Məhkəmə qərarları › İş №e-2(004)-1743/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1743/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1743/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş 5925 manat məbləğində zərərin və 79,25 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2017, BAN 025127, rəngi ağ olan avtomobil Cavabdeh icarəyə verilmişdir. İddiaçı MMC ilə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən Cavabdeh arasında xx.xx.2021-ci il tarixində “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının 29 ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və avtomaşın onun istifadəsinə təqdim edilmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobildə idarəetməni itirmiş və baş vermiş yol-nəqliyyat hadisəsiində avtomaşına 5925 manat ziyan dəymişdir. İddiaçı MMC tərəfindən uzun müddət və dəfələrlə Cavabdeh müraciət edilərək vurduğu zərərin əvəzinin ödənilməsi tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə öhdəlikləri ötürən X6 və “öhdəlikləri qəbul edən İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli CAR-1309 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, "Azevrocar” MMC öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2017-ci il tarixli. CAR-1309 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən "xxxx" MMC qarşısında götürdüyü öhdəlikləri öhdəlikləri qəbul edənə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Azevrocar” MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2017, BAN 025127, rəngi ağ olan avtomobil 29 ay müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 “Azevrocar MMC" ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017 il tarixli CAR-1309 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd Ravon Nexia R3 markalı, **-PJ-*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 980110 seriyalı, 2017 il buraxılışlı, ban №025127, mühərrik № 0284, AĞ rəngli) avtomaşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materaillarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X5 həmin tarixdə, saat 13:22 radələrində tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci i tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 5925 manat miqdarında hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 9/2952 saylı ekspert rəyinə əsasən, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 5469 manat məbləğində müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı MMC-yə məxsusdur. X5 xx.xx.2021-ci il tarixdə, saat 13:22 radələrində İddiaçı MMC-yə məxsus olan “Ravon Nexia R3” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə etdiyi zaman idarəetməni itirərək, yol-nəqliyyat hadisəsi törətmiş və həmin avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 9/2952 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, avtomobilin təmir-bərpa xərcinin məbləği 5469 manat miqdarında hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 5469 manat məbləğində pul və 79,25 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 5469 (beş min dörd yüz altmış doqquz) manat maddi zərər və 79,25 (yetmiş doqquz manat 25 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X2 tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar