Məhkəmə qərarları › İş №e-2(004)-1640/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1640/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1640/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən həmin mənzil üzərində iddiaçının istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin dəyəri hər kvadratmetr üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat iddiaçı tərəfindən bir dəfəyə ödənilmiş və o, mənzil üzərində pay hüququ əldə etmişdir. Mənzilin dəyəri tam ödənildiyi üçün cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlandıqdan sonra qeyd edilən mənzil iddiaçıya təqdim olunmuş, onun tərəfindən mənzilin giriş qapısına dəmir qapı qoyularaq mənzilin qapısı kilidlənmişdir. Binada gedən təmir işləri ilə əlaqədar mənzilin giriş qapısının açarının bir nüsxəsi binanın komendantına verilmişdir. xx.xx.2020ci il tarixli 167003 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında qanuniləşdirilir. Artıq binada inşa işləri demək olar ki, yekunlaşdığından, mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya təhvil verilməsi və mənzildə təmir-tikinti işlərini həyata keçirərək mənzili təmir etmək üçün iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh hər-hansı bir səbəb olmadan mənzilin müaqvilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verməsini dolayısı ilə yubadaraq, mənzildə təmir işlərinin aparılmasına maneəçilik yaradır. Mənzilin təmir işlərinin gecikdirilməsi, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına, layiqli həyat şəraitinin təmin olunmasına maneə yaradır. Bu səbəbdən cavabdehin hərəkətlərinə son qoyulması, iddiaçıya məxsus, hazırda onun istifadə və sahibliyində olan mənzildə təmir işlərinin aparılması üçün yaranmış maneələrin aradan qaldırılması və mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya təhvil verilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib. iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı (payçı) İddiaçı ilə cavabdeh (icraçı) "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin dəyəri hər kv.m sahəsi üçün 1000 manat olmaqla, ümumilikdə 140900 manat müəyyən edilmiş, payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən və tikinti işləri başa çatdıqdan sonra mənzilin icraçı tərəfindən payçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.3-cü bəndinə və cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini cavabdeh "xxxx" MMC-yə tam ödəmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti başa çatdıqdan sonra cavabdeh mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən təhvil-təslim hər iki tərəfin imzası ilə təsdiqləndiyi akt əsasında qanunlaşdırılır. Müqavilənin 8.3-cü bəndinə əsasən təhvil-təslim vaxtı çatışmazlıqlar, cavabdeh tərəfindən müəyyənləşdirilmiş akta əsasən aradan qaldırılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə tədqiq edilmiş sübutlarla tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməsi və mənzilin dəyərinin ödənilməsi, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və mənzilin iddiaçıya təhvil verilməməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.9 kv.m olan, 3 otaqdan ibarət 167 nömrəli mənzilin İddiaçı faktiki sahibliyinə və istifadəsinə (tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 167003 nömrəli müqavilədə göstərilən şərtlərlə) verilməsi vəzifəsi qoyulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar