Məhkəmə qərarları › İş №e-2(004)-1773/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1773/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1773/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 347,16 manat abunə haqqı vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 527,56 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə 04.01.2018-ci il tarixdə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş Yasamal rayonu 32 saylı MKİS tərəfindən verilmiş 10.03.2021-ci il tarixli, 277 №-li arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın icra edildiyi mənzilin sahibidir və həmin ünvanda qeydiyyatdadır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 17.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ev 2, mənzil 14-də yaşamış Maxmud Əliadə adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan 18.08.2006cı ildə şəbəkəyə qoşulmuş, 01.06.2017-ci ilədək son ödənişi edib və 18.10.2017-ci ildə 46 manat borcla şəbəkədən ayrılmışdır. 03.09.2020-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 8214 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qapını açan olmadığından aktın surəti qapıya qoyulmuşdur. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvan şəbəkədən ayrıldığı 18.10.2017-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 03.09.2020-ci ilədək olan müddət 1052 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 347.16 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, məktub qəbul edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “hüquqi xidmətlərin göstərilməsinə dair” 04.01.2018-ci il tarixli müqavilənin 4.1-ci bəndinə, “Sifarişçi” bu müqaviləyə uyğun olaraq, “İcraçı”ya 150 (yüz əlli) manat məbləğində pul ödəyir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Məhkəmə iclasında iddiaçının nümayədəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq nümayəndə bildirmişdir ki, iddiaçı analoq yayımını və rəqəmsal yayımını həyata keçirir. Rəqəmsal yayımında abunə xidmətinin vaxtı gəldikdə yayım avtomatik olaraq dayanır, analoq yayımında isə nəzarətçilər tərəfindən hər ay ödənişə nəzarət edilir və ödəniş olmadıqda abunəçi xətdən ayırılır. Cavabdehin yaşadığı binada hansı yayımın həyata keçirilməsindən məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, cavabdeh 2017-cı il tarixədək iddiaçının televiziya yayımı xidmətlərindən istifadə etmişdir. Lakin sonradan "xxxx" MMC (keçmiş "xxxx" MMC) şirkəti ilə müqavilə bağlayaraq şirkətin əvvəlcə yalnız internet xidmətlərindən istifadə etmişdir. Belə ki, internetə qoşulmaqla bütün televiziya verilişlərinə baxmaq olar. Lakin sonradan əlavə olaraq mənzildə yerləşən iki televizor üçün yayım xidmətlərindən istifadə etmişdir. 2017-ci ildən həmin şirkətin xidmətlərindən daimi olaraq istifadə edir və iddiaçının xidmətlərinə zərurət yoxdur. Cavabdehin gəlini özü də həmin şirkətin işçisi olduğundan ona güzəştli şərtlərlə həmin şirkətin xidmətlərindən istifadə etmək imkanı yaradılmışdır. Binanın damından köhnə kabelin asılaraq qalması və onun mənzilinin pilləkan meydançasında yerləşən iddiaçıya məxsus ötürücü qutuya qoşulması iddiaçının işçilərinin səhvidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş videodiskə baxış keçirilmişdir. Videogörüntülərdən cavabdehə məxsus mənzilin eyvanına binanın damından gələn kabelin qoşulması müəyyən olunmuşdur. Bundan əlavə cavabdehə məxsus mənzilə həmin mənzilin pilləkan meydançasında iddiaçı tərəfindən quraşdırılmış ötürücü qutudan gələn kabelin birləşdirilməsi də müəyyən edilmişdir. Ötürücü qutudan gələn bütün kabellərin (digər mənzillərə də məxsus kabellər də daxil olmaqla) üzərində abunə kodları göstərilmiş birkaların (sticker) olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, adi kabelin deyil, üzərində abunə kodu olan kabelin cavabdehin mənzilinə qoşulması kabelin cavabdehə məxsus mənzilə cavabdeh tərəfindən deyil məhz iddiaçının işçilərinin səhlənkarlığı nəticəsində qoşulmasını təsdiq edir. Bundan əlavə iddiaçı binanın damından gələn kabelin məhz iddiaçıya məxsus antenə qoşulmasını, həmin kabelin işləməsini və onun vasitəsi ilə televiziya yayımından istifadə edilə bilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abunə müqaviləsinə 30.10.2017-ci il tarixli 1 saylı qoşmadan müəyyən olunur ki, "xxxx" MMC ilə abunəçi Əlizadə Nərmin arasında şirkətin internet və İPTV xidmətlərindən istifadəyə dair müqavilə bağlanmışdır. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh 09.06.2017-ci il tarixdən hal-hazıradək Citynet” MMC-nin internet və televiziya yayımı xidmətlərindən fasiləsiz oalarq istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilinin iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulması təsdiq edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar