Məhkəmə qərarları › İş №e-2(004)-1604/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1604/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1604/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 47723,53 ABŞ dolları əsas borc, 27600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla, cəmi 82482,02 ABŞ dolları məbləğində borcun və 431 manat dövlət rusumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv/m, yaşayiş sahəsi 41.9 kv/m, yardımçı sahəsi 35.4 kv/m olan 2 otaqlı 10/8 saylı mənzilə yönəldilərək hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədi üçün 36 ay müddətinə, illik 22% dərəcəsi ödəmək şərti ilə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv/m, yaşayiş sahəsi 41.9 kv/m, yardımçı sahəsi 35.4 kv/m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla əlaqədər olaraq cavabdeh dəfələrlə xəbərdar olumasına baxmayaraq o, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazırda iddia cavabdehdən xx.xx.2018-ci il tarixə ödənilməmiş 47723.53 ABŞ dolları əsas borc, 27600.49 ABŞ dolları faiz borcu və müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla, cəmi 82482.02 ABŞ dolları məbləğində borcun və 431 manat dövlət rüsumunun tutulması vacibdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, iddia ərizəsində diqqət çəkən məqam ondan ibarətdir ki, ərizədə tamamilə qərəzli və məqsədyönlü olaraq ipoteka prdemetinin dəyərinin məhkəmədən gizlədilməsinə cəhd edilmişdir. Halbuki ipoteka müqaviləsinin 2.3-ci bəndinə əsasən ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit və ipoteka müqavilələrinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən dəfələrlə ipoteka saxlayandan tərəflərin qarşılıqlı razılığına əsasən 100000 ABŞ dolları dəyərində ipoteka prdemetini qəbul edib, həmin məbləğdən kredit müqaviləsi üzrə qalan borcu çıxıb, yerdə qalan vəsaitin borcluya və ipoteka qoyana qaytarılması xahiş edilmiş, lakin hər dəfə kreditor müxtəlif bəhanələrlə bu prosesi uzatmış, yekunda xx.xx.2021-ci il tarixdə sonuncu ödənişin edilməsindən cəmi 1 ay sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, kreditor müddəti 36 ay müəyyən edilmiş kredit və ipoteka müqavilələrinin müddətini faktiki olaraq 36 ay müddətinə uzatmağa nail olmuş, bu müddətdə isə borclunun hüquqi savadsızlığından istifadə edərək, müxtəlif məbləğlərdə pul vəsaitləri almağa davam etmiş, həmin məbləğləri isə əsas borcdan deyil, faizdən silinməyə yönəltmişdir. Nəticədə götürülmüş 70000 ABŞ dolları məbləğində kredit vəsaitinin 46957,12 ABŞ dolları hissəsinin (yəni 67%, başqa sözlə 2/3 hissəsi) qaytarılmasına baxmayaraq, həmin ödənilmiş məbləğin 22276,47 ABŞ dolları hissəsi əsas borcdan, 24680,65 ABŞ dolları hissəsi (yarıdan çoxu) faiz borcundan silinmişdir. Beləliklə, iddiaçı 36 ay müddətinə bağlanmış kredit və ipoteka müqavilələrinin müddətini daha 36 ay müddətinə uzatmaqla tamamilə qərəzli və məqsədyönlü olaraq məhkəməyə müraciət etməmiş, bununla da, bir tərəfdən borclu tərəfindən əlavə ödənişlərin edilməsinə və həmin ödənişlərin də faiz borcuna silinməsinə, digər tərəfdən borcun şişirdilməsinə nail olmuş, bunun nəticəsində şişirdilmiş borc məbləğini 82482.02 ABŞ dolları məbləğinə çatdırmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən dəyəri 100000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əlavə haqq ödəmədən ələ keçirmək üçün zəmin yaratmışdır. Nəticədə kreditor verdiyi 70000 ABŞ dolları məbləğində kreditin əvəzində həmin məbləğin 46957,12 ABŞ dolları hissəsini (2/3 hissəsini), həm də likvid dəyəri nəzərə alınmaqla, dəyəri 100000 ABŞ dolları məbləğində müəyyən edilmiş ipoteka prdemetini əldə etməyə nail olur. Burada o da nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bəllidir ki, paytaxtın həmin ərazisində yerləşən tikililərdə yaşayış sahəsinin təmirindən asılı olaraq 1 kvadratı 2400-2800 manat arasında dəyişir. O da, nəzərə alınsa ki, ipoteka müqaviləsi 7 il bundan əvvəl bağlanmış və dəyəri 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdır, o halda ipoteka prdemetinin bazar dəyəri daha da artmışdır. xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman ipoteka ilə yüklü edilmiş həmin mənzilin həm rəsmi, həm də faktiki sahəsi 77.3 kv/m olsa da, sonradan həmin mənzildə əlavə tikinti-təmir işləri aparılmış, mənzilin sahəsi daha bir o qədər də genişləndirilmiş, hazırda ümumi sahəsi təqribən 160 kv/m təşkil edir. Başqa sözlə, mənzilin dəyəri təqribən iki dəfə artmışdır. Bu faktı təsdiq etmək üçün hazırda tərəfindən "xxxx" MMC Qiymətləndirmə Şirkətinə müraciət edilərək, ünvan 3 ünvanındakı Cavabdeh2 məxsus mənzilin faktiki sahəsi nəzərə alınmaqla bazar dəyərinin neçə manat olması barədə qiymətləndirmə aktı təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından göründüyü kimi, hazırda ipoteka prdemeti sənəddə 2 otaqlı mənzil olsa da, faktiki 4 otaqlı olmaqla tam təmir edilmiş, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv/m təşkil edir və ipoteka prdemetinin bazar dəyəri 245000 manat təşkil edir. Həmçinin, "xxxx" MMC-nin iş üzrə xx.xx.2022-ci il tarixli hesabatına əsasən hazırda ipoteka prdemeti olan mənzil 4 otaqlı olmaqla tam təmirlidir, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv/m təşkil edir və ipoteka prdemetinin bazar dəyəri 235000 manat, likvid dəyəri 215000 manat təşkil edir. Göründüyü kimi, ipoteka prdemetinin dəyəri kifayət qədər artmışdır, bu da ipoteka prdemetinin ilkin satış qiymətinin hesablanması zamanı mütləq nəzərə alınmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 100000 ABŞ dolları məbləğində müəyyən edilir. Lakin məbləğ real deyil, yəni mənzil real dəyərindən ucuz göstərilib və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun deyil. Belə ki, həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hesab edir ki, mübahisə predmeti olan həmin mənzilin real bazar dəyərinin, həmçinin ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. Bundan başqa, kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz borcu düzgün yazılmamış (göstərilməmiş) və əsas borc və həmin borca hesablanmış faiz borcu düzgün hesablanmamış, şişirdilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə ərizə ilə iddiaçının nümayəndəsi X2 müraciət edərək iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsinı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək çıxışında göstərmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından göründüyü kimi, hazırda ipoteka predmeti sənəddə 2 otaqlı mənzil olsa da, faktiki 4 otaqlı olmaqla tam təmir edilmiş, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv/m təşkil edir və ipoteka prdemetinin bazar dəyəri 245000 manat təşkil edir. Həmçinin, "xxxx" MMC-nin iş üzrə xx.xx.2022-ci il tarixli hesabatına əsasən hazırda ipoteka prdemeti olan mənzil 4 otaqlı olmaqla tam təmirlidir, hazırda həmin mənzilin ümumi sahəsi 149,6 kv/m təşkil edir və ipoteka prdemetinin bazar dəyəri 235000 manat, likvid dəyəri 215000 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Kredit verilməsi üçün tərtib edilmiş ödəniş cədvəlində əsas borc və faiz borcu düzgün yazılmamış, əsas borc və həmin borca hesablanmış faiz borcu şişirdilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə görə iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlərin, "xxxx" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı tərəfindən vəsatət verilərək, işin tam, hərtərəfli və obyektiv araşdırılması mədsədilə, o cümlədən kredit müqaviləsi üzrə borcun dəqiq müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyinin verilməsi üçün müvafiq qərar qəbul edilməsi və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilməsi barədə 3 dəfə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatətlər də əsassız olaraq təmin edilməmişdir. İşin məhkəmə baxışı zamanı vəsatət verilərək, xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə məbləğin ABŞ dolları ilə verilməsi göstərilməsinə baxmayaraq, Cavabdeh1 kreditin manatla verilməsi, bu səbəbdən də kredit müqaviləsi üzrə borcun da manatla tələb edilməsinin vacibliyi bildirilmiş, bu halın müəyyən edilməsi məqsədilə "xxxx" BOKT ASC-nin kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntülərinin tələb edilməsi, həmçinin kredit müqaviləsi üzrə məbləği manatla Cavabdeh1 vermiş "xxxx" BOKT ASC-nin xəzinədarının (kassirinin) şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatət verilmişdir. Həmin vəsatətin məhkəmə iclasında müzakirəsi zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, kredit məbləğinin verilməsi görüntülərini əks etdirən kamera görüntüləri ASC-də qalmamışdır, həmçinin kredit müqaviləsi üzrə məbləği Cavabdeh1 vermiş xəzinədar hazırda ASC-də işləmədiyindən, onun şahid qismində dəvət edilib dindirilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçı tamamilə qərəzli və məqsədyönlü olaraq sübutların təqdim olunmasından yayınır. Əks halda iddianın tamamilə əsassız olması müəyyən olunardı. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli 1638 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 22% dərəcəsi ödəmək şərti ilə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ipoteka qoyanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv/m, yaşayiş sahəsi 41.9 kv/m, yardımçı sahəsi 35.4 kv/m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-ci bəndinə əsasən ipoteka prdemetinin dəyəri tərəflərin razılığına əsasən 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" ASC-nın xx.xx.2022-ci il tarix maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə borcu 47723,53 ABŞ dolları əsas borc, 27600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla, cəmi 82482,02 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2482 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə görə, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə iş materiallarında kredit müqaviləsini təsdiq edən ilkin sənədlərin, "xxxx" BOKT ASC-nin bankda olan və Cavabdeh1 kredit müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş cari hesabından çıxarışı iş materiallarında olmadığından xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin Cavabdeh1 verilməsini və müqavilə üzrə kredit borcunun qalığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan, 2 otaqlı, faktiki olaraq sahəsi 149.6 kv.m olan, 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 245000 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 53 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan, 2 otaqlı, faktiki olaraq sahəsi 149.6 kv.m olan, 4 otaqlı 10/8 saylı mənzilin bazar dəyəri 235.000 manat, likvid dəyəri isə 215.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 47723,53 ABŞ dolları əsas borc, 27600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla, cəmi 82482,02 ABŞ dolları borc və 431 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti 215.000 manat dəyərində qiymətləndirilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti iddia tələbi həcmində banka ödənilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmaldır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1638 saylı kredit müqaviləsi üzrə 47723,53 ABŞ dolları əsas borc, 27600,49 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonraki dövr üçün illik 5%-lə hesablanmış 7158 ABŞ dolları məbləğində real zərər olmaqla, cəmi 82482,02 (səksən iki min dörd yüz səksən iki dollar 02 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 431 (dörd yüz otuz bir) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 4 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 77,3 kv.m olan, 2 otaqlı, faktiki olaraq sahəsi 149.6 kv.m olan, 4 otaqlı 10/8 saylı mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 215.000 (iki yüz on beş min) manat dəyərində qiymətləndirilməklə) yönəldilsin və açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilsin. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldısın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar