Məhkəmə qərarları › İş №e-2(004)-1742/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1742/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1742/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehlərdən müştərək qaydada 11.957,79 manat məbləğində əsas borc və 5.258,86 manat faiz borcu olmaqla, cəmi 17.216,65 manat borcun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 142,05 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 15.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh3 arasında 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli və Cavabdeh1 arasında 29 iyul 2019 il tariхli, 109842-738584/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 08 fevral 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 11957,79 manat məbləğində əsas bоrcu və 5258,86 manat faiz borcu оlmaqla, ümumilikdə 17216,65 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi elektron kabinetdən məhkəməyə ərizə ilə müraciət edərək iş çoxluğu ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və gəlməməsi səbəbinin üzrlü hesab edilərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə sms bildirişlərin çatdırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, kredit borcu ilə bağlı müəyyən ödənişlər etmiş, lakin faiz borcu düzgün hesablanmamışdır. Ona görə məhkəmədən ona hesablanmış faiz və cərimə məbləğlərinin silinməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, o, Cavabdeh2 tərəfindən aldadılaraq onun tərəfindən götürülən borca görə zamin durmuşdur. Göstərilən səbəbdən ona münasibətdə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, əsas borclu Cavabdeh2 onun dayısıdır, dayısı tərəfindən götürülən borca görə bacısı Elnarə zamin durmuşdur. Hesab edir ki, bank tərəfindən faiz borcları düzgün hesablanmamışdır, ona görə də iş üzrə ekspertiza təyin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin cavabdeh və onun nümayəndəsi sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və buna dair üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh2 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 15.000 manat kredit vermişdir. -Cavabdeh3 ilə "xxxx" ASC arasında 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuşdur. -Cavabdeh1 ilə "xxxx" ASC arasında 29 iyul 2019 il tariхli, 109842-738584/1/2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 zamin durmuşdur. -08 fevral 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 11957,79 manat əsas borc, 5258,86 manat faiz borcu olmaqla, ümumilikdə 17216,65 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə gecikmə 719 gün təşkil edir. - Məhkəmənin qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7265 saylı ekspert rəyindən müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29 iyul 2019 il tariхli, 109842-738584/1 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 08 fevral 2022-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 11.957,79 manat əsas borc, 3.725,58 manat faiz borcu olmaqla, cəmi 15.683,37 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasəm ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəyə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəyə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7265 saylı ekspert rəyini iş üzrə digər sübutlarla birgə tədqiq edib hesab edir ki, ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində əsas borcun 11.957,79 manat və faiz borcunun 5.258,86 manat göstərilməsinə baxmayaraq, ekspert rəyi ilə müəyyən edilmişdir ki, əsas borc üzrə 11.957,79 manat, və faiz borcu üzrə 3.725,58 manat olmaqla, cəmi 15.683,37 manat təşkil edir. Lakin iddiaçının nümayəndəsi tərəfindən rəyə dair münasibət bildirilməmiş və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə bu halı cavabdehin xeyrinə həll etməklə əsas borc məbləğini iddia tələbi həcmində, yəni 11.957,79 manat, faiz borc məbləğini isə xx.xx.2022-ci il tarixli 9/7265 saylı ekspert rəyində göstərilən həcmdə, yəni 3.725,58 manat qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 11.957,79 manat əsas borc, 3.725,58 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi cavabdehlərin vəsatətinə əsasən məhkəmə tərəfindən təyin edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, MPM-nin 117.1-ci maddəsinə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat cavabdehlərə aid edilməklə onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismin təmin edildiyindən iddia tərəfindən ödənilmiş 142,05 manat dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissəsi, yəni 138 manatı cavadehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11.957,79 manat əsas borc, 3.725,58 manat faiz borcu olmaqla, cəmi 15.683,37 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11.957,79 manat əsas borc, 3.725,58 manat faiz borcu olmaqla, cəmi 15.683,37 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar