Məhkəmə qərarları › İş №e-2(004)-1692/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1692/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1692/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644-2022 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 42 faiz dərəcəsi ilə 24 ay müddətinə 665 (altı yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən cavabdeh götürdüyü 665 manat (altı yüz altmış beş) manat məbləğində əsas borcdan 375.21 (üç yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 228.10 (iki yüz iyirmi səkkiz manat on qəpik) manat ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 52.69 (əlli iki manat,altmış doqquz qəpik) manat ödəniş etmişdir.Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 289,79 (iki yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas, 164,67 (yüz altmış dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 454,46 (dörd yüz əlli dörd manat qırx altı qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 289,79 (iki yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas, 164,67 (yüz altmış dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 454,46 (dörd yüz əlli dörd manat qırx altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644-2022 nömrəli Kredit müqaviləsinə əsasən müəyyən edilir ki, cavabdehə illik 42 faiz dərəcəsi ilə 24 ay müddətinə 665 (altı yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə “Borcverən” müəyyənləşdirilmiş məbləği “Borcalan”a ödəməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644- 2022 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 289,79 (iki yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas, 164,67 (yüz altmış dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 454,46 (dörd yüz əlli dörd manat qırx altı qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644- 2022 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 42 faiz dərəcəsi ilə 24 ay müddətinə 665 (altı yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən cavabdeh götürdüyü 665 manat (altı yüz altmış beş) manat məbləğində əsas borcdan 375.21 (üç yüz yetmiş beş manat iyirmi bir qəpik) manat məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 228.10 (iki yüz iyirmi səkkiz manat on qəpik) manat ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 52.69 (əlli iki manat,altmış doqquz qəpik) manat ödəniş etmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 289,79 (iki yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat əsas, 164,67 (yüz altmış dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 454,46 (dörd yüz əlli dörd manat qırx altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644-2022 nömrəli kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 421 (müqavilənin ləğvinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BO0014644-2022 nömrəli kredit müqaviləsinin şərtləri və MM-in 421, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 302 (üç yüz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul » tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 302 (üç yüz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar