Məhkəmə qərarları › İş №e-2(004)-1682/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1682/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1682/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1690 manat əsas məbləğ və ödənilmiş 37 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi, Hundai Sonata markalı, **-DV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 65 manat olmaq şərtiylə (ümumi 1690), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, ödənilməli olan 1690 manat pul məbləği ödəniməmiş saxlanılmışdır. Sözü gedən borc məbləğinin qaytarılmasının təmin edilməsi üçün cavabdehə dəfələrlə müraciət etsələr də, cavabdeh hər dəfə borcun ödənilməsindən yayınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iddia ərizəsinə əlavə olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 145 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan (etibarnamə ilə istifadəsində olan) ** DV *** dövlət nömrə nişanlı Hyundai Sonata markalı avtomaşını 1 sutkası üçün 65 manat olmaqla, toplam 1690 manata xx.xx.2022-ci il tarixdə saat 12:15-dən xx.xx.2022-ci il tarixə saat 12:15-dək icarədarın müvəqqəti istifadəsinə verir, icarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürür. 14 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh ** DV *** dövlət nömrə nişanlı Hyundai Sonata markalı avtomaşını 14 noyabr 2022-ci il tarixdə saat 12:15-də təhvil almışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx"nin istifadəsində olan Hyundai Sonata markalı, **-DV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, 145 saylı icarə müqaviləsinə əsasən Cavabdeh günlük 65 manat – ümumi 1690 manat olmaq şərti ilə icarəyə verilmişdir. X1 tərəfindən 1690 manat pul məbləği ödənilməmiş saxlanılmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" tərəfindən Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır, iddiaçı öz öhdəliklərini yerinə yetirərək icarə obyektini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. Cavabdehin həmin müqavilə üzrə iddiaçıya 1690 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, müqavilə üzrə əsas borc cavabdehdən alınmaqla yanaşı, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 145 nömrəli icarə müqaviləsi üzrə 1690 (bir min altı yüz doxsan) manat məbləğində pul və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu kimi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar