Məhkəmə qərarları › İş №e-2(004)-1807/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1807/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1807/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 179,40 manat məbləğində vurulmuş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 309,8 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. 158 saylı MKİS tərəfindən verilmiş 06.12.2018-ci il tarixli, 487 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məh 501, 12 saylı evin, 9 nömrəli mənzili qanunsuz qoşulma icra edilən zaman sahibi cavabdeh olmuşdur. 17.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası K@TV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 19.10.2006-cı il tarixdən təmin edilmişdir. Adıçəkilən arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məh 501, 12 saylı evin, 9 nömrəli mənzilinin sahibi Cavabdeh ilə “AG Telekom" MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır. 17.11.2021-ci il tarixli digər arayışdan görünür ki, 2307 K saylı akt tərtib olunanadək ünvan 1 ünvanında yerləşən yaşayış binasındakı 9 nömrəli mənzilə sonuncu dəfə 2010-cu il tarixdə baxış keçirilmişdir. 22.02.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0455 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Akt tərtib edildikdən sonra mənzil sakini mənzilin qapısını bağladığından akt qapıya qoyulmuşdur. Eyni zamanda baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Beləliklə qanunsuz qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil etmişdir. Həmin ünvana sonuncu baxış keçirildiyi 04.07.2010-cu ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 22.02.2012-ci ilədək müddət 598 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablanmaqla 179,40 manat təşkil etmişdir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, cavabdeh tərəfindən məktub qəbul edilməsinə baxmayaraq bugunə kimi maddi ziyan iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etdi ki, o yalnızca “ATV+” xidmətlərindən istifadə edir. “K@TV1” kabel televiziyasının xidmətlərindən istifadə etməmiş və kabel şəbəkəsinə qanunsuz qoşulmamışdır. Bu səbəbdən də izahatına iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş 17.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası K@TV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 19.10.2006-cı il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır. İş materiallarında olan 17.11.2021-ci il tarixli arayışdan görünür ki, 0455 K saylı akt tərtib olunana qədər ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilə sonuncu dəfə 04.07.2010-cu il tarixdə baxış keçirilmişdir. Belə ki, iddiaçının iddiasına əsasən 22.02.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məh 501, 12 saylı evin, 9 nömrəli mənzildə kabel şəbəkəsinə keçirilən baxış zamanı həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0455 K saylı akt tərtib edilmişdir. Belə ki, iddiaçı qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məh 501, 12 saylı evin, 9 nömrəli mənzilinin sahibi Cavabdeh ilə “AG Telekom" MMC arasında hər hansı müqavilə münasibətləri olmamasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 0455 K saylı, 22.02.2012-ci il tarixli aktdan görünür ki, həmin akt tərtib edilərkən mənzil sahibinin iştirakı təmin edilməmiş, habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sonuncu aktın 22.02.2012-ci il tarixdə tərtib edilməsinə bağmayaraq 10 il ərzində aktla bağlı cavabdehdən pul istənilməmiş və 10 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Bu da aktın doğruluğuna şübhə yaratmaqdadır. Aktın surətinin qapıya qoyulması məhkəmə tərəfindən yetərli tədbir kimi qiymətləndirilmir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Bundan əlavə qeyd edilən hallara dair təqdim edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış binasının K@TV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 19.10.2006-cı il tarixdən təmin edilməsi barədə 17.11.2021-ci il tarixli arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0455K saylı, 22.02.2012-ci il tarixli akt elə iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Habelə iş materiallarına əlavə edilmiş video görüntüdən də həmin çəkilişin hansı ünvanda, hansı tarixdə, kim tərəfindən aparıldığını və kabel xəttinə qanunsuz qoşulmanın kim tərəfindən və hansı vaxtdan olub-olmaması faktını və bu kimi digər mühüm əhəmiyyət kəsb edən digər halları müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Bu baxımdan cavabdehin iddiaçıya hər hansı maddi ziyan vurması faktı sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar