Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-176/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı X6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 42.673.310 manatın (qırx üç milyon iki yüz altmış üç min üç yüz on AZN) və 8.500.000 ABŞ Dolları (səkkiz milyon beş yüz min USD) ekvivalentinə bərəbər pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi kursla tutularaq X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət dost münasibətində olmuşlar. Bu dövrdə cavabdeh yeni şirkətlər alır, işlər quraraq öz biznesini inkişaf etdirirdi. Bu zaman lazım gəldiyində, iddiaçı dəfələrlə cavabdehə qısa müddətli borc pul vermişdir. Cavabdehin eyni zamanda iddiaçıdan aldığı borc pullarla üçüncü şəxslərdən satın aldığı şirkətlərin iştirak paylarının, daşınmaz əmlakların müəyyən hissəsinin iddiaçının adına keçirəcəyi, habelə iddiaçıdan aldığı borc pullarla əldə edəcəyi qazancları iddiaçı ilə bölüşəcəyi barədə verdiyi vədlər, iddiaçının ona sonsuz inanmasına səbəb olmuşdur. Zamanla iddiaçının cavabdehə olan etibarı o qədər inkişaf etmişdir ki, bir çox hallarda külli miqdarda borc vəsaitlərinin verilməsi yazılı müqavilələr bağlanmadan, rəsmi sənədlər tərtib edilmədən həyata keçirilmişdir. Beləliklə, 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş 8.500.000 ABŞ Dolları və 42.673.310 manat məbləğində pul vəsaiti bu günə qədər qaytarılmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh etibarını qazanaraq küllü miqdarda pullarını alıb qaytarmadığı şəxs təkcə iddiaçı deyilmiş. Cavabdeh bu yolla əsassız varlanmış, yığdığı sərvətləri qohumaqrabasının adına rəsmiləşdirərək onların əsas hissəsini xarici ölkələrə çıxarmışdır. Cavabdeh belə əməllərinə görə 2021-ci ilin əvvəlində cinayət hüquqi məsuliyyətə cəlb olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı xx.xx.2022-ci il tarixli 1(101)-1571/2022 №-li hökmlə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məruz qaldığı ziyanın ödənilməsi üçün iddiaçı ibtidai istintaq orqanına müraciət etmiş, cinayət işi üzrə icraatın yekunlaşmasını gözləmişdir. Lakin hazırkı iddiada göstərilən hallar Hökmdə dolayısı ilə öz təsdiqini tapsa da, onlara hüquqi qiymət verilməmiş və cavabdehin ittihamına salınmamışdır. Ona görə də iddiaçı yalnız cinayət işi üzrə icraat qurtardıqdan sonra mülki icraat qaydasında hazırkı iddianı qaldımışdır. İddiaçı tərəfindən pul vəsaitləri cavabdehə aşağıdakı qaydada verilmişdir: 1. 2010-cu ildə “X51” QSC-nin (armatur istehsalı zavodu) səhmlərinin (iştirak payının) xarici səhmdarlardan alınması cavabdehə keçmiş “AtaBank”ın qarşısında 7.500.000 (yeddi milyon beş yüz min) ABŞ dolları məbləğində valyuta vəsaitini iddiaçı şəxsən cavabdehə nağd şəkildə vermişdir. Həmin məbləğ “X51” QSC-nin 25% səhminin satın alınması üçün ödənilirdi. Həmin 7.500.000 ABŞ dolları vəsaiti İddiaçı özünün rəhbərlik etdiyi şirkətlər vasitəsilə Bankdan götürdüyü kredit hesabına cavabdehə vermiş, sonradan krediti şəxsi vəsaiti ilə bağlamışdır. 2. 2011-ci ildə cavabdeh keçmiş “Araz” kinoteatrının binasını satın almağı və iddiaçı ilə ortaq biznes qurmağı təklif etmiş, satın alınan binanı öz atası Hikmət Məmmədovun adına rəsmiləşdirməyə iddiaçını razı salmışdır. Binanın alınmasına, yenidən qurulmasına, avadanlıqlarla təchiz edilməsinə və sair xərclərə görə iddiaçı müxtəlif tarixlərdə nağd şəkilində ümümilikdə 26.500.000 (iyirmi altı milyon beş yüz min) manat cavabdehə pul vermişdir. Lakin cavabdeh həmin binanı iddiaçının xəbəri olmadan sonradan başqa şəxslərə sataraq pulunu da özünüküləşdirmişdir. 3. Cavabdeh rəhbəri olduğu “X55 and Foundry Company” MMC üçün Sumqayıt şəhərində X7 tikdirməyə başlayanda pulunun çatmadığını bildirərək yenə də iddiaçıdan 2017-2018-ci illərdə ayrıayrı vaxtlarda ümumilkdə 4.600.000 (dörd milyon altı yüz min) manat məbləğində borc pul almışdır. Cavabdeh bu halda da iddiaçını inandırmışdır ki, zavodun gəlirindən ilk olaraq borcu qaytaracaq və qazancdan ona pay verəcəkdir. Lakin bu günə qədər nə borc qismində verilmiş məbləğ qaytarılmış, nə də vəd edilən qazancdan pay verilmişdir. 4. 2010-2020-ci illər ərzində fərqli tarixlərdə cavabdehin xahişi ilə onun şəxsi biznesində nağd vəsaitə yaranan ehtiyaclarını ödəmək üçün iddiaçı ümumilikdə 1.000.000 ABŞ Dolları və 11.572.310 manat cavabdehə borc vermişdir. Nəticədə, cavabdeh yalan vədlər verərək iddiaçıdan aldatm yolu ilə aldığı və əsassız varlanmasının predmeti olan pulun məbləği 8.500.000 ABŞ Dolları və 43.263.310 manat (hazırkı məzənnə ilə ümumilikdə 57.122.310 manat) məbləğindən ibarət olmuşdur. Yuxarıda göstərilən hallar siyahısı məhkəməyə təqdim olunacaq şahidlərin ifadələri ilə də öz təsdiqini tapır.
3. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
İİ.Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər kifayət qədər böyük məbləğlərdir və onlar bu məbləğləri yalnızca şahid ifadələri ilə sübut etməyə çalışdılar. Burada konkret olaraq Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən konkret sübutlar təqdim olunmadı. İddiaçı tərəf qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borclar qaytarılmamasına baxmayaraq, Yusif Hənifəzadə yenə də dəfələrlə cavabdehə borclar vermişdir. Yəni, bu ağlabatan deyildir. Eyni zamanda Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Bu imperativ normadır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanun göstərir ki, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”. Yəni məhkəmə obyektivliyin təmin edilməsi məqsədi ilə şahidləri dindirdi, lakin bu hallar qanunvericiliyə əsasən şahid ifadələri ilə təsdiq oluna bilməz. Onlar elə düşünürlər ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən pul məbləğlərinin mənbəyini sübut edə bilməmişdir. İkincisi, iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilə bilməmişdir. Üçüncüsü, onlar hər bir halda hesab edirlər ki, iddia müddəti ötmüşdür.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,2 m2 qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli, 296 nömrəli sərəncamına əsasən İslam Səfərli 3 ünvanında X9 məxsus üç mərtəbəli və zirzəmi qeyri-yaşayış sahələri birləşdirilmiş hesab edilmiş, vətəndaş X8 mülkiyyətində olan İslam Səfərli küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 1508,8 m2 olduğunun təsdiq edilmiş, mövcud sərəncam əsasında vətəndaş X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış və texniki pasport verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən xahiş edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 936,9 m2 qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətindədir.
10. Azərbaycan Respublikası Dövlət Təhlükəsizli Xidmətinin İstintaq Baş İdarəsinin idarə rəisi müavini Elgün Süleymanov tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli ittiham aktına əsasən Cavabdeh 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaq, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək, ona etibar edilmiş xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmaqda ittiham olunmuşdur.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-3799/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, dövlət reyestrində X2 “Metas-R” (VÖEN: **********), “RHMFİNANCE” Bank Olmayan Kredit Təşkilatı (VÖEN: **********), “HH Steel” (VÖEN: **********) və “NV Construction” (VÖEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətlərin təsisçisi olması barədə məlumat mövcuddur. Reyestrdə X2 hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. X2 təsisçisi olduğu “Metas-R”, “RHMFİNANCE” Bank Olmayan Kredit Təşkilatı, “HH Steel” və “NV Construction” adlı məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən təqdim olunan bəyannamələrdə dövriyyənin əks etdirilmədiyi müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir.
13. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Hənifə-zad Yusif Məmmədhənifə oğlunun adına "xxxx" ASC-də xx.xx.2024-cü il tarixinə heç bir kredit və depozit hesabı mövcud deyildir.
14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC-nin əməliyyat sistemində X3 adına açılmış kredit və depozit hesablarına dair məlumatlar aşkar edilməmişdir.
15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, X3 adına Bank "xxxx" ASC-də xx.xx.2022-ci il tarixindən bank hesabı bağlanmışdır və heç bir qalıq mövcud deyildir.
16. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC-nin əməliyyat sistemində X3 və Cavabdeh adına açılmış kredit və depozit hesablarına dair məlumatlar aşkar edilməmişdir.
17. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-də sözügedən qərardadda qeyd edilmiş Cavabdeh məxsus bank hesabında 1112,48 ABŞ dolları və X4 məxsus bank hesabına 16,83 manat məbləğində vəsait mövcuddur.
18. "xxxx" MMC-nin 04 noyabr 2024-cü il tarixli, 11/01 nömrəli arayışına əsasən müəyyən olunur ki, X5 "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışıb və 2019-cu il ərzində əmək haqqı məbləği 2019-cu ilin yanvar, fevral, mart, aprel, may aylarında 11800 manat, iyun ayında 25000 manat, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında isə 64800 manat olmuşdu.
19. Əmanətlərin Sığortalanması Fondunun 04 noyabr 2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan QSC “Bank Standard” KBda sözügedən qərardadda qeyd edilmiş Cavabdeh məxsus bank hesabnda 29,31 manat məbləğində vəsait mövcuddur. X4 məxsus hər hansı bank hesabı aşkar edilməmişdir.
20. Məhkəmə iclasında şahid qismində dindirilən X34 ifadəsində bildirmişdir ki, o, Cavabdeh məxsus “X55” zavodunda çalışmışdır. Həmin zavodda direktor müavini vəzifəsində işləyirdi. İddiaçı və cavabdehlə olan söhbətlərində o, dəfələrdə eşitmişdir ki, keçmiş ”Araz” kinoteatrının binası Yusif tərəfindən alınıb və təmir edilib. O təzəlikcə öyrənmişdir ki, həmin bina cavabdehin atasının adına rəsmiləşdirilib. Amma o həmişə elə bilmişdir ki, ”Araz” kinoteatrı Yusifə məxsusdur. O həmin zavodda 2019-cu ildən 2020-ci ilin ortalarına qədər işləmişdir. Yusif həmin zavodda işləməyib, onun fəaliyyəti “X52” QSC ilə əlaqədar olub. “X52” QSC də “X55” zavodundan mal alırdı, həm də “X55” zavodu cavabdeh tərəfindən inşa edilib deyə onlar mütəmadi olaraq görüşüb müzakirələr aparmışlar. O, ”Araz” kinoteatrının alqı-satqısında, sənədləşdirilməsində iştirak etməmişdir, lakin eşitmişdir. Rasim müəllim elə olurdu ki, onunla zavodla əlaqədar olmayan, yəni kənar məsələləri müzakirə edirdi. Məsələn, bir dəfə Rasim müəllim onunla danışanda demişdi ki, Yusif “Araz” kinoteatrını alıb və təmir edəcək. Rasimin maddi durumuyla bağlı elə bir məlumatı yoxdur, lakin gördüyü qədəri ilə deyə bilər ki, maddi vəziyyəti yaxşı idi. 2012-ci il tarixində o, təcrübəçi kimi “X52” QSC-də işləmişdir, həm Yusif müəllimlə, həm də Rasim müəllimlə münasibətləri olub. Elə o vaxtlarda da Rasim müəllim deyirdi ki, Yusif müəllim ”Araz” kinoteatrını alıb. O ilk olaraq Rasim müəllimi tanımışdır. Yusif müəllimin konkret fəaliyyəti ilə bağlı məlumatı olmayıb. Yusiflə Rasim arasında dost, şərik münasibətləri olmuşdur. Onu “X55” zavodunda direktor müavini kimi həmin zavodun direktoru olan Hənifəzadə Hənifə, yəni Yusif müəllimin oğlu təyin etmişdir. Yusif müəllimin oğlu Hənifə ilə onun əvvəldən, məktəb, universitet vaxtından tanışlığı olmuşdur. O, onu özü iş üçün dəvət etmişdir. Onun Yusif müəllimin gəlirləri, maddi durumu ilə bağlı məlumatı olmayıb.
21. Məhkəmə iclasında şahid qismində dindirilən X35 ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisi oğludur. Yusifi isə zavodda işləyəndə tanımışdır. 2009-cu ildə o, “X52” QSC-də işləmişdir. Yusifi ona Rasim tanıtmışdır. Onlar üçü olanda Rasim deyib ki, “Araz” kinoteatrını Yusif almışdır, yəni onun puluna alınıb. Bu söhbət təxmini 2013-cü ildə olmuşdur. “Araz” kinoteatrının dəqiq kimin adına olması ilə bağlı sənədi o görməmişdir. Rasim 2009-cu ildə onu yanına çağırmış və demişdir ki, “X52” QSC-ni onlar işlədəcəklər, sən də gəl orada işlə. 2009-cu ildən etibarən o orada müxtəlif vəzifələrdə işləmiş, 2015-ci ildə onu direktorun İ müavin təyin etmiş, 2016-cı ilin mart ayında da onu şərləyərək işdən çıxartdırmışdır. O, həmin vaxtdan etibarən Rasimlə əlaqə saxlamamışdır. 2016-cı ildə o, işdən kənarlaşdırılandan sonra onun nə Yusiflə, nə də Rasimlə əlaqəsi olmuşdur. O, “Araz” kinoteatrını kiminsə almasını, kiminsə adına alınmasını görməmişdir. Yəni, ona bununla bağlı sənəd və s. göstərilməyib. Onun orada işlədiyi dövrdə Yusif zavoda gedibgəlirdi, lakin onun dəqiq hansı işlə məşğul olduğunu bilmirdi. Yusifin adına hər hansısa bir şirkət var idi, yoxsa yox onu bilmir. Amma bilirdi ki,onun maddi durumu yaxşıdır. O, orada işləyən vaxtlarda müxtəlif iclaslar keçirilirdi. Həmin iclaslarda Yusif də iştirak edirdi. O, Yusifin kimlərinsə adına kredit götürüb Rasimə verməsi ilə bağlı məlumatları eşitmişdir. Yusif iclaslarda Rasimin şəriki kimi iştirak edirdi. Rasim Yusifə şirkətin işləri üçün pul tapılması ilə bağlı müraciətlər edirdi. Yəni, maliyyə sıxıntıları olanda Rasim Yusifə deyirdi. Gəlirlərinin necə bölüşdürülməsi ilə bağlı isə məlumatı olmamışdır. O, Yusif tərəfindən Rasimə pul verildiyini görməmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, 2000-ci ildə Rasimlə, 2008-ci ildə isə Yusiflə tanış olmuşlar. Onun həm Yusiflə, həm də Rasimlə yaxın dostluq münasibətləri olmuşdur. “Araz” kinoteatrı ilə bağlı onu deyə bilər ki, Yusif və Rasim həmin kinoteatrı birlikdə almışdılar, yəni ikisi də pul qoymuşdular, lakin onun bildiyi qədəri ilə xərclərin çoxunu Yusif çəkmişdir. Onun həmin kinoteatrın kimin adına alınması ilə bağlı məlumatı yox idi, lakin sonra 2019-cu ildə ona məlum olmuşdur ki, Rasim oranı öz atasının adına keçirib. O, kinoteatrın alınmasında, ona pul qoyulmasında iştirak etməmişdir, sadəcə onların danışdıqlarından eşitmişdir. Rasimlə yaxın münasibətləri olub, onlar bir yerdə işləmişlər. Rasimin də, Yusifin də maddi vəziyyəti yaxşı olmuşdur. Rasimin şirkətlərindən birinin rəhbəri o olmuşdur. Yusifin də öz şirkətləri olmuşdur. Yusiflə Rasim arasında hər hansısa bir borc münasibətlərinin olması ilə bağlı məlumatı yoxdur. Onun direktoru olduğu şirkətin hər hansısa bir maddi sıxıntısı yox idi. Kinoteatra nə qədər xərc çəkilməsi ilə bağlı məlumat yoxdur, amma böyük məbləğ olmuşdur. “Araz” kinoteatrı alınanda tamamilə köhnə vəziyyətdə idi. Sonra isə sıfırdan təmir edilmiş, təmir işləri 1 ildən çox çəkmişdi. Təmir işləri bitdikdən sonra fəaliyyətə başlamış, lakin sonra qısa müddətdə öz fəaliyyətini dayandırmışdır. Fəaliyyətdə olduğu dövrdə gəlirlərin necə bölüşdürülməsi ilə bağlı onda məlumat yoxdur. Kinoteatr 2012-ci ildə alınmışdır. Təmir edildikdən sonra 1 il ərzində fəaliyyətini dayandırmışdır. Rasimin atası Hikmət Məmmədovu 1-2 dəfə görmüşdür. Atası şirkətin fəaliyyətində heç bir formada iştirak etməmişdir.
23. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, o, Yusiflə şərik olmuşdur. Rasimi isə “X52” QSC-dən tanımışdır. Orada işləmişdir. Onların Yusiflə rəsmi şərikliyi olmayıb, lakin uzun müddət birlikdə işləmişlər. Yusiflə aralarında borc münasibətləri olub. Yusifə dəfələrlə nağd qaydada borc vermişdir. Sonra isə həmin borclar Rasim tərəfindən ona geri ödənilib. “Araz” kinoteatrının tikilməsi ilə bağlı yox, amma alınması ilə bağlı məlumatı olmuşdur. X29 birlikdə almışlar. Yusif hətta ondan həmin kinoteatrın alınması üçün iki milyon manata yaxın pul götürmüşdü. Ondan kinoteatrın alınması üçün götürdüyü iki milyon manata yaxın pulu daha sonra ona hissə-hissə qaytarmışdı. O, şirkət adından yox, şəxsən öz adından Yusifə pul vermiş, Yusifin adına şirkət olması ilə bağlı məlumatı xatırlamır. O, fərdi sahibkar kimi fəaliyyət göstərirdi. 2000ci ildən 2008-ci ilədək Yusiflə şərik olmuşlar. 2008-ci ildən isə o, “X52” QSC-yə işləmək üçün getmişdir. İl yarıma yaxın həmin “X52” QSC-də işləmişdir. O, tez-tez Yusifə borc verirdi. Hətta elə olub ki, Rasimə də borc vermişdir. O, kinoteatrın alınması prosesini görməmişdir, həmin prosesdə iştirak etməmişdir. Verdiyi borcların qeydiyyatını aparmamışdır. Yusifin maddi vəziyyəti çox yaxşı idi. Yusifin maddi vəziyyəti çox yaxşı olsa da, biznes məsələləri ilə bağlı ondan borc alırdı.
24. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Yusifi 2007-ci ildən tanımışdır. Rasimin işçisi olmuşdur. O, Rasimi Yusifin vasitəsilə tanımışdır. 2008-ci ildə Yusifin iş kimi təklif etdiyi “X52” QSC-nin nəzdindəki şirkətə maliyyəçi kimi rəhbərlik etməyə başladı. Həmin vaxt da o şirkətdə direktor yox idi. O, həmin vaxtı hələ də Rasimi tanımırdı. Amma Rasim ora gəlib-gedirdi. O da Yusifdən onun kim olduğunu soruşduqda Yusif demişdir ki, Rasim həm onun şəriki, həm də dostudur. O, bir az orada işlədikdən sonra ona demişlər ki, “X52” QSC-ni xaricilər satırlar, onlar alacaqlar. O, həmin arada işdən çıxmaq istəmiş, lakin Rasimin qardaşı Süleyman ona demişdir ki, “sən işdən çıxma, o, Rasimlə danışıb. O da yaxşı maaş verdikləri üçün işdə qalmışdır. Artıq bütün gəlirlər, xərclər onun nəzarətində idi. “X52” QSC şirkəti çox ağır, xərc tələb edən şirkət olmuşdur. Ona görə də onlar şirkətin adından kredit alırdılar, onu “X52” QSC-yə verirdi ki, ora öz fəaliyyətini davam etdirə bilsin. Yusifdən dəfələrlə borc almışlar. Biznesdə istifadə etmək üçün Yusifdən iyirmi milyon manata yaxın pul almışlar. Pulu nağd formada alırdılar. Yusif üç milyon yeddi yüz minə yaxın pul vermişdi. “X55” zavodunun tikildiyi vaxtlarda Yusif tərəfindən dörd milyon altı yüz min manat pul verilmişdi. Sonuncu dəfə Yusif tərəfindən 2019-cu ilin dekabrında verilmiş üç milyon altı yüz min manat pul Yusifə geri qaytarılmamışdır. Yusif həmin o qaytarılmayan pulu məcburi tələb etmirdi, çünki bilirdi ki, iş getdiyi üçün pul olduğu təqdirdə həmin borc ona geri qaytarılacaqdır. Daha sonra Yusif tərəfindən Qazaxıstandakı biznesə pul qoymaq məqsədilə yeddi milyon yeddi yüz səksən üç min manat nağd pul məbləğində borc verilmişdir. Yusifin bu pulları kimdənsə alıb verməsi və yaxud öz şəxsi hesabına verməsi ilə bağlı məlumatı yoxdur. “Araz” kinoteatrı ilə bağlı onu deyə bilər ki, Yusif demişdir ki, həmin kinoteatrı o alıb. Amma sonra üzə çıxdı ki, kinoteatr Yusifin adına deyilmiş. Yusif tərəfindən borc zavoda verilirdi. Yusifin şirkətə o qədər pulu verməsi bununla izah olunur ki, yəni Yusiflə Rasim arasında biznes münasibətləri olmuş, onlar şərik olmuşlar. Şirkətlərin xərcləri ilə müqayisədə gəlirləri daha çox olmuşdur. Şirkətin gəlirlərinin hamısı Rasimə çatırdı. Yusifə isə o gəlirlərdən heç nə çatmırdı.
25. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, 2008-ci ildən o, Cavabdeh məxsus “Vortləks” şirkətində həm satıcı, həm də kassir kimi işləmişdir. Həmin zavodun işləməsində hər ikisinin əməyi olmuşdur. Həmin vaxtlar ərzində Yusif müəllim zavoda köməklik məqsədilə müəyyən vəsaitlər gətirirdi. Zavodun fəaliyyətində müəyyən sıxıntılar olanda, işçilərin məvaciblərinin ödənilməsində sıxıntılar olanda Yusif tərəfindən maddi yardım edilirdi. Müəyyən məbləğlər olurdu ki, geri qaytarılırdı, elə məbləğlər də olurdu ki, qaytarılmadan borc kimi qalırdı. O, işlədiyi dövrdə Yusifə üç milyon yeddi yüz min manatadək borc qalmışdır. Həmin zavodun alınmasında da Yusifin vəsaiti böyük rol oynamışdır. Yusif tərəfindən yeddi milyon beş yüz min ABŞ dolları “Vortləks” şirkətinin ofisinə verilmişdir. Eyni zamanda Sumqayıtdakı zavodun tikintisində də Yusifin maddi köməklikləri olmuşdur. Pullar Yusif tərəfindən nağd formada verilmişdir. O, kassir olduğu üçün daxil olan və çıxan pulları görmüşdür. Müəyyən vaxtlarda vaxtaşırı pullar daxil olmuşdur. Zavodun tikintisində yeddi milyon beş yüz min ABŞ dolları daxil olmuşdu. Üç milyon altı yüz min manata qədər digər borcları yaranmışdır. Yusif müəllim bu borcları tələb edirdi. Verilən borclar demək olar ki, qaytarılmırdı, üst-üstə yığılırdı. Ən böyük borc Yusif müəllim tərəfindən zavodun alışı zamanı verilmiş və məbləği yeddi milyon beş yüz min ABŞ dolları olmuşdur. Onlar həmin məbləği saymışlar və zavoda təhvil vermişlər. Rasim tərəfindən də bir neçə dəfə pul qoyulmuşdur, lakin pulun məbləğini xatırlamır. Çünki elə külli miqdarda bir məbləğ Rasim tərəfindən qoyulmayıb. Rasimin qoyduğu pullar kassadan keçməyib. O, şirkətin hesabında nə qədər pul olduğunu görmürdü, onun uçotunu Mübariz müəllim aparırdı. Yeddi milyon beş yüz min ABŞ dolları Yusif tərəfindən nağd formada təqdim edilib. O, ilk olaraq Yusifi tanımışdır. Təxmini olaraq 2004-cü ildən tanımışdır. Daha sonra 2008-ci ildən “X51” şirkətində işləmişdir. Yusif pulu gətirəndə kassaya vermişdir. O, Yusif tərəfindən Rasimə əlbəəl nağd formada pul verildiyini görməmişdir. Yusif tərəfindən yeddi milyon beş yüz min ABŞ dolları onların kassasına təqdim edilmişdi, onlar o məbləği kassada saymış, daha sonra isə zavodun ofisinə təhvil vermişdilər. Yusif borcun qaytarılması ilə bağlı ona heç nə demirdi, o orada adi işçiydi. Yəqin ki, borcun qaytarılması ilə bağlı Rasimə, Mübarizə deyirdi. Həmin yeddi milyon beş yüz min ABŞ dolları Yusif tərəfindən şirkətə verilən pul idi.
26. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində bildirmişdir ki, o, həm Yusifi, həm də Rasimi tanıyır. O, 2005-ci ildən 2021-ci ilə qədər Yusifin yanında işləmişdir və onun sürücüsü olmuşdur. 2021-ci ildən sonra isə Yusiflə heç bir əlaqəsi olmayıb. Yusiflə Rasim 2008-2009-cu illərdə tanış olublar. Yusiflə Rasim dost olmuş, yaxın münasibətləri olmuşdur. 2017-ci ildə tikinti gedən vaxtlarda o, Rasimin işçiləri olan Mübariz və Samirin işçilərinə dörd milyondan yuxarı pul aparıb vermişdir. Bu pul birdəfəlik şəkildə yox, hissə-hissə verilmişdir. Bu pul tikinti məqsədilə verilirdi, o, Rasimin işçilərinə verirdi, onlar da Rasimə çatdırırdılar. Rasimin maddi durumu çox yaxşı idi. O, Yusifin tapşırığı ilə pulu aparıb çatdırmışdır. Onun 2021-ci ildən etibarən öz şəxsi işi olduğu üçün artıq Yusiflə işləmir. Amma Yusiflə arasında hər hansısa bir problem yoxdur, münasibətləri indi də yaxşıdır. X31 münasibətləri yaxşı idi, lakin son vaxtları artıq münasibətləri pozulmağa başlamışdı. Rasimin Yusifə borcu olmasına baxmayaraq, Rasim borc istəyəndə Yusif ona pul verirdi. O, pulu heç vaxt Rasimin özünə verməmişdir. Onun işçilərinə vermişdir, işçilər də pulu Rasimə çatdırmışlar.
27. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, o həm Yusifi, həm də Rasimi tanıyır. Rasimi 1990-cı illərdən, Yusifi isə 1995-ci ildən tanıyır. Rasimlə Yusif isə bir-birlərini 2007-ci ildən tanıyıblar. O, “X51” QSC şirkətində maliyyə direktoru kimi işləmişdir. Bütün maliyyə nəzarəti onun əlində olmuşdur. O, Yusif tərəfindən külli miqdarda Rasimə pul verildiyini görmüşdür. Rasim tərəfindən Yusifə həmin borcların qaytarılıb-qaytarılmadığını bilmir. Çünki o, şirkət daxilində olan maliyyə məsələlərini bilirdi, onların öz aralarında olan pul məsələləri ilə bağlı məlumatı yox idi. “Araz” kinoteatrını onlar birlikdə almışdılar. Rasimin atasının adına alınmışdır. Amma Yusif deyirdi ki, pulunu o vermişdir. Rasimin “X51” QSC-də payı olmamışdır. O, orada Müşahidə Şurasının sədri olmuşdur. Onların heç birinin payları olmamışdır. 2010-ci ildən 2021-ci ilə qədər Yusif tərəfindən pul verilirdi. Rasim həm öz şəxsi məsrəfləri, həm də şirkətin məsrəfləri üçün Yusifdən pul alırdı. O, Yusifə dəfələrlə demişdi ki, Rasimə borc verməsin, Rasim o borcları ona geri qaytara bilməyəcək. Yusif də deyirdi ki, zavodun işləməsi üçün o bu borcları verməlidir. Rasimin maliyyə imkanları yaxşı deyildi. Onun da barəsində cinayət işi gedib, lakin sonra həmin cinayət işinə xitam verilmişdir. Rasimin çoxlu borcları var idi, həmin borcların otuz beş milyon manat ola hissəsi Yusifə aid idi, yəni Yusif tərəfindən verilmişdi. Zavodun əlli üç milyon manat krediti var idi. Əsas borclar 2015-ci ildən sonra yaranmışdır.
28. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə elə bir münasibəti olmayıb. 2011-ci ildə Yusif onu yanında işləmək üçün çağırmış və ona demişdir ki, “Araz” kinoteatrının binasını satın almışdır, oranı təmir edib biznes qurmaq istəyir. Yəni ona təmir işləri gedən zaman bu işlərə nəzarət etməyi tapşırmışdı. Təmir işləri bitəndən sonra Yusif Rasimi ona şəriki kimi təqdim etmiş və Rasim etdi ki, orada ətriyyat, aksessuar satışı ilə bağlı mağaza açılmasını təklif etmişdir. Orada böyük bir mağaza açılmış, Yusif onu həmin mağazaya direktor təyin etmişdir. Sonra o, “Araz” kinoteatrının çıxarışında gördü ki, orada Hikmət Məmmədovun adı yazılmışdır. O, Yusifdən maraqlandı ki, kinoteatrı alan odur, bəs niyə çıxarışda Hikmət Məmmədovun adı yazılıb, o kimdir. Yusif də ona dedi ki, Hikmət Rasimin atasıdır və çıxarışda formal olaraq atasının adı yazılıb. Kinoteatrın sənədləri onda idi deyə, o, həmin çıxarışı görmüşdü. Yusif kinoteatra tez-tez baş çəkirdi, lakin Rasim çox gec-gec oraya gəlirdi. Yusifi hamı, bütün işçilər çox yaxşı, xeyirxah bir insan kimi tanıyırdılar. X54 aldatdı, Yusifin qoyduğu bütün vəsait batdı. Rasim cinayət işi ilə əlaqədar tutulandan sonra həmin kinoteatr onun atasının adına olduğu üçün onu Rasimin əlindən aldılar. Çıxarışın niyə Rasimin atasının adına olması ilə bağlı məlumatı yoxdur, yəqin ki, həmin vaxtda onların arasında hər hansısa bir danışıq, razılaşma olmuşdur. Tikinti işləri ilə bağlı vəsait əvvəldən-axıra qədər Yusif tərəfindən qoyulmuşdur. Ətriyyat mağazası Yusifin vəsaiti hesabına açılmışdır, sadəcə onu açılması təklifini Rasim irəli sürmüşdü. Yusif kinoteatra iyirmi iki milyon vəsait qoyub. Kinoteatr alınanda çox pis vəziyyətdə olmuşdur, o əminlikdə deyə bilər ki, qoyulan vəsait Yusifin özünün olmuşdur. 2019-cu ildə obyekt bağlananda kinoteatr ilə bağlı sənədləri o Yusifə vermişdi. Obyektin tikintisi 2011-ci ildə başlanmış, 2017-2018-ci illərə qədər davam etmişdir.
29. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır, Rasimi isə sadəcə üzdən görmüşdür. Onun işlədiyi şirkət “Araz” kinoteatrında tikinti konstruksiya işləri ilə məşğul olmuşdur. O, baş usta olmuşdur. Orada işləyəndə o, Yusifi rəhbər kimi tanıyırdı. O, Cavabdeh tanımamışdır. Onlar orda 3-4 ay işlər görmüşlər, həmin vaxtlarda hər ay Yusif gəlib kinoteatra baş çəkmişdir. Yusif tərəfindən onlara pul verilməyib, yəni o, birbaşa olaraq Yusifdən pul almamışdır. Orada Mahmud müəllim var idi, pulu ona verirdilər. O elə təxmin edir ki, pul Yusif tərəfindən qoyulurdu. “Araz” kinoteatrı ilə bağlı hər hansısa bir sənəd görməmişdir. Onlar usta kimi işləyəndə Mahmud müəllimə tabe idilər. Aralarında rəsmi şəkildə müqavilə bağlanmamışdı. Onun Mahmud müəllimdən eşitdiyinə görə kinoteatr Yusifin idi. Çünki Yusif tez-tez kinoteatra gəlib baş çəkirdi. Ayda 3 dəfə o, Yusifi kinoteatrda görürdü. O, 1 ildən az müddətə orada işləmişdi.
30. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində bildirmişdir ki, o Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. Yusifin onun əmisioğlu ilə dostluq münasibətləri var idi. Əmimoğlu ona dedi ki, onun dostu Yusif “Araz” kinoteatrını alıb və orada təmir işləri görülməlidir. O da usta kimi kinoteatra gedib işləmişdi. Usta kimi pulu Hacıyev Rasimdən alırdı, bəzən Yusif də vermişdir. O, Cavabdeh tanımır, onunla ünsiyyəti olmayıb, sadəcə adını eşitmişdir. O, Cavabdeh heç kinoteatra gələn görməmişdir. Oraya ancaq Yusif gəlmişdir. Kinoteatrın rəhbəri kimi onlar Yusifi bilmişlər. Onun kinoteatra nə qədər vəsait qoyulması ilə bağlı məlumatı yoxdur.
31. Məhkəmə iclasında şahid qismində dindirilən X36 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. O, “Araz” kinoteatrında usta kimi işləmişdir. Usta kimi işləyən vaxtlarda onlara pul Yusif tərəfindən verilirdi. Yusif Knyaza verirdi, onlar da Knyazdan götürürdü. Onların rəhbəri Knyaz olmuşdur. O orada rəhbər kimi Yusif müəllimi tanıyırdı. Cavabdeh o, kinoteatrda heç görməmişdir. 1 ildən çox müddətə o orada usta kimi işləmişdir. Hər gün səhərdən-axşama kimi orada işləyirdilər.
32. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, o, Yusifi tanıyır. Rasimlə isə tanışlığı olmayıb. “Araz” kinoteatrında proyekti onun şirkəti edib. Oranın mebel hissəsini onlar etmişlər. X50 Qafarov tanış edib. Kinoteatrın arxitektoru Zaur Qafarov olmuşdur. Layihələndirməni onlar etməmişlər. Rəhbər kimi Yusifi tanımışlar. Ödənişləri onlara həm Yusif, həm də Rasim Hacıyev etmişdir. İşlədiyi müddətdə o, kinoteatrda Cavabdeh görməmişdir. Onlar ancaq orada mebel işləriylə məşğul olmuşlar. Onlara verilən çertyojda obyektin adı və arxitektorun adı qeyd edilmişdir. Orada nə Yusifin, nə də ki Rasimin adı qeyd edilmişdir. Orada görülən işlərin məbləği hissə-hissə, qrafikə uyğun olaraq ödənilib. Müqavilə şirkətlər arasında olmayıb, fiziki şəxs Rasim Hacıyevlə onlar şirkət arasında daxili müqavilə olmuşdur. Onlar oranın mülkiyyətçisi ilə maraqlanmamışlar. 2014-cü ildə onların orada işləri başlayıb, 2015-ci ildə isə müəyyən səbəblərə görə orada iş dayanmışdır. Bir də 2018-ci ildə iş qaldığı yerdən davam etmişdir. Elə 2018-ci ildə də orada açılış olmuşdur. Onlar ümumilikdə bir milyon manata yaxın ödəniş edilib. Kinoteatrın açılış günündə o da iştirak etmişdir. Açılış günündə orada Rasim Hacıyev var idi, sonra isə sonlara yaxın Yusif gəlmişdi. O, Cavabdeh ancaq mətbuatdan tanımışdır.
33. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, o həm iddiaçını, həm də cavabdehi tanıyır. O 2000-ci ildə Hənifə O 2000-ci ildə Hənifəzadə Yusifin “Bakcell” distribüteri açdığı şirkətdə mühasib kimi işləmişdir və əmək haqqısı onu qane etmədiyi üçün əlavə iş axtarırdı. 2006-cı ildə Rasimin olduğu şirkətdə onu iş təklif olunmuşdur. O, əmək haqqının daha yüksək olduğunu görərək iş yerini dəyişmişdir. Amma Yusiflə olan münasibətlərini olduğu kimi qalmışdı. Yusif ona demişdi ki, “sən əgər iş yerindən narazı qalsan, geri əvvəlki iş yerinə qayıda bilərsən”. 2007-ci ildə o, Rasimin açdığı “X53” məktəbində baş mühasib kimi işləməyə başlamış və əlavə olaraq Yusifin açdığı diller şirkətdə işləmişdir. Həmin vaxtda o elə düşündü ki, Yusiflə Rasimi birləşdirsə, bu yolla da onun əmək haqqısı bəlkə qalxar. Yusifə Rasim adında bir biznesmen olduğunu, onunla tanış etməyi təklif etmişdir. Yəni o onları tanış edənə qədər Yusiflə Rasim bir-birlərini tanımamışlar. Onları ilk dəfə o tanış etmişdir. Yusif məktəbə gələrək orada Rasimlə tanış olmuşdur. Rasim Yusifin 2 oğlunu təmannasız şəkildə həmin məktəbdə oxutdurmuşdu. Rasim müəllimin maddi imkanı Yusifdən daha yaxşı olmuşdur. Rasimin çoxlu şirkətləri, maşınları var idi. Rasimin geniş biznesləri olmuşdur. Onun məktəbdə baş mühasib işlədiyi dövrlərdə Rasim onun 1 qızını da orada təmannasız oxutmuşdur. O, Yusiflə Rasimi tanış etdikdən sonra onlar özləri bir-birləriylə əlaqə saxlamışları. Sonra o bilmişdir ki, Rasim “X51” QSC-yə rəhbərlik edir, Yusif də orada satış mərkəzinə nəzarət edirdi. O, Yusifin Rasimə borc verdiyini görməmişdir, düzdür onlar birnesmen idilər, aralarında biznes münasibətləri var idi, lakin Rasim Yusifdən borc alacağını düşünmür. Çünki əksinə Rasimin imkanı Yusifdən daha yaxşı idi və Rasim özü insanlara müxtəlif maddi yardımlar göstərirdi. Yusif Rasimlə işləyəndən sonra onun vəziyyəti düzəlmişdir. Yusiflə Rasimi tanış etmək onun təşəbbüsü olmuşdur. Onun fikrincə, Yusiflə Rasimi tanış etmək Yusifin daha çox xeyrinə olmuşdur. Çünki Rasimin maddi vəziyyəti yaxşı olmuşdur. Yusif ona onu Rasimlə tanış etdiyi üçün minnətdarlıq edirdi. Üstündən bir müddət keçəndən sonra onu məktəbdən çıxarmışlar.Onu məktəbdən çıxarandan sonra o, Yusifin ofisinə qayıtmış, 2 ildən sonra isə Rasimin sözü ilə Yusif onu limana işləmək üçün göndərmiş, o, limanda bir müddət işləmişdir. Sonra isə ümumiyyətlə işdən çıxarılmışdır. Onu işdən çıxarma səbəbini isə bilmir. “Araz” kinoteatrı ilə bağlı 2021ci ildə onun Rasimin ailə üzvlərinə məxsus olması ilə bağlı sənədi görmüşdür. Həmin vaxtı bir şirkətin borcu var idi və həmin obyekt orada girov olmuşdur. Problemlər başlayandan sonra bank krediti qaytarmağı tələb etmişdir, girov da bu bina olduğu üçün sənədləşməni hazırlamışdır, həmin vaxt o “Araz” kinoteatrının Rasimin ailə üzvünə məxsus olduğu görmüşdür. Sonra “Araz” kinoteatrı satılmış və borc bağlanılmışdır. “Araz” kinoteatrının alınması ilə bağlı isə məlumatı yoxdur. “X51” şirkətinin fəaliyyəti ilə bağlı onun məlumatı yoxdur. O eşitmişdir ki, Yusiflə Rasim arasında şəriklik münasibətləri vardır, lakin onların aralarında borc münasibətlərinin olub-olmaması ilə bağlı onun məlumatı yoxdur.
34. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
37. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı və cavabdeh 2009-cu ildən dostluq və şəriklik münasibətlərində olmuşlar. İddiaçı 2010-2019cu illər ərzində cavabdehə borc qismində ümumilikdə 8.500.000 ABŞ Dolları və 42.673.310 manat məbləğində pul vəsaiti verildiyini, cavabdehin isə həmin pul vəsaitlərini qaytarmadığını iddia edir.
42. İddiaçı cavabdehə verilən pul məbləğlərin borc kimi verildiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı yazılı müqavilə təqdim edə bilməmişdir.
43. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
48. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
49. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X19 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
51. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
52. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X21 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
53. Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Onu da qeyd etməyi vacib sayıram ki, Rusiya Mülki Prosessual Məcəlləsindən fərqli olaraq (67.3-cü maddə), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (88-ci maddə) məhkəmənin sübutları hansı meyarlar əsasında qiymətləndirməsi nəzərdə tutulmamışdır. Ona görə də bu məsələyə xüsusi diqqət yetirməyi özümə borc bilirəm. Çünki iş üzrə qəbul ediləcək məhkəmə aktının birinci növbədə yuxarıda qeyd edilən konstitusiya tələblərinə cavab verməsi, sübutların qiymətləndirilməsi meyarlarından və onlara əməl olunmasından asılıdır. Məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi.Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun.
54. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2010-2019-cu illər ərzində cavabdehə 8.500.000 ABŞ Dolları və 42.673.310 manat məbləğində pulun verilməsini təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı cavabdehə 8.500.000 ABŞ Dolları və 42.673.310 manat məbləğində pulun verilməsini şahidlərin ifadəsi ilə əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər iddiaçı ilə cavabdehin dostluq və şərik münasibətində olduğunu bildirmişlər və heç bir şahid iddiaçı tərəfindən cavabdehə 8.500.000 ABŞ dolları və 42.673.310 manat məbləğində pulun verilməsini gördüklərini təsdiq edə bilməmişdir.
55. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
57. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
59. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
60. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
62. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
63. İddiaçı iddia ərizəsində 2010-cu ildən başlayaraq cavabdehə müxtəlif məbləğlərdə vəsait verdiyini iddia etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 illik iddia müddətini ötürmüşdür. İddiaçı pul məbləğlərinin konkret hansı tarixdə verilməsi ilə bağlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində də sonuncu dəfə 2019-cu il tarixdə verildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2019-cu il tarixdən etibarən əsassız varlanma ilə bağlı 2 illik iddia müddəti ötdüyündən iddia təmin oluna bilməz.
64. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
65. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil