Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1797/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1539,56 manat əsas, 177,79 manat faiz, 405,12 manat cərimə, 6,60 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3,40 manat poçt xərci, cəmi 2132,47 manat kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə 1400 manat məbləğində kredit kartı limiti ayırmışdır. Müqavilə ilə limitin aşması, yəni limitdən artıq istifadə nəzərdə tutulmuş və cavabdeh limitdən artıq kreditdən istifadə etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə borcalana kredit verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun ümumilikdə 2132,47 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh əsas borcu etiraf edərək maliyyə problemləri ilə əlaqədar krediti vaxtında ödəyə bilmədiyini, lakin cərimə borcunun düzgün hesablanmadığını, cərimə borcunun olmadığını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, kreditora ümumi ödənilməmiş 1539,56 manat əsas, 177,79 manat faiz borcunun, 6,60 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3,40 manat poçt xərcinin cavabdehdən tutulması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə 405,12 manat məbləğində cərimə borcunun tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, Cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, həmçinin cavabdehin maddi vəziyyətini, eyni zamanda kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 153 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 26,50 manat hissəsi cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh “X2 Azərbaycan” ASC-nin xeyrinə 1539,56 manat əsas, 177,79 manat faiz, 153 manat cərimə, 6,60 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3,40 manat poçt xərci, cəmi 1880,35 (min səkkiz yüz səksən manat otuz beş qəpik) manat kredit borcu və 26,50 (iyirmi altı manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1797/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1797/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver