Məhkəmə qərarları › İş №e-2(004)-1632/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1632/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1632/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə onunla cavabdeh X2 arasında bağlamış icarə müqaviləsinə müddətin bitdiyinə görə xitam verilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında baxılarkən xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia tələbində cavabdeh kimi qeyd olunan X1 Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti əvəzləşdirilməsi və iddia tələblərinin əsl cavabdehə yönəldilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən, X2 əsl cavabdeh olan Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə araşdırması zamanı, iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək cavabdeh X1 əsl Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz olunması və Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyətinin «AZEMİS» elektron məhkəmə informasiya sistemi çıxarışına əsasən hüquqi ünvanının ünvan 1 ilə mülki işin aidiyyət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlinərək 2(011)-646/2024 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işə baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün iş materialları apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilmiş, daha sonra iş uzrə iddiacının ərizəsi əsasında cavabdeh X2 əsl Cavabdeh MMC ilə əvəz olunmuş və əsl cavabdehin hüquqi ünvanının Yasamal rayon ərazisi olması əsası ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, iddiaçı MPM-nin 35.2-ci maddəsinə əsasən cavabdehin olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, iş materialları ilə müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət növü mal-qara bazarının icarəyə verilməsindən ibarətdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh MMC (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət növü sementin pərakəndə satışından ibarətdir. Belə olan halda, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından, məhkəmə hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göründüyü kimi məhkəmə tərəfindən ilk növbədə işin məhkəmə aidiyyəti müzakirə olunmalı olduğu halda, həmin hala qiymət verilmədən, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etdiyindən və məhkəmə tərəfindən də, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edildiyindən, məhkəmə sonradan mulki işin MPM-nin 44.2.2, 45.1-ci maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 31, 44, 45, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materialları işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar