Məhkəmə qərarları › İş №e-2(004)-165/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-165/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-165/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Rzayev Vaqif Əyyub oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 549,29 manat əsas borc, 172,77 manat faiz borcu olmaqla, cəmi 722,06 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Rzayev Vaqif Əyyub oğlu "xxxx" ASCnin Müştəri Xidməti Departamenti ilə bağladığı 301-xx.xx.2016-SM65 saylı, xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 7000 manat məbləğində pul vəsaiti götürmüşdür. Rzayev Vaqif Əyyub oğlu xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Rzayev Vaqif Əyyub oğlunun miras əmlakına dair onun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Arvadı- Cavabdeh2, oğlu-Cavabdeh1, qızı-Cavabdeh3 qanuni vərəsə kimi tanınmışlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Rzayev Vaqif Əyyub oğlunun banka ödənilməmiş qalan 549.29 manat əsas borcu, öldüyü tarixə kimi hesablanmış 172.77 manat faiz borcu olmaqla, cəmi 722.06 manat borcu vardır. Cavabdehlər qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iş üzrə zaminlik müqaviləsi olsa da, zaminlik müqaviləsinin müddəti keçdiyindən zamini cavabdeh kimi qoya bilmirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, mərhum atası bankdan pulu zaminlə birgə götürüb. Pulu iş yoldaşı olan zaminə verib. O da pulu geri ödəməyib. Zamin işə cəlb edilməli və pul ondan tələb edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli **********82 saylı məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil xx.xx.2019-cu il tarixli, 2V-38 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”yə əsasən Rzayev Vaqif Əyyub oğluna məxsus olmuş, onun ölümündən sonra xx.xx.2019-cu il tarixli, 2V-39, 2V-40, 2V-41 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə, xx.xx.2019-cu il tarixli, 3M-37, 3M-38 reyestr nömrəli “Miras payın bağışlama müqaviləsi”nə əsasən xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Miras payın (mənzilin) bağışlanması haqqında xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə dair miras paylarını Cavabdeh2 bağışlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Rzayev Vaqif Əyyub oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, onun ölümündən sonra ondan miras qalmış əmlak tam olaraq arvadı hazırkı iş üzrə Cavabdeh2 mülkiyyətinə keçdiyindən iddia ona aid hissədə təmin olunmalı, digər cavabdehlərə aid hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 549,29 manat əsas, 172,77 manat faiz borcu olmaqla, cəmi 722,06 (yeddi yüz iyirmi iki manat altı qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar