Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-178/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X4 MMC-dən müştərək qaydada 5465 manat məbləğində pulun və 75 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X4 MMC-dən müştərək qaydada 4900 manat məbləğində pulun və 70 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 MMC-yə məxsus olan Toyota LC 200 markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh2 tərəfindən idarə olunarkən 07 aprel 2024-cü il tarixində onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar DYP əməkdaşları tərəfindən tərtib edilmiş protokoldan və qəbul edilmiş qərardan görünür ki, hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisənin baş verdiyi tarixdən sonra avtomobilinə dəymiş ziyan aradan qaldırılmamışdır. Avtomobilinə vurulmuş zərərin məbləği (qüsur aktına əsasən) işçilik haqqı ilə birlikdə 5465 manat təşkil edir. Əlavə olaraq hadisə baş verdiyi tarixdən sonra maşının mülkiyyətçisi olan təşkilata müraciət edib avtomobilin icbari sığortasının olmadığını, varsa, sığorta şəhadətnaməsinin surətini təqdim etmələrini xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə verilmişdir. DYP əməkdaşları tərəfindən tərtib edilmiş protokoldan və qəbul edilmiş qərardan görünür ki, hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Nəqliyyat vasitəsi qanuni əsasla digər şəxsin sahibliyində olduğundan həmin şəxs dəymiş ziyanı ödəməlidir. Müvafiq yolnəqliyyat hadisəsi ilə bağlı Cavabdeh1 MMC və ya onun əməkdaşları inzibati məsuliyyətə cəlb edilməmişlər. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Maddi ziyanın məbləği ilə razı deyil. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixində, saat 12:00-da İ.Səfərli küçəsi ilə S.Rəhimov küçələrinin kəsişməsində “Toyota LC 200” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialalrında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixində, saat 12:00-da İ.Səfərli küçəsi ilə S.Rəhimov küçələrinin kəsişməsində “Toyota LC 200” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh1 MMC-yə məxsus olan “Toyota LC 200” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X3, Cavabdeh2 (Sürücülük vəsiqəsi: AC 570020, DİN BDYPİ Qİİ/3 saylı ASAN X.M. xx.xx.2019-cu il tarixində verilmişdir), X2 verilmişdir. Etibarnamənin xx.xx.2024-cü il tarixədək qüvvədə olması qeyd edilmişdir. İş materiallarında olan AC 570020 nömrəli Azərbaycan Respublikası Sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh2 sürücülük vəsiqəsi DİN BDYPİ Qİİ/3 saylı ASAN X.M. tərəfindən xx.xx.2019-cu il tarixində verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 5465 manat müəyyən olunmuşdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli 9/7810 nömrəli ekspert rəyinə əsasən iş materiallarında xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlarına əsasən Babək prospektində yerləşən Kebra avtomobil ehtiyat hissələrinin satışı bazarında (mağazasında) olan qiymətlər nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 4915 manat müəyyən edilmişdir: dəyişilməli hissələrin qiyməti-3415 manat; təmir-bərpa işlərinin qiyməti-1500 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4344 manat müəyyən edilir: dəyişilməli hissələrin qiyməti-2844 manat; təmir-bərpa işlərinin qiyməti-1500 manat. Ekspertiza tətqiqatının dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 12:00-da İ.Səfərli küçəsi ilə S.Rəhimov küçələrinin kəsişməsində Cavabdeh1 MMC-nin mülkiyyətində olan və etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi “Toyota LC 200” markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olan “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixində, saat 12:00-da İ.Səfərli küçəsi ilə S.Rəhimov küçələrinin kəsişməsində “Toyota LC 200” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə həmçinin “Toyota LC 200” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 MMC-yə aid hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi Cavabdeh1 MMC tərəfindən sürücülük hüququ olan Cavabdeh2 verilmiş etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. Bu baxımdan “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər də yalnızca yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan sürücüdən tələb edilməlidir. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli 9/7810 nömrəli ekspert rəyinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Kebra avtomobil ehtiyat hissələrinin satışı bazarında (mağazasında) olan qiymətlər nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Ford Fusion” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4344 manat məbləğində müəyyən edilmiş hissəsini əsas götürərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin 4344 manat məbləğində Cavabdeh2 tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, dəymiş zərərin məbləği mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli 9/7810 nömrəli ekspert rəyindəki avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilmiş təmir-bərpa xərci əsas götürülməklə müəyyən edilməli və iddia qismən təmin edilərək, Cavabdeh2 4344 (dörd min üç yüz qırx dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 (altmış iki) manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 8 (səkkiz) manat (70-62=8) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərə görə 4344 (dörd min üç yüz qırx dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 (altmış iki) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 8 (səkkiz) manat (70-62=8) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-178/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-178/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver