Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1608/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh hər ay 1 uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla 2 uşağa görə 470 manat məbləğində alimentin tutulması, İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin – 60 (altmış) manat məbləğində mediasiya rüsumun və 50 (əlli) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2007-ci il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki övladı dünyaya gəlmişdir. İddiaçı ilə Cavabdeh arasında rəsmi bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)-3259/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuşxx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmış və azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazanc və gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin tutulması qət edilmişdir. Sonradan 2020-ci il tarixində İddiaçı yenidən alimentin məbləğinin artırılması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və mülki işə hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə baxılaraq 2(004)-3033/2020 saylı məhkəmə qətnaməsi ilə aliment məbləği artırılaraq 1 uşaq üçün 170 manat məbləğində müəyyən edilmiş və 2 uşağa görə 340 manat ödənilirdi. Hazırda İddiaçı uşaqların maddi ehtiyaclarının qarşılanması üçün cavabdeh tərəfindən cari aliment məbləğinin miqdarı ilə razı deyildir və bununla əlaqədar olaraq aliment məbləğinin artırılması tələbinə dair iddia qaldırılmasını məqsədə müvafiq hesab edir. Cavabdeh hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı kifayət qədər gəlir və qazanca malikdir. Ona görə də idddiaçı hesab edir ki, hazırda o öz uşaqlarının saxlanmasında atalıq borcunu yerinə yetirməlidir. Beləliklə, iddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, Cavabdeh tərəfindən ödənilmiş aliment məbləği 1 uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğinədək artırılaraq 2 uşağa 470 (dörd yüz yetmiş) manat məbləğində tutularaq yetkinlik yaşına çatmayan X5 və X1 məqsədilə İddiaçı ödənilməlidir. Bildirir ki, iddiaçı tərəfindən Mediasiya haqqında qanunun tələbinə uyğun olaraq cavabdeh tərəfə müvafiq mediasiya təklifi ünvanlanmış, həmin təklifə cavabdeh tərəf qəbul etmədiyini bəyan etmiş, daha sonra sənədlər mediasiya şurasına ünvanlanmış, həmin təklifə cavabdeh tərəf qəbul etmədiyini bəyan etmiş, daha sonra sənədlər mediasiya şurasına ünvanlanmış və cavabdeh bu səfər də təyin edilmiş mediasiyanın ilkin sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mediasiya Şurasının mediatoru Gültəkin Məmmədova tərəfindən 09 fevral 2024-cü il tarixli MŞB/18/202400112 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)- 3259/2013 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, X7 ilə İddiaçı arasında 04 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayında qeydə alınmış və 2742 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 13 iyun 2008-ci ildə anadan olmuş X5 və 14 oktyabr 2010-cu il təvəllüdlü X6 cavabdeh İddiaçı himayəsində saxlanılması, 13 iyun 2008-ci ildə anadan olmuş X5 və 14 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək iddiaçı X2, 16 avqust 2013-cü il tarixdən hesablanaraq hər ay, iki uşağa görə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi qədər aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi, iddiaçıdan 30 manat dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Hökümət ödəniş portalı və ya AsanPay vasitəsilə 50 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 10 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3033/2020 nömrəli, qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 13 iyun 2008-ci il təvəllüdlü X3 və 14 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3033/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 13 iyun 2008-ci il təvəllüdlü X3 və 14 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 60 (atmış) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1608/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1608/2024
15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver