il tarixli ******* nömrəli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 1.1-ci, 3.4.2, 3.4.11-ci bəndləri və Mülki Məcəllənin 462 və 467-ci maddələri ilə iddianın faktiki və hüquqi əsasları eynilik təşkil edir. Cavabdeh iddiaçı "xxxx" ASC-yə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə cərimə borcunu ödəməlidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə cərimə pulunu 59,59 (əlli doqquz manat əlli doqquz qəpik) manat məbləğində deyil, 15 (on beş) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəməyə iddiaya iddiaçının tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 190,73 (yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 209,73 (iki yüz doqquz manat yetmiş üç qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 190,73 (yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu olmaqla ümumilikdə 209,73 (iki yüz doqquz manat yetmiş üç qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar