Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1613/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizüli qızının katibliyi ilə, İddiaçı Səməd oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Səməd oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səməd oğlu cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-1770 nömrə ilə qeyd edilən kredit müqaviləsinə əsasən, Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pul və ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı Səməd oğluna ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-1770 nömrə ilə qeyd edilən kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, “Borc verən” “Borc alana” 300.000 manat (üç yüz min manat) məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, “Borc alan” krediti xx.xx.2023-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.” Həmin müqavilənin 3-cü maddəsinə əsasən, “Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.” Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, xx.xx.2023- cü il tarixədək 300.000 manat pulun iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə cavabdehə çatmış, lakin onun tərəfindən pulun ödənilməsi ilə bağlı hər-hansı hərəkət edilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” tərəf - İddiaçı Səməd oğlu, “Borc alan” tərəf - Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, “Borc verən” tərəf“ Borc alan” tərəfə 300.000 manat (üç yüz min) məbləğində pul borc verməyi, “Borc alan” xx.xx.2023-cü il tarixədək borcunu ödəməyi öhdəsinə götürmüşdür. 02 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pul və ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı Səməd oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində pul və ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı Səməd oğluna ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1613/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1613/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver